Aİ-95 yanacağı ilə bağlı açıq suallar – “Nazirlər Kabineti öz qərarına yenidən baxmalıdır”

01/07/2024 - 15:33

“Mənim üçün Aİ-95 markalı benzinlə bağlı bir sıra açıq suallar qalmaqdadır”.

“AzPolitika” xəbər verir ki, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Facebook” səhifəsində yazıb. Ekspert SOCAR-ın 30 iyun saat 20:01-də açıqladığı press-relizin başlığındakı və mətnindəki cümlələrə diqqət çəkir: “Orada bildirilir ki, “…Avro-5 standartına cavab verən Aİ-95 markalı avtomobil benzini istehsalına başlanılır”. Yəni hələ başlanılmayıb, başlanılması gözlənilir. Amma press-relizin içərisində qeyd edilir ki, “… NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb”. Yəni faktın təsdiqini görürük. Daha sonra “… Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən bazarın konyukturasına uyğun olaraq, 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulub” fikri ilə rastlaşırıq”.

 

 

SOCAR-ın yanacağın istehsalçısı olduğunu xatırladan İlham Şaban bildirir ki, neft şirkətinə Azərbaycanın daxilində dövlət tərəfindən tənzimlənən bazarda (Azərbaycan müstəqil olandan yerli istehsal olan bütün yanacaq məhsulları ölkədaxili bazarda dövlət tərəfindən tənzimlənən qiymətlətlərlə satılır - bazar elementləri bu sahədə tətbiq edilmir – red.) parakəndə satış qiyməti təyin etmək hüququ heç bir normativ sənədlə verilməyib. “Əgər verilibsə, ictimailəşdirilməyib”, - o əlavə edib.

Ekspertin sözlərinə görə, SOCAR o fikirdən çıxış edərək belə addım atıb ki, 2014-cü ilin aprelindən Aİ-95 markalı benzinin (o cümlədən Aİ-98) qiyməti dövlət tənzimlənməsindən çıxarılıb: “Amma ona görə çıxarılmışdı ki, idxal edilməyə başlanılmışdı və təəssüf ki, 10 il 2 ay müddətində Azərbaycanda yüksək oktanlı benzinin qiyməti tələb-təklif əsasında deyil, bazardakı iri oyunçuların qiymət razılaşması (kartel sövdələşməsi) ilə təyin edilirdi. Əks halda, nədən bu illər ərzində 1000-ə yaxın yanacaqoldurma məntəqəsində kimsə 1 qəpik baha, digəri isə 1 qəpik ucuz satmaq fikrinə gəlmədi?” İ.Şaban bu baxımdan düşünür ki, Nazirlər Kabineti 2014-cü ildə verilmiş qərarına yenidən baxmalı və indiki duruma uyğun düzəlişlər etməlidir. “Yəni Aİ-95 markalı benzinin qiyməti tənzimlənən yanacaq məhsulları sırasına qaytarılmalıdır”, - o qeyd edib.

“Yox, əgər qaytarılması məqbul hesab edilmirsə, onda Nazirlər Kabineti izah etməlidir - bir benzinin digərindən fərqi nədir ki, onlara baxış fərqli olur. İkincisi, əgər Aİ-95-in qiymətini bazar formalaşdırmalıdırsa, onda SOCAR nədən qiyməti diqtə edən subyekt rolunda çıxış edir? Qoy “SOCAR Petroleum” 1.6 manatdan satsın, bəlkə “Murad” və ya “Günəş Petrol” Yasamalda 1,55 manatdan təklif edəcək, hələ 10 litrdən artıq vurana bonus da vəd edəcək”, - İlham Şaban vurğulayıb.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53