Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb
Bu ilin III rübündə Azərbaycan əhalisinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksi 2023-cü ilin eyni rübü ilə müqayisədə 10 faiz bəndi artaraq 23 % təşkil edib. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Kreditləşmə fəaliyyətinə dair sorğu”sunda bildirilib. Məlumata görə, bu, II rüb ilə müqayisədə dəyişməyib. Sorğuya əsasən, respondent bankların 75 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 25 %-i isə orta dərəcədə artım olduğunu bildirib. Qeyd edək ki, əhalinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksinin ən yüksək göstəricisi 2022-ci ilin II rübündə (29 %) olub. Xatırladaq ki, bu il noyabrın 1-nə Azərbaycan bank sektorunda istehlak kreditlərinin həcmi illik müqayisədə 22,6 % artaraq 8 milyard 277,8 milyon manata çatıb. Hesabat dövründə vaxtı keçmiş istehlak kreditlərinin həcmi 256 milyon manat olub ki, bu da, 2023-cü ilin eyni dövrünə nisbətən 26,6 % çoxdur.