Avropa Parlamenti Rusiyanı “terrorizmin sponsoru” kimi tanıdı – QƏTNAMƏ QƏBUL EDİLDİ

23/11/2022 - 16:27

Avropa Parlamenti Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanıyan qətnamə qəbul edib.

Qafqaz.media xəbər verir ki, Aİ qanunvericiləri tərəfindən təsdiq edilən qətnamədə deyilir:

“Rusiya Federasiyasının Ukraynanın mülki əhalisinə qarşı qəsdən törətdiyi hücumlar və vəhşiliklər, mülki infrastrukturun dağıdılması, insan hüquqlarının və beynəlxalq humanitar hüququn digər ciddi pozuntuları terror aktlarına bərabərdir.

Ukraynaya qarşı müharibə apararkən Rusiya hərbçiləri beynəlxalq hüququ və beynəlxalq humanitar hüququ pozaraq, enerji infrastrukturu, xəstəxanalar, tibb müəssisələri, məktəblər və sığınacaqlar daxil olmaqla, mülki obyektlərə zərbələr endirib”.

Avropa İttifaqı bütün bunları əsas gətirərək, Rusiyanı terrorizmin himayədarı elan edib. Üstəlik, Avropa Parlamentinin deputatları Putin və onun hökumətini bu cinayətlərə görə beynəlxalq tribunal qarşısında cavab verməli olduğunu bəyan ediblər.

Qətnamədə o da qeyd olunur ki, bu sənəd Ukrayna prezidenti Vladimir Zelenskinin 2022-ci ilin yazında Rusiya Federasiyasını terrorizmin himayədarı kimi tanıması çağırışına cavabdır.

Zelenskinin özü tvitində qətnamənin qəbul edilməsinə reaksiya verib: “Ukraynada və bütün dünyada uzun illər davam edən terror siyasətinə son qoymaq üçün Rusiya bütün səviyyələrdə təcrid olunmalı və cavabdehlik daşımalıdır”.

Qafqaz.media