2 MİNƏ YAXIN YAŞAYIŞ MƏSKƏNİ HƏLƏ DƏ RUSLARIN İŞĞALINDADIR – Zelenski Ukraynanın hədəflərini açıqladı

23/11/2022 - 11:40

Ukrayna Rusiya tərəfindən işğal edilmiş daha 2 min şəhər və kəndi azad etməlidir.

Qafqaz.media “Ukrayinska Pravda”ya istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bu barədə Fransa merləri və bələdiyyə başçılarının konqresi qarşısında çıxışı zamanı bildirib.

“Ümumiyyətlə, iki minə yaxın şəhər və kəndimiz var ki, onları hələ azad edib, bərpa etməliyik. Bu yaşayış məskənlərinin ən azı onlarlası Mariupol və ya Volnovaxa kimi rus ordusunun zərbələri ilə tamamilə məhv edilib.

Ukrayna bayrağı azad edilmiş əraziyə qayıdanda, biz orada normal həyatı qaytarmaq üçün hər şeyi edirik. Buna görə də Ukrayna müdafiəmizə, maliyyəmizə və yenidənqurmaya dəstək verən hər kəsə minnətdardır. Bu, sözün əsl mənasında həyat qurtaran yardımdır”, - deyə Zelenski bildirib.

Ukrayna prezidenti qeyd edib ki, ruslar işğal etdikləri ərazilərdə bütün infrastrukturu məhv edir, qaçanda isə şəhərin həyatını təmin edən bütün texnikanı oğurlayırlar.

Qafqaz.media