Azərbaycanda partiya sədrinin ölkədən çıxışına QADAĞA QOYULDU - 2 nəfərin 160 min dollarını mənimsəyib... / YENİLƏNİB

18/11/2022 - 17:44

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Yüksəliş Partiyasının rəhbəri Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı yayılan məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, A.Əsədli barədə tətbiq olunan bu qərara səbəb iki vətəndaşın dələduzluqla bağlı nazirliyə etdikləri şikayətdir.

Belə ki, partiya rəhbəri yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları alaraq mənimsəyib:

"Hazırda hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. Anar Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət məhz bu araşdırmalarla əlaqədardır".

***17:21

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulub.

Qafqaz.media xəbər verir ki, bu barədə partiya sədri sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, bu gün Ankaraya səfər etməli imiş, lakin Daxili İşlər Nazirliyi (DİN) onun ölkədən çıxışına qadağa qoyub.

Hazırda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında olduğunu qeyd edən A.Əsədli, məsələ ilə bağlı DİN rəhbərliyinin məlumatlandırıldığını vurğulayıb.

Qafqaz.media