“20 Yanvar”dan Sumqayıta gedəcək ekspres marşrutunda gediş haqqı müəyyən edilib
594 nömrəli Bakı-Sumqayıt ekspres marşrutu üzrə sərnişinlərin daşınması “BakuBus” MMC-nin 17 “Neoplan” markalı avtobusları ilə 8 dəqiqəlik hərəkət intervalı ilə həyata keçiriləcək. APA AYNA-ya istinadən xəbər verir ki, Sumqayıt Avtovağzalından yola düşən avtobusların aralıq dayanacaq məntəqələri “Bağça Şəhər” yaşayış kompleksi, Sumqayıt dairəsi və Ceyranbatan qəsəbəsi, son dayanacağı isə “20 Yanvar” metrostansiyası (“Azərsu” ASC-nin inzibati binasının yaxınlığı) təyin edilib. Əks istiqamətdə isə başlanğıcını metrostansiyanın Sumqayıt istiqamətinə olan çıxışında götürən avtobuslar marşrut üzərindəki eyni dayanacaqlarda saxlamaqla hərəkət edəcək. Sumqayıtdan avtobusların ilk çıxışı saat 05:50, Bakıdan saat 06:20-də, son çıxışı isə Sumqayıtdan saat 22:30, Bakıdan saat 23:00-dadır. Ekspres xətt üzrə gediş haqqı 0.80 AZN müəyyən edilib və ödənişlər nağdsız qaydada həyata keçiriləcək.