"Vətən torpağını sıxdın köksünə"... - Zemfira MƏHƏRRƏMLİ

13/04/2024 - 18:35

Arzu Nehrəmlinin Qarabağ şeirləri üzərinə

Qanlı vuruşlar, sinələrə dağ çəkən savaşlar dünyanın harasında baş verməsindən asılı olmayaraq, insanların həyatını, xoş güzəranını əlindən alır, arzu və istəklərinin üstündən qara xətt çəkir. Hərb qovğaları şəhər və kəndləri viran qoyur, yurd yerləri doğmaların hənirtisinə həsrət qalır. Nahaq demirlər ki, müharibə qandır, qadadır. Müharibə - oğlu şəhid olmuş anadır, dul gəlindir, kimsəsiz, yetim qalmış uşaqlardır... Deməli, dəhşətli savaşlar düçar etdiyi iztirabları, fəlakətləriylə bütün xalqlar üçün eynidir.

Birinci Qarabağ müharibəsi illərində, həm də ucu-bucağı görünməyən sonrakı ağır, üzüntülü dövrdə savaş mövzusuna müraciət edən qələm sahiblərinin mənfur düşmənə nifrətlə yazdığı ədəbi-bədii nümunələrdə vətənpərvərlik ideyası, yurd sevgisi, xalqımızın erməni işğalçılara qarşı bitib-tükənməyən mübarizə əzmi önə çəkilib. Tanınmış şair, nasir, publisist Arzu Nehrəmlinin poeziya və nəsr nümunələrində olduğu kimi.

Arzu Kazım qızı Nehrəmli Naxçıvan Muxtar Respublikası, Babək rayonunun Nehrəm kəndində qulluqçu ailəsində anadan olub, bu kənddəki orta məktəbi əla qiymətlərlə bitirib. Üzləşdiyimiz qanlı müharibə gənc Arzunun da ömürnaməsində ağır izlər qoyub. Yenicə qurulan ailənin taleyinə  qəm buludu çöküb. 1992-ci ildə həyat yoldaşı, hərbi təyyarəçi, baş leytenant Yusif Vəliyevin idarə etdiyi döyüş maşını səmada düşmən mərmilərinə tuş gəlib. O,Vətənimizin azadlığı və bütövlüyü uğrunda qəhrəmancasına həlak olub, şəhadətə yüksəlib. 22 yaşlı Arzu xanım doqquzaylıq körpə qızı Zübeydəyə həm ana, həm də ata olub. Arzu Nehrəmlinin şəxsi taleyi milli dövlətçilik tariximizin bir parçası kimi diqqətçəkəndir. Şəhid xanımı həyatında üzləşdiyi bütün ağrı-acılara sinə gərib. Erkən gəncliyindən daim özünütəsdiqə can atıb, Bakı Dövlət Universitetində bakalavr, magistr və doktorantura təhsili alıb. Tarix üzrə fəlsəfə doktorudur. Kitab mədəniyyəti tariximizdən bəhs edən tədqiqatı ilə bağlı monoqrafiyanın, çoxsaylı elmi və publisistik məqalənin müəllifidir, 50-dən çox şeirinə musiqi bəstələnib.

O, həm də tanınmış idmançıdır, hələ uşaq yaşlarından idmanın basketbol və yüngül atletika növləri ilə məşğul olub. Naxçıvan diyarının qadınlardan ibarət yığma basketbol və yüngül atletika komandalarının, eləcə də BDU-nun basketbol komandasının heyətində oynayıb. Hazırda marafon qaçışı ilə məşğuldur.

Hələ orta məktəbdə oxuduğu illərdə ədəbiyyata həvəs göstərir, ilk şeirləri qəzetlərdə dərc edilirdi. Ömrünə-gününə yazılan kədərli hadisədən, sevdiyi insanı itirəndən sonra yaradıcılığında hüznlü əhval-ruhiyyə daha qabarıq görünürdü. 1997-ci ildə Arzunun "Əbədi sevgi" adlı ilk kitabı işıq üzü gördü və ədəbi cameənin marağına səbəb oldu. Gənc şairin poetik nümunələri barədə müsbət rəylər, resenziyalar yazılmışdı. "Tənha qu nəğməsi" və "Unutmağı öyrənirəm" adlı kitablarında da, elə adından göründüyü kimi, həsrət, hicran dolu şeirlər yer almışdı. Arzunun kədər, qüssə yükü çox ağırdı, lap ölümdən də betərdi. Amma nə qəm! Ürəyində uzun illərin nisgilini, iztirabını yaşadan bu qadının dağlar boyda qürur duyğusu, fəxr-fəxarət hissi də heç vaxt öləzimədi. "Vətən yolunda canını verənlər ölməzliyin zirvəsində dayanırlar" fikrindən bir an daşınmadı. Vətənin dərdini öz dərdi bildi. Vaxtilə yaralı qartaltək çırpınan Qarabağımız, param-parça olub düşmən tapdağında qalan Vətən torpağında qanı selə dönən əliyalın soydaşlarımızın ah-naləsi, igidliyi ilə öyündüyümüz oğul və qızlarımızın rəşadəti var." Arzunun bir şeirində deyildiyi kimi:

 

Sənə dəyən, mənə dəyib keçibdir,

Qəddimi, belimi əyib keçibdir,

Bu nə ağrı-acı, bu nə biçimdir?

Yüz ildir, min ildir xəstənəm, Vətən.

 

Bağın, bağçaların dad gəzən yerdə

Necə çiçək açsın yad gəzən yerdə?

Kül altda ocağın od gəzən yerdə

Boğulum, kor olum tüstünə, Vətən.

 

Bu torpaqda həm də gənc yazar xanımın sevdiyi igidin, körpə qızının atası Yusifin, eləcə də yüzlərcə şəhidimizin ruhuna sayğı, bitib-tükənməyən hörmət var. Ən əsası, yurd yerlərimizi işğal zülmündən qurtarmağa çağırış var. Üzləşdiyimiz bəlaya laqeyd qalmayan Vətən qızının hay-harayı var:

 

Torpaq nalə çəkib, göy ağlayıbsa,

Hələ gəlin könlün yas saxlayıbsa,

Qınında qılıncın pas bağlayıbsa,

Girmisən Babəkin qəsdinə, Vətən!

 

"Səni belə görən Arzu neyləsin, dərd gəlib dərdinin üstünə, Vətən," - deyən şair öz iztirabını doğma məmləkətinin qüssə-kədərindən aralı tutmur. Arzunun bu qəbildən olan şeirlərində yurdu sevmək və göz bəbəyi kimi qorumaq borcunun müqəddəsliyini, əzəliliyini, sanki and içdirmək missiyası var. Budur, müəllifin ən böyük uğuru! Uğurlarında dözümünün, iradəsinin və daha çox da ürəyinin payı var. "Yoluna davam et, uğur, ürəyim" şeirində olduğu kimi:

 

Elədən-beləyə dərdə yol açdın,

Üstü ələk-vələk, yağır ürəyim.

Nə bir üsyan etdin, nə də ki, çaşdın,

Sındın, əyilmədin, məğrur ürəyim.

 

Xanım yazar şəhadətə yüksəlmiş igid sevgilisini heç vəchlə unuda bilmir, torpaqlarımızın azadlığı, bütövlüyü naminə oddan-alovdan keçən, son nəfəsinədək döyüşüb canını doğma yurduna fəda edən Yusifi fəxrlə qəhrəmanlıq eposlarımızın məşhur isimlərinə bənzədir:

 

Çox erkən tələsdin nağıl olmağa,

Ay mənim qanadlı, ağ atlı gülüm.

Hələ gün doğmamış məsum üzümü,

Günaha batmamış ağartdın, gülüm.

Səni yola saldım yaz səhərində,

Müqəddəs naməyə döndün sonunda.

Dədəm qopuzunda, şah əsərində,

Xan Qazan, Dəli Domrul, Basatdın, gülüm.

 

Arzu Nehrəmli, sözün əsl mənasında, əndişəli, narahat dünyanın narahat adamıdır. Sən demə, həm də tale adlı yazı varmış. O, bəxtinə düşən alın yazısı ilə barışmasa da, taleyindən qaça bilmir. Şairin yaşadığı narahat ömür onun misralarından bəllidir. "Bəxtim, uduzmuşam səni" şeirində oxuyuruq:

 

Bəxtim, hələ çocuk ikən,

Oynayıb cızmışam səni.

Alnımdaca açıq ikən,

Karıxıb pozmuşam səni.

 

Ömrünün hər anı nahamar, enişli-yoxuşlu olan şairin əzablı tale ilə dialoqu, həm də savaşı bu gün də davam edir:

 

Qınamışam çoxu kimi,

Varmı kimi, yoxmu kimi,

Bir gecəlik yuxu kimi

Görməmiş, yozmuşam səni.

 

Haqqı-sayın da boynumda,

Böyümədi heç boyun da,

Bəxtim, tale oyununda

Artıq uduzmuşam səni.

 

Şəhid olmuş həyat yoldaşının ölüm xəbərini göylərdən aldığı üçün daim göylərlə əlləşən, mavi səmanı müqəddəs məkan bilən Arzu ölümü qınamır, qovuşmaq üçün ölməyə də razıdır:

 

Hər kəs üz tutduğu yerdəsən, gəlmə!

İnam yeri də sən, Pir də sən, gəlmə!

Harayla, mən gəlim, bir də sən gəlmə,

Burası beşgünlük həyatdır, gülüm.

 

Arzu deyir ki, "Zübeydə dünyaya gələndə zaman yaman qarışmışdı. Müharibə bütün həyatımızı çulğalamışdı. Qarabağ savaşının qaldırdığı tozanaq qarşıdakı üfüqləri də görünməz etmişdi. Gələcək aydın görünmürdü, sabahımızın necə olacağı bəlli deyildi. O qarışıq günlərin, qanlı müharibənin amansız güllələrindən biri də mənim ömrümə, qismətimə, taleyimə dəydi. Taleyimi parça-parça edən mərmilər balamın da uşaqlıq xəyallarını yaraladı".

Xanım yazar dünyanın başına uçduğu, könlünü ovutmağa bütün təsəllilərin aciz olduğu o müdhiş günlərdə bu kövrək misraları qələmə almışdı:

 

Ehtiyatla tumar çəkin,

ey atalar,

balanıza sevginizi bir az ehmal

göstərməyə çalışın siz...

Ətrafdakı tumarsızlar,

bu tumara gümansızlar

görə bilər bu səhnəni.

Sınıq-sınıq, düyün-düyün,

param-parça o telləri sızlatmayın,

O tellərin yiyəsini için-için ağlatmayın!

 

Tarixin ən burulğanlı çağında gözünü dünyaya açan qızcığaz isə atasının - şəhid olmuş hərbi təyyarəçi Yusif Vəliyevin uğrunda canından keçdiyi doğma  Vətən sevgisi ilə böyüdü, yaşa doldu. "Arzu gəzər məzar-məzar, ümid tapar, gün qazanar" söyləyən nisgilli ananın nəsihətləri ilə pərvaz elədi:

 

Bəri gəl, can bala, öp bu heykəli,

O sənin atandır, daşlaşıb burda.

Daş olub gözlərdə, qəlblərdə isə

Yüksəlib yenilməz ulu dağ boyda.

 

"Daşlaşmış heykəldir mərdliyin sonu" adlı şeirin bu misraları ana ürəyinin həm qüruru, həm də təsəllisidir. Şair məmləkətinə yiyə duran, yurd naminə canından keçən hər bir igidə üzünü tutub, ərənlərə "Vətən torpağını sıxdın köksünə, ürəyi yurd üçün dağılan insan" söyləyir.

Arzu Nehrəmli kədərlənəndə qüssənin içində özünü bəs deyincə boğan qadındır, anadır. Onun kövrək, həzin şeirləri, bəzən sərt, həqiqətin gözünə dik baxan söz yarağı bizi milli kimliyimizin, hafizəmizin unudulan məqamlarından agah edir, qəlbimizi sızladan ağrıları bir daha yada salır. Nə yaxşı ki, bu gün Vətənimizin bütövlüyünü bərpa etməyə qadir xalq kimi başımızı uca tutmaq bizə nəsib oldu. 44 günlük Zəfər savaşımızla haqq işimizi dünyaya bir daha çatdırdıq. Şükürlər olsun ki, biz bu möhtəşəm Qələbəyə "dəmir yumruğ"un gücü, xalq və ordu vəhdətinin qüdrəti, şəhidlərimizin və qazilərimizin əzəli torpaqlarımıza səpələnmiş al qanı bahasına nail olduq.

Müəllif: Zemfira Məhərrəmli, Əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru.

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Narınc yuxular
07/05/2024 - 10:10
Yıldız Tilbe qəzaya düşdü
04/05/2024 - 04:49