“ATAM QOLUMDAN BIÇAQLADI, EVDƏN QOVDU” - “Böyüdüyüm yerdə hər qapıda narkoman vardı” / VİDEO

06/12/2024 - 22:41

“Bilmədiyim narkotiki istifadə etdim, səhərisi “Semaşko”da ayıldım”

“Anama medal verilmişdi, təbrikə gedəndə, məni əlləri ilə kənara itələdi”

Vüsalın (adı şərtidir-red.) 30 yaşı var. 1994-cü ildə Bakı şəhəri, Yasamal rayonunda anadan olub. Uşaqlıqdan - 10 yaşından 17 yaşına qədər yunan-roma güləşi üzrə peşəkar idmanla məşğul olub. Dəfələrlə respublika birincisi, eləcə də beynəlxalq turnirlərin mükafatçısı olub.

17 yaşından sonra narkotik istifadə etməyə başlayan Vüsal deyir ki, düz 10 il, 28 yaşınadək narkotik aludəçisi olub. Bunun 3 ilini isə daimi olaraq ağır narkotik istifadə edib.

“17-18 yaşımızda qardaşımla bir yerdə ağır narkotik istifadə edirdik”, - deyən həmsöhbətimiz, bütün bunlara görə atasını ittiham edir. Deyir ki, atası da narkotik istifadəçisi və satıcısı olub: “Atam, xüsusilə də ağır narkotiklərin külli miqdarda satıcısı idi”. Onun sözlərinə görə, tez-tez evlərinə polis basqını olduğundan, bu, uşaqlıqdan onda qorxu yaradıb, bu səbəbdən də narkotik istifadə etməyə başlayıb: “Yəni mən qorxumu narkotiklə yatırırdım”.

Vüsal bildirir ki, böyük qardaşı da, narkotik istifadəçisi olmaqla yanaşı, həm də atasının “davamçısı” olub. Odur ki, 2019-cu ildə narkotik satışı ilə əlaqədar həbs olunaraq, 8 il iş verilib.

Müsahibimiz deyir ki, 30 ildir dövlət işçisi olan anası uşaqlıqdan ona böyük ümidlər bəsləyib. Bu baxımdan, onun oxuması üçün əlindən gələni edib. Nəticədə, Respublika Olimpiya İdman Liseyini və İdman Akademiyasını bitirən Vüsal anasının köməyi ilə dövlət işinə düzəlib. 7 il dövlət işçisi kimi idman sahəsində fəaliyyət göstərib. “Amma biz atamıza oxşadıq”, - deyən Vüsal vurğulayır ki, birinci kursda oxuyanda hər gün yüngül narkotik istifadə edib: “Tələbəçilikdə atamın satdığı ağır narkotikləri oğurlayıb, yüngül narkotiklə dəyişirdim”. Lakin onun narkoman olmasından yaxın dostları istisna olmaqla, kimsənin xəbəri olmayıb.

Hətta İdman Akademiyasını bitirdikdən sonra nişanlandığı qız da onun narkoman olduğunu bilməyib. “Nişanlım bilmirdi ki, mən narkotik istifadəçisiyəm”, - deyən Vüsalın sözlərinə görə, evlənəndən sonra təxminən 1,5 il narkotik istifadəsini dayandırıb: “Sadəcə, ara-sıra arada içirdim”. Övladı dünyaya gələndə ata olmağını elə xəstəxananın həyətindəcə ağır narkotiklə “qeyd edən” Vüsal bildirir ki, bundan sonra yenidən narkotik istifadəsini davam etdirib. “Ata olmağı qabağıma məqsəd qoymuşdum, amma atalığı məqsəd qoymamışdım”, - deyə o, bildirir.

Vüsal deyir ki, bir müddət sonra işini dəyişərək, başqa bir nazirlikdə çalışmağa başlayıb. Lakin narkotik aludəçisi olması səbəbindən burada cəmi 2 ay işləyib: “8 saatlıq iş vaxtının 4 saatını ayaqyolunda keçirirdim...”

Müsahibimiz qeyd edir ki, övladı təxminən 5-6 aylıq olanda həyat yoldaşı onun narkotik istifadəçisi olduğunu bilib. Bundan sonra uşağı da götürərək, valideynlərinin evinə qayıdıb: “Həmin gündən 1 ay çox ağır vəziyyətdə oldum, ağır narkotik istifadə edir, hər gün ağlayırdım...”.

Vüsal bildirir ki, bundan sonra sağalmaq üçün reabilitasiya mərkəzinə müraciət edib. Müalicə müddəti başa çatdıqdan sonra evə qayıdan zaman gördüyü mənzərə onun planlarını yenidən alt-üst edib: “Reabilitasiya mərkəzindən evə qayıdan gün gördüm ki, atam narkotik istifadə edir...”.

***

Beləliklə, yeni həyata başlamaq istəyən Vüsal həyat yoldaşı ilə barışmağa nail olur. Lakin o, cəmi 10 gün sonra yenidən narkotik istifadə edir. “Bir ay istifadə etdim. Bu bir ayın içində yaşamadığım “dib”lər yaşadım. Evdən oğurluqlar da etdim. Atam məni evdən qovdu, bıçaqla qolumdan vurdu, izi hələ də qalıb”, - deyən müsahibimiz bildirir ki, narkotikin təsiri altında atasına əl qaldırmağa da məcbur olub: “Atama əl qaldırmağa məcbur oldum. Artıq sanki dəli olmuşdum, öz-özümə danışırdım. Küçədə, parklarda, bəzi hallarda isə istifadəçi dostlarımın yanında qalırdım. “Ayıq” dostlarım məni axtarmırdı”.

Vüsal deyir ki, 1 ay sonra yenidən reabilitasiya mərkəzinə getməyi qarara alıb: “Anama yalvardım ki, məni reabilitasiyaya qaytar. Amma o, inanmırdı ki, mən sağala biləcəm. Tez-tez yazırdım. Bu səbəbdən, anam mənim nömrəmi bloka atmışdı”.

Lakin o, bir müddtə sonra yenidən anasının maddi dəstəyi ilə reabilitasiya mərkəzinə yerləşdirlib. İkinci mərhələni də başa vurduqdan sonra 15 illik dostu ona yenicə açdığı “LİVE” Reabilitasiya Mərkəzində narkotik asılılığından xilas olmağı bacaran mütəxəssis kimi çalışmağı təklif edib. Dostunun təklifini qəbul edən Vüsal artıq 14 aydır ki, həmin mərkəzdə çalışır. Deyir ki, bundan sonra həyat yoldaşı yenidən olan bağışlayıb, hələ birgə yaşamasalar da həftədə 2 dəfə övladını görməyə gedir.

Vüsalın həyat hekayəsinin davamını (Birinci hissə bu linkdə: Ata olmağımı elə xəstəxananın həyətindəcə ağır narkotiklə “qeyd etdim” ) bu axşam saat 22:00-da “Stop narkotik” internet telekanalında izləyə bilərsiniz.

Müsahibədən sitatlar:

“Yoldaşımla barışdıqdan 10 gün sonra yenidən narkotik istifadə etdim”

Bu bir ayın içində yaşamadığım “dib”lər yaşadım

“Atama əl qaldırmağa məcbur oldum”

“Sanki dəli olmuşdum, öz-özümə danışırdım”

“Böyüdüyüm yerdə hər qapıda narkoman vardı”

“Bilmədiyim narkotiki istifadə etdim, səhərisi ayıldım ki, “Semaşko”dayam”

“Anama medal verilmişdi, təbrikə gedəndə, məni əlləri ilə kənara itələdi”

Stopnarkotik.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Polis mayoru vəfat etdi - Foto
09/12/2024 - 14:06
Balakəndə ev yanıb
08/12/2024 - 16:52