Azərbaycan elminin "Gülümsərov"ları: Səkkiz alim niyə sinifdə qaldı?

14/11/2024 - 13:23

Prezident yanında Ali Attestasiya Komissiyası səkkiz nəfərə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina etməsinin səbəbini açıqlayıb. Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Komissiya tərəfindən elmi dərəcələrin verilməsindən imtina barədə qəbul edilən qərarlar müvafiq elm sahələri üzrə ekspert şuralarının tövsiyələri əsasında və aşağıdakı səbəblərlə bağlı olur:
dissertasiyalarda müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarından istifadə edilməsi (plagiat);
dissertasiya müdafiələri zamanı prosedur pozuntularına yol verilməsi;
dissertasiyalarda müvafiq elm sahəsində böyük əhəmiyyət kəsb edən problemin yeni həllinin təklif olunmaması;
böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhinin verilməməsi;
hər hansı bir elmi məsələnin (problemin) əsaslandırılmış qoyuluşunun verilməməsi;
dissertasiyaların iddiaçıların müstəqil elmi işi olmaması və s.
Qurumdan o da bildirilib ki, Komissiya öz fəaliyyətində qanunilik, obyektivlik, şəffaflıq və peşəkar etik normalara əməl edilməsi prinsiplərini əsas tutur.
Qeyd edək ki, Prezident yanında Ali Attestasiya Komissiyasının məlumatına görə, bu ilin birinci yarısı 98 nəfərə fəlsəfə doktoru, 8 nəfərə isə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilib.
Elmi mühit korlanıb
"Səkkiz nəfərə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsi xəbəri elmi mühitin korlanmasından xəbər verir. Amma bu həm də onu göstərir ki, artıq Prezident yanında Ali Attestasiya Komissiyası elmi əxlaqa yad olan işlərlə mübarizəyə start verib. Bu çox müsbət addımdır. Çünki, elmi mühitin sağlamlaşması vacib məsələdir".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov Sputnik söyləyib.

İ.Orucov təəssüflə bildirib ki, çhələ də elmi dərəcə almaq iddiasında olan saxtakar insanlar var:
"Komissiya bu istəkdə olanlara qarşı barışmaz mövqe tutmalıdır. Min bir yolla alim adı almaq istəyən adamlar başa düşməlidir ki, ya əsl alim olmalıdır, yaxud da alim olmaq iddiasından əl çəkməlidir".
Lakin ekspert həmçinin deyib ki, elmi müəssisələrdə çalışan və elmi göstəriciləri daha yüksək olan bir sıra tədqiqatçıya müvafiq olaraq hər ay 1000 manatadək vəsait ödənilməsi elmin inkişafına töhvə verəcək.
"Alimlərin əməyinin stimullaşdırılması çox yaxşı təşəbbüsdür. Bu elmi mühitin yaranmasına, saxta alimlərin sayının azalmasına gətirib çıxardacaq. Əvvəl bu sahədə çox bərbad vəziyyət formalaşmışdı. İnsanlar asanlıqla alim adı ala bilirdilər. Alimlərin işinə yekunda qiymətin verilməsi, onların qarşısına məsuliyyətin qoyulması alqışlanandır".

İmtinaların səbəbləri nədir?
Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirib ki, 8 nəfərə imtina verilməsi elmi dərəcə və vəzifə sahiblərinin keyfiyyətinin artırılması üçün atılmış əhəmiyyətli addım hesab edilir. Onun sözlərinə görə, imtinaların səbəbləri arasında təqdim olunan elmi işlərin yenilik və tədqiqat dəyərindən uzaq olması, bəzi işlərin təkrarlanması və beynəlxalq standartlara cavab verməməsi əsas yer tutur.

"Azərbaycanda elmin mövcud vəziyyəti və dərəcə sahiblərinin keyfiyyət standartlarına cavab verə bilməməsi elmi mühitdə saxta alimlərin azalması üçün mükafatlandırma proqramları kimi yeni tədbirlərin tətbiqinə səbəb olub. Bu tədbirlər elmi işlərin keyfiyyətini artırmağa yönəlib və alimlərin dərəcə qazanmaq üçün daha ciddi elmi tələblərə uyğun olmalarını təmin edir. Bəzi beynəlxalq təcrübələrə baxdıqda görürük ki, Qərb universitetlərində ciddi "peer-review" (rəy verilməsi - red.) prosesi tətbiq olunur, bu da orijinal və keyfiyyətli tədqiqatların meydana çıxmasını təmin edir. ABŞ, Avropa və Avstraliya kimi ölkələrdə elmi işlər ciddi nəzarət mexanizmlərindən keçir ki, bu da saxta alimlərin sayını əhəmiyyətli dərəcədə azaldır", - deyə K.Əsədov bildirib.
Ekspert vurğulayıb ki, Azərbaycanda elm sahəsində çalışan alimlərin vəziyyəti və bu sahədə atılan addımlar elm üçün mühüm perspektivlər açır:
"Beynəlxalq elmi əlaqələrin gücləndirilməsi, gənc alimlər üçün təqaüd proqramlarının artırılması və elmi tədqiqatların tətbiq sahələrinə inteqrasiya olunması yerli elmin inkişafına böyük təsir göstərə bilər. Bununla yanaşı, Azərbaycanda elmi araşdırmaların tətbiqi əhəmiyyətini artırmaq, beynəlxalq elmi jurnallarda dərc olunan işlərin sayını çoxaltmaq və bu istiqamətdə daha fəal addımlar atmaq lazımdır. Elmi fəaliyyətin düzgün qiymətləndirilməsi, alimlər üçün yaradılan yeni imkanlar və beynəlxalq aləmlə əməkdaşlıq yerli alimlərin rəqabətə davamlı olmasını təmin edərək, Azərbaycanın elmi sahədə güclənməsinə töhfə verəcək. Ümumilikdə, bu dəyişikliklər və yeni tədbirlər elmi işlərə daha böyük şəffaflıq gətirir, Azərbaycanın elm sahəsində inkişafı üçün zəruri olan təməli qurur".
Hansı alimlərə ayda min manat verilir?
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, son vaxtlar alimlərin əməyinin stimullaşdırılmasına başlanılıb.
"Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə elmi-tədqiqat institutlarında çalışan bir sıra tədqiqatçıların maddi mükafatlandırılması həyata keçirilir. Mükafatlandırmanın həyata keçirilməsində əsas məqsəd alimlərin maddi rifahının yüksəldilməsi, onların fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impakt faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılmasıdır", - deyə Agentlikdən bildirilib.

Qurumdan verilən məlumata görə, cari ilin iyul ayından başlayaraq Elm və Təhsil Nazirliyinin (ETN) tabeliyində olan elmi müəssisələrdə çalışan və elmi göstəriciləri daha yüksək olan bir sıra tədqiqatçıya müvafiq olaraq hər ay 1000 manatadək vəsaitin ödənilməsinə başlanılıb. Mükafatlandırma Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən hazırlanmış "Elmi iş müəlliflərinin müəllif balının hesablanması metodologiyası" əsasında pilot qaydada elmi tədqiqat institutları tərəfindən tətbiq edilir.
O, da əlavə edilib ki, metodologiya üzrə hesablama 2018-2023-cü illəri əhatə edən elmmetrik göstəricilər əsasında aparılıb. Belə ki, "Scopus" elmmetrik bazasında mövcud on minə yaxın azərbaycanlı tədqiqatçı arasından 2018-2023-cü illər ərzində ölkə üzrə ən çox elmi işi dərc olunan ("Scopus"da müəyyən olunmuş hazır siyahı üzrə) 500 müəllifin göstəriciləri təhlil edilmiş və təhlil nəticələrinə əsasən (keyfiyyət göstəriciləri daha yüksək) alimlərin mükafatlandırılması prosesinə başlanılıb.
Oxşar metodologiyalar beynəlxalq reytinq təşkilatları ("Quacquarelli Symonds (QS)", "Times Higher Education (THE)", "Shanghai Ranking (ARWU)"), ali təhsil müəssisələri (Stanford Universiteti ("Stanfordun TOP 2% tədqiqatçıları")) və tədqiqatçılar tərəfindən istifadə olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21
Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37