“Azərbaycanda depressiyanın səbəbləri çoxdur” – TANINMIŞ SOSİOLOQ

29/04/2024 - 15:41

Mail Yaqub: “Təəssüf ki, ölkəmizdə bu problemlərin həlli üçün çalışan insanların sayı barmaqla sayılacaq qədərdir, çox azdır”

Bir neçə gün əvvəl ölkə gündəmi tanınmış elm adamı, professor, Azərbaycanın keçmiş baş pediatrı Nəsib Quliyevin intihar xəbəri ilə sarsıldı. Bu isə, cəmiyyətdə bir sıra sullar doğurdu.

Əlbəttə, yeniyetmə və gənclərin, ağır xəstəliyi olan insanların, eləcə də külli miqdarda borcu olan şəxslərin intiharı cəmiyyət tərəfindən haradasa “başa düşülür”. Lakin elm adamı, parlaq karyerası olan professor, həkim olan Nəsib Quliyevin məktub yazdıqdan sonra intihar etməsi birmənalı qarşılanmır. Bəs bu qəbildən olan şəxslərin intiharının səbəbləri nələrdir? Bu barədə tanınım sosioloq, filosof, pedaqoq, fəlsəfə doktoru Mail Yaqubla söhbətləşdik.

-Mail bəy, ölkənin keçmiş baş pediatrı Nəsib Quliyevin ölümü cəmiyyətdə bir sıra suallar doğurub. Sizcə, bu tip intiharları tətikləyən səbəblər nə olur?

- İntiharları tətikləyən səbəblər çox ola bilər. Məsələn, Avropanın bəzi ölkələrində intihar hallarının sayı çoxdur. Xüsusən Skandinaviya ölkələrində. Bunun əsas səbəbi depressiyadır. Depressiyanın da orada iki əsas səbəbi var: birinci səbəb odur ki, orada insanların üçdə biri tək yaşamağa meyllidir. Tək yaşamaq da insanı depressiyaya salır. İnsan cəmiyyətə faydalı olduğunu biləndə onun həyatına məna gəlir. Tək yaşayanda isə deyir ki, mən kimə lazımam, heç kimə. Ona görə qarşılıqlı ünsiyyət, münasibət olmur deyə insan depressiyaya düşür.

İkinci səbəb kimi göstərirlər ki, onlarda günəş az olur. Günəş az olduğundan, tutqun hava onlarda depressiya yaradır. Bu səbəbdən, ən çox anti-depressant həblər istifadə edilən yerlər həmin Skandinaviya ölkələridir.

Bəs, Azərbaycanda depressiyanın səbəbləri nədir? Bizdə səbəblər çox ola bilər. Çünki Skandinaviya ölkələrində olmayan sosial problemlər bizdə “N” qədərdir. Məsələn, bizdə həyat yoldaşını dəlicəsinə sevən bir kişi, əgər həyat yoldaşı ona qarşı etinasızdırsa və məhz əmək haqqının az olmasına görə onu tərk etmək istəyirsə, həmin kişi xarakter baxımından zəif olsa intihara əl ata bilər. Bu, ona zəmin yaradır. Amma bu o demək deyil ki, sosial problemlərin çox olduğu ölkələrdə intihar halları mütləq çox olur. Bu, o anlama gəlmir. Sadəcə, zəif xarakterli insanlar üçün zəmin yaradır. İnsanın özünün xarakteri güclü olmalıdır. Daxilən güclü olmalıdır ki, onu intihara sürükləyən amillər qarşısında müqavimət göstərsin.

- Sosial problemləri olmayan, cəmiyyətdə kifayət qədər tanınan, geniş çevrəsi olan insanlarda intiharları əsasən nə tətikləyir?

- O həkim tək yaşayırmış. Ailəsi və övladları ilə münasibətləri çox zəif imiş. Təklik insanı depressiyaya salan ən güclü amillərdən biridir. Yəni bu amillər insanı o hala salmaq üçün əl-ələ verib. İnsan bir anlıq dərin depressiyada intihara əl atır.

-Affekt halında?

-Bəli.

- Təbii ki, hər bir insan haradasa haqsızlıqla üzləşə, özünü cəmiyyətdən təcrid olunmuş hiss edə bilər. Amma Nəsib Quliyev TV-lərdə ekspert kimi fikri alınan, sağlam çevrəsi olan insanlardan idi. Bir həkim kimi insanları intihardan uzaqlaşdırmalı, cəmiyyəti düzgün istiqamətə yönləndirməli olan bir şəxsin intiharı ictimai problemin olduğu anlamına gəlmirmi?

- Şübhəsiz. Əlbəttə, bizim cəmiyyətdə psixoloji problemlərimiz çoxdur, "N" qədərdir. Çox təəssüf ki, bu problemlərin həlli üçün çalışan insanların sayı barmaqla sayılacaq qədərdir, çox azdır. Problem budur. Bütün cəmiyyətlərdə problem var, amma gəlin görək o problemin həlli üçün bizim mediamız, dövlət televiziyamız nə qədər çalışır? Dövlət televiziyası ki, dövlət büdcəsindən o qədər vəsait alır, bəs Azərbaycanda insanların psixoloji problemlərinin həlli üçün nə qədər çalışır? Bu televiziyada ayda nə qədər psixoloq, sosioloq saatı var? Bu səpgidə neçə veriliş var? Bu gün biz dövlət televiziyasında bir dənə maraqlı diskussiya görürük? Söhbət siyasi diskussiyadan getmir, sosioloji, psixoloji problemlərin həlli üçün atılan addımlardan gedir. Ölkədə boşanmaların sayı 50 faizi ötüb. Televiziyada ailə məsələsinə həsr olunmuş bir dənə veriliş göstərə bilərsiniz?

- Yoxdur.

- Yoxdur. Vəssəlam.

-Bəs, siz bu problemin aradan qaldırılmasının həlli yollarını televiziyalardan başqa, daha nələrdə görürsünüz?

- Burada təkcə iqtisadi amillərdən söhbət getmir. Dediyim kimi, iqtisadi problemləri olmayan ölkələrdə də yüksək səviyyədə insanlarda tənhalaşma gedir. İnsanlarda tənhalaşmanı yaradan əsas amillərdən biri sosial şəbəkələrin geniş yayılmasıdır. İnsanlar sosial şəbəkədə bir-biri ilə onlayn olaraq ünsiyyət qurduqları üçün onlarda canlı ünsiyyətə həvəs qalmır.

Söhbətləşdi: Asya ŞÜKÜROVA

Stopnarkotik.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55