Biləsuvar, qəhrəmanlar diyarı... - Fuad Biləsuvarlı yazır

02/04/2024 - 13:09

 

      Biləsuvar torpağının sakinləri  həmişə mərdliyi, qorxmazlığı, çevikliyi ilə seçilməyi bacarıblar. Vətənimizin çətin günlərində, ağır durumlarında mənfur düşmənlərimizdən torpaqlarımızı Biləsuvar torpağının   gənc oğulları xilas elədi. Heç vaxt onu unuda bilmərik. Unudanların da damarından Azərbaycan, türk millətininin qanı axmır.
İstər birinci Qarabağ müharibəsində, istərsə də ikinci Qarabağ müharibəsində rayonumuzun gənc igidləri qanlarıyla adlarını Vətən  tarixinin yaddaşına yazdılar. Özlərini vətənin ürəyində bir dağ kimi ucaltdılar. Həqiqətən də Vətən onlara şücatlərinə, nümunəvi qəhrəmanlıqlarına  görə oğul dedi. Azad Qarabağımızda üçrəngli bayrağımız dalğanırsa, insanlar orda rahat gəzə bilirsə, ona görə biz qəhrəmanlarımıza, qazilərimizə borcluyuq. İgidlərimizdən, şəhidlərimizdən nə qədər yazsaq da yenə də azdır. Çünki onlara borcumuzu ödəməklə bitən deyil. Onların vətənə sevgisi, yurda, torpağa məhəbbəti bir dünyaya sığası sevgi, məhəbbət deyil. Qəhrəmanlarımızın sayəsində bu günləri başımızı dik tuta bilirik, alnı açıq, üzü ağ gəzirik. Zəfərimizin səbəbkarları sizlərsiniz əziz qəhrəmanlarımız! Hər biriniz Mübariz İbrahimovun davamçılarısınız, o sizi ardıyca apardı. Yadıma gəlir İkinci Qarabağ müharibəsində nə qədər könüllü vuruşmağa getmək istəyən gənclər var idi ki, Biləsuvar rayon, Hərbi komissarlığının qarşısında dayanmışdılar. Hamısının bir məqsədi, bir məramı var idi. Tələsirdilər ki, torpaqlarımızı mənfur düşmənlərimizin, yağıların tapdaqları altından, əsarətindən xilas etsinlər. Vallah, o gənclərin içində elələri də var idi ki, heç onların üzləri ülgüc görməmişdi. O qədər mənsum, uşaq görkəmləri olsa da, amma içlərindəki qeyrət, güc, cəsarət bir 50 yaşlı kişinin qeyrəti, gücü, cəsarətindən daha çox idi. Biləsuvarda hər ailədə uşaqlara aşılayırıq ki, bizim bir düşmənimiz var. Bəli, bizim bir düşmənimiz var. O da ki, ermənilərdir. Bunu birdəfəlik qulağınızda sırğa edin. 

      "Birinci Qarabağ müharibəsində,  2016-cı ilin Aprel döyüşlərində, İyul savaşlarında ümumilikdə 134 nəfər, o cümlədən Vətən müharibəsində 67 nəfər şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsi ilə əlaqədar elan olunmuş  səfərbərlik nəticəsində  Biləsuvar rayonundan  850 nəfərdən artıq həmyerlilərimiz səfərbərliyə cəlb edilmiş və ya könüllü orduya qoşulmuşdur".
Onların içində polkovnikləri, leytenantları da var idi.
Əzmlə, iradəylə, dözümlə bütünlüklə hamısı arxa cəbhədə yox, ön cəbhədə vuruşmaq istəyirdilər. Heç nədən, heç kimdən qorxmurdurlar, ölümün gözünə dik baxırdılar. Ürəkləri ancaq Vətən üçün döyünürdü. Bir amalları, məramları torpaqları düşmənlərin əlindən xilas etmək idi. Bu çox böyük bir fürsət idi ki, Ali Baş Komandanımızın əmri ilə ordumuz döyüşə atılmışdı. Ölüm - dirim döyüşləri idi. Müharibədə ölmək də var, yaralanmaq da, itkin düşmək də. Amma igidlərimizin içində ölüm qorxusu yox idi. Ya Allah deyib, özlərini qumbaranın üzərinə atırdılar. Deyirdilər ki, bizə nəsə olsa da qoy olsun. Təki Vətən sağ olsun!!! Biz belə oğullar böyütdük. Vətən üçün, yurd-yuva üçün. Bizi biz edən də, o oğullar oldu. Qanlarıyla torpaq üstünə Vətən sözünü yazdılar. Qarabağın hər tinində, məhləsində vuruşaraq təbii sərvətlərimizi, bulaqlarımızı, çaylarımızı, dağlarımızı, gül-çiçəkli bağlarımızı, Xarı bülbül gülünü, İsa bulağını, Cıdır düzünü. Daha nələri, nələri bizə qaytardılar. Ən əsası, ən ümdəsi bizi bizə özümüzü, özümüzə qaytardılar. O vaxta kimi boynubükük gəzirdiksə, dünənə kimi şeirlərimizdə, yazılarımızda bədbinlik yer alırdısa, indi şeirlərimiz, yazılarımız nikbin notlara köklənib. Artıq vüqarlı dağlara bənzəyirik. Eynən Qarabağımızın vüqarlı dağları kimi. Bu gün hamımız çox sevinirik. Çox sevinirik ki, daha Qarabağımızın dağlarının başı qara duman deyil, ağappaq, bəmbəyaz dumandı. Artıq Qarabağın dağları qara, yas paltarını əyinlərindən çıxarıblar. Bəmbəyaz gəlinlik paltarını geyiniblər. Torpağlarımız rahat nəfəs alırlar. Şuşanın,Xankəndinin, Xocalının, Ağdamın, Laçının, Kəlbəcərin, Füzulinin, Cəbrayılın, Qubadlının öz görkəmi, öz əzəməti özünə qayıdıb. 30 illikdən sonra Vətən də Vətən olub. Əlbəttə ki, Ali Baş Komandanımızın, Müzəffər ordumuzun qüdrəti sayəsində. İkinci Qarabağ müharibəsində igidlərimiz inadını, fədakarlığını da çox sevdim. O ağıllı gənclərimizdə inad olmasaydı bəlkə də biz bu gün Qarabağda olmazdıq. Hər biri gözlərimizdə elə ucaldılar ki...  Şax duruşlarına, boy-buxunlara baxanda elə bilirdim ki, əzəmətli, uca bir dağ görürəm. Bizim vətən oğullarımız o qədər məğrur, qürurlu idilər. Həm də çox sevinirəm ki, qəhrəmanlarımız gələcək nəsilin yanında bizi üzü kölgəli, gözü pərdəli qoymadılar. Çox şükür Yaradanın böyüklüyünə ki, qara buludları başımız üstündən çəkdi, qara dumanları yolumuzdan ilim-ilim itirdi. İkinci Qarabağ müharibəsində hər bir kəs öz sahəsində əsgər idi. Biz də öz sahəmizdə yazdığımız şeirlərlə, nəğmələrlə belə demək düzgün olarsa, səngərimizdə əsgər idik. Qələmimiz ancaq Qarabağ haqqında şeirlər, poemalar, nəğmələr yazırdı. Çox sevinirəm ki, mən də azad Qarabağımıza  çoxlu şeirlər, nəğmələr, poema, yazılar həsr etdim.

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!!! ALLAH QAZİLƏRİMİZİ QORUSUN!!!

 

Azərbaycan can, bayrağım

Üstündəki qırmızı rəng şəhidlərin al qanıdır,
Əsgərlərin döyüş vaxtı and içdiyi Quranıdır.
Bayraqların birincisi, bir incisi, sultanıdı,
Azərbaycan can, bayrağım!

Libas bilib əynimizə səni çox vaxt geyinmişik,
Sənin ilə qürrələnib, sənin ilə öyünmüşük.
Biz səndəki məğrurluğu, enməzliyi bəyənmişik,
Azərbaycan can,bayrağım!

Sən Çingizə, Mübarizə ölüm günü kəfən oldun,
Ah! Nə qədər ölümlərlə bizlə yasa batan oldun.
Sən ayrıca ana, ata, sən ayrıca vətən oldun,
Azərbaycan can, bayrağım!

Şuşamızda zirvələrdə asılıbdı enməz, enməz,
Üstündəki ay-ulduzla hey parlayır sönməz, sönməz.
Rəhbər cənab İlham kimi qədrini də kimsə bilməz,
Azərbaycan can, bayrağım!

Şah Xətai, Məmmədəmin, Heydər baba yadigarı,
Nə yaxşı ki, bizimkisən bəzəyirsən bu diyarı.
Sənin ilə qazanmışıq çox zəfəri, şöhrət, varı,
Azərbaycan can, bayrağım!

Anamızsan, atamızsan, qardaşımız, bacımızsan,
Başımızda bər-bəzəkli, ən qiymətli tacımızsan.
Canımızda qüvvətimiz, ağrımızsan, acımızsan,
Azərbaycan can, bayrağım!

Müəllif: Fuad Biləsuvarlı

Biləsuvarım!

İgid Mübarizi yetirən torpaq!
Nəzərdən, gözlərdən olasan uzaq!
Kim gəlib hamıya açmısan qucaq,
Ululardan ulu Biləsuvarım!

Cənub zonasında başqadı yerin,
Qələmmirzə kimi vardı bir pirin!
Qoy səni beləcə füsunkar görüm,
Ululardan ulu Biləsuvarım!

Unuda bilmərəm Əzim kişini,
Ellər unutmadı hər bir işini.
Dostları görmədi pis vərdişini,
Ululardan ulu Biləsuvarım!

Asif, Malik, Mirzə sözü sədəfdi,
Nə yazsa kiməsə billəm hədəfdi.
Şair Firudinə hamı həsəddi,
Ululardan ulu Biləsuvarım!

Əlibala, Şakir söz ziyamızdı,
Sabaha müjdəmiz, xoş xülyamızdı.
Uca dağımızdı, gur çayımızdı,
Ululardan ulu Biləsuvarım!

Ramiz Novruz adı hamıya bəlli,
Qurub qəlbimizdə sənət heykəli.
Fuadam, sayəndə getdim irəli,
Ululardan ulu Biləsuvarım!

Bu haqda mən dedim heç şair deməz,
Ağayar Şükürov sənəti ölməz.
Dünyaya o şəxsdən bir daha gəlməz,
Ululardan ulu Biləsuvarım!

Mirəhməd, Mircabbar, Mirtofiq ağa,
Mirsultan, Mirhəbib dönüb ocağa.
Qaldırıb nə qədər xəstə ayağa,
Ululardan ulu Biləsuvarım!

Adını özümə soyad götürdüm,
Mən də hörmətini belə gətirdim.
Şeri tamamladım, burda bitirdim,
Ululardan ulu Biləsuvarım!..

Müəllif: Fuad Biləsuvarlı

Mübarizim!

Ellər gəzdi məharətin,
Alqışlandı cəsarətin.
Qazandın xalq məhəbbətin,
Vətən oğlu Mübarizim!

Mərd qəhrəman pələng, şirdin,
Nəbi, Babək, Cavanşirdin.
Neçə düşmən yerə sərdin,
Vətən oğlu Mübarizim!

Uçulmayan söz qalamsan,
Uca zirvəm, düz qalamsan.
Qardaş mənim Bəzz qalamsan,
Vətən oğlu Mübarizim!

Pozulmayan nizamımsan,
Şerin şahı Nizamimsən.
Əbədi solmaz yazımsan,
Vətən oğlu Mübarizim!

Müəllif: Fuad Biləsuvarlı

Qəhrəmanlar yurdu Biləsuvarım!

Sevincdən açmışam vallah, qol-qanad,
Ölkədə deyilik bir kimsəyə yad.
Rəhbərim veribdi sənə gözəl ad,
Qəhrəmanlar yurdu Biləsuvarım!

Görüm başın üstə can, bayrağımı,
Duz kimi yalayım mən torpağımı.
Bax, belə eşidim xoş sorağını,
Qəhrəmanlar yurdu Biləsuvarım!

Bu bir başqa duyğu, bu bir başqa hiss,
Məni anlayaraq başa düşün siz.
İlahi, necə də bəxtəvərik biz,
Qəhrəmanlar yurdu Biləsuvarım!

Danışanda uzun olacaq dilim,
Deməyəcəklər daha kasıbdı elin.
Əziz ellilərim şadlanın, gülün,
Qəhrəmanlar yurdu Biləsuvarım!

Çox gözəl şəhərsən Azərbaycanda,
Səndən danışırlar indi hər yanda.
Ən çox səndən çıxdı nər qəhrəman da,
Qəhrəmanlar yurdu Biləsuvarım!

Mübariz, Rəşadın ruhuna rəhmət,
Oxusaq ay Fuad, bu olmaz zəhmət.
İgidlər şəhəri sayılır əlbət,
Qəhrəmanlar yurdu Biləsuvarım!

Müəllif: Fuad Biləsuvarlı

Şuşa fatehi

Cəngavər, hünərvər oğulsan deyim,
Bir canlı əfsanə, nağılsan deyim.
İşıqlı zəkan var sağ ol sən deyim,
Sayəndə bizdədi Şuşatək cənnət,
Ey Şuşa fatehi, qəhrəman Hikmət!

Ali Baş Komandan zəng vurdu sizə,
Təbriklər söylədi zəfərinizə.
Dedi sağ ol aldın Şuşanı bizə,
General rütbəsi halalın əlbət,
Ey Şuşa fatehi, qəhrəman Hikmət!

Meydana atılmış aslanım, şirim,
Cəngi sədasıyla oxunan şerim.
Var ol vətən üçün çoxdu xeyirin,
Üzünə söyləyir millət, cəmiyyət,
Ey Şuşa fatehi, qəhrəman Hikmət!

Ömrü səngərlərdə keçən igidim,
Qəlblərdən qəlblərə köçən igidim.
Neçə düşmən başın əzən igidim,
Yerdə qalmayıbdı çəkdiyin zəhmət,
Ey Şuşa fatehi, qəhrəman Hikmət!

Bilməyənlər bilsin Biləsuvardan,
Mərd ərənlər çıxır bizim diyardan.
Vətən göylərindən, hey ucalardan,
Səsini eşitmək bizə fəxarət,
Ey Şuşa fatehi, qəhrəman Hikmət!

Müəllif: Fuad Biləsuvarlı

Mərd igidlər çıxır Biləsuvardan!

Ay nankor erməni, ay satqın alçaq,
Burax əllərindən bizimdi torpaq.
Paşinyan gözünü aç yaxşıca bax,
Mərd igidlər çıxır Biləsuvardan!

Ən çox şəhid verən canım torpağım,
Şuşada sancılar şanlı bayrağım.
Dərsini verməyə düşmən alçağın,
Mərd igidlər çıxır Biləsuvardan!

Sonu olacaqdı bu müsibətin,
Qələbə çalacaq məğrur dövlətim!
Yağılar düşünsün son aqibətin,
Mərd igidlər çıxır Biləsuvardan!

Mübariz, Rəşadlar böyüdür Vətən,
Hər biri yağının bağrını didən.
Açsın kar qulağın eşitsin düşmən,
Mərd igidlər çıxır Biləsuvardan!

Müəllif: Fuad Biləsuvarlı

Daha Qarabağda qış olmayacaq

İçimizdə bahar, içimizdə yay,
Daha Qarabağda qış olmayacaq!
Yar orda içərik şirniyyatla çay,
Daha Qarabağda qış olmayacaq!

Çox da dağlarında dümağ qarı var,
Lap ölü dirildən dadlı barı var.
İsti sularının şəfaları var,
Daha Qarabağda qış olmayacaq!

Şər bizdən uzaqdı, bizimdi xeyir,
Könlüm düşünəni ağlım da deyir.
Öncəgörənliyim belə söyləyir,
Daha Qarabağda qış olmayacaq!

Qoşulub dostlara lap mən özüm də,
Şənlənib, güləcəm sevinc üzümdə.
Yallı gedəcəyik Cıdır düzündə,
Daha Qarabağda qış olmayacaq!

Təmiz havasından udacağıq biz,
Vallah, olmayacaq xəstəliyimiz.
Parlaq olacaqdı gələcəyimiz,
Daha Qarabağda qış olmayacaq!

Ay Fuad, ömürlük köç Qarabağa,
Orda sənə heç nə olmaz qadağa.
Üzünü, gözünü sürt o torpağa,
Daha Qarabağda qış olmayacaq!

Müəllif: Fuad Biləsuvarlı

Yetər, bacım, yetər, döz...

Şəhid qardaşlarımızın, itgin düşən qardaşlarımızın analarına, bacılarına, həyat yoldaşlarına, sevdiyi qızlara bu şeirim təsəlli kimi olsun.

Bu həsrət də bir anlıq,
Bitər, bacım, bitər,döz.
Qəribanlıq, tənhalıq,
Ötər, bacım, ötər, döz.

Geri dönər itənin,
Toya dönər matəmin.
Sonu çatar sitəmin,
Gedər, bacım, gedər, döz.

Yaza dönər soyuq qış,
Ötüb keçər qar - yağış.
O həsrətli, bir baxış,
İtər, bacım, itər, döz.

Gələr sevinc zamanı,
Eh, neynirsən ad - sanı?
Dünya fani, nə fani!
Betər, bacım, betər, döz.

Pozma qəlbdə nizamı,
Almazsan ki, sən kamı.
Dəli edir adamı,
Kədər, bacım, kədər, döz.

Lətafətli gül olsan,
Eşq yolunda kül olsan.
Məhəbbətə qul olsan,
Hədər, bacım, hədər, döz.

Sən unutma yarını,
Dərəcəksən barını.
Həyat, aldıqlarını,
Ödər, bacım, ödər döz.

Dünyaya açsan qucaq,
Sönə bilməz od- ocaq!
Hər şey yaxşı olacaq,
Yetər, bacım, yetər, döz...

Müəllif: Fuad Biləsuvarlı

Biz yaşatmalıyıq qəhrəmanları

Doğulub, böyüyüb var olmuşuqsa,
Hər arzuya çatıb, ucalmışıqsa.
Onlara borcluyuq sağ qalmışıqsa,
Biz yaşatmalıyıq qəhrəmanları,
Vətən, el yolunda vuruşanları.

Bəstəkar nəğmədə, şair sözündə,
Analar ruhunda, görən gözündə.
Prezident söylədi sözün düzün də,
Biz yaşatmalıyıq qəhrəmanları,
Gəncikən torpağa qarışanları.

Tökülən qanıyla alındı torpaq,
Şəhid qanlarıyla sulandı torpaq.
Ucaldı göylərə üçrəngli bayraq!
Biz yaşatmalıyıq qəhrəmanları,
Azərbaycan üçün ölən canları.

Göyə bülənd olsun zəfər nəğməsi,
Səslənsin evlərdən sevinc müjdəsi.
Qalsın yaddaşlarda şəhid kəlməsi!
Biz yaşatmalıyıq qəhrəmanları,
Cənab İlhamları, Ərdoğanları.

Lap günü bu gündən heç yatmaq olmaz,
İgid ogulları unutmaq olmaz.
Bir nüansı yaddan çıxarmaq olmaz:
Biz yaşatmalıyıq qəhrəmanları,
Vətəndə tarixi düz yazanları.

Düzü düzümüzə qaytaranları,
Sözü sözümüzə qaytaranları.
Bizi özümüzə qaytaranları,
Biz yaşatmalıyıq qəhrəmanları,
Vətənçün, yurd üçün çalışanları.

Müəllif: Fuad Biləsuvarlı

Azərbaycan can, bayrağım

Üstündəki qırmızı rəng şəhidlərin al qanıdır,
Əsgərlərin döyüş vaxtı and içdiyi Quranıdır.
Bayraqların birincisi, bir incisi, sultanıdı,
Azərbaycan can, bayrağım!

Libas bilib əynimizə səni çox vaxt geyinmişik,
Sənin ilə qürrələnib, sənin ilə öyünmüşük.
Biz səndəki məğrurluğu, enməzliyi bəyənmişik,
Azərbaycan can,bayrağım!

Sən Çingizə, Mübarizə ölüm günü kəfən oldun,
Ah! Nə qədər ölümlərlə bizlə yasa batan oldun.
Sən ayrıca ana, ata, sən ayrıca vətən oldun,
Azərbaycan can, bayrağım!

Şuşamızda zirvələrdə asılıbdı enməz, enməz,
Üstündəki ay-ulduzla hey parlayır sönməz, sönməz.
Rəhbər cənab İlham kimi qədrini də kimsə bilməz,
Azərbaycan can, bayrağım!

Şah Xətai, Məmmədəmin, Heydər baba yadigarı,
Nə yaxşı ki, bizimkisən bəzəyirsən bu diyarı.
Sənin ilə qazanmışıq çox zəfəri, şöhrət, varı,
Azərbaycan can, bayrağım!

Anamızsan, atamızsan, qardaşımız, bacımızsan,
Başımızda bər-bəzəkli, ən qiymətli tacımızsan.
Canımızda qüvvətimiz, ağrımızsan, acımızsan,
Azərbaycan can, bayrağım!

Müəllif: Fuad Biləsuvarlı

Biz qorxmuruq Vətən üçün ölməkdən

(Qazilərə)

Qarabağı azad etdik yağıdan,
Düşmənlərə vermədik ki, bir aman.
Yaralanıb biz olsaq da yarımcan,
Biz qorxmuruq Vətən üçün ölməkdən!

Mübarizik, Poladlarıq, ərənik,
El yolunda canı qurban verənik.
Ölümləri gözümüzlə görənik,
Biz qorxmuruq Vətən üçün ölməkdən!

Gözəl, göyçək, uca dağı, çəməni,
Xilas etdik ana yurdum biz səni.
Anamızdan ayırmırıq Vətəni,
Biz qorxmuruq Vətən üçün ölməkdən!

Düşmənlərin gözlərinin odunu,
Biz alaraq, zəhər etdik aşını.
Daşısaq da indi qazi adını,
Biz qorxmuruq Vətən üçün ölməkdən!

İndi azad gəzirik biz dağında,
Özümüzük həm solunda, sağında.
Vətən, Şuşa kimi tacın başında,
Biz qorxmuruq Vətən üçün ölməkdən!

Müəllif: Fuad Biləsuvarlı

/Bu şeirimi fəxrimiz, canımız, generalımız, dayım oğlu Elçin müəllim Akifoğlu Hacıyevə həsr edirəm.\

Ömrünü-gününü şama döndərib,
Vətənin yolunda yandırdı Elçin!
Düşmənin bağrını əliylə yarıb,
Gücüylə düşməni qandırdı Elçin!

Soyuqdan, istidən qorxmadı gözü,
İgidlik göstərdi yurd üçün düzü,
Çox heyrətləndirib dayoğlu bizi,
Daim üzümüzü güldürdü Elçin!

Yeddinci sinifdən evdə olmadı,
Heç əyləncələrdə, kefdə olmadı,
Koroğludan geri heç də qalmadı,
Elə özün belə sevdirdi Elçin!

Həyat yoldaşı da Elnurə xanım,
Ağır günlərində oldu həyanı,
Öpdüm onun doğan Tomris ananı,
Daim hörmətini gətirdi Elçin!

Müəllif: Fuad BİLƏSUVARLI
 

Yazını hazırladı: Fuad BİLƏSUVARLI, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ