BAZAR GÜNÜ TİFLİSDƏ SAAKAŞVİLİYƏ DƏSTƏK MİTİNQİ KEÇİRİLƏCƏK – Eks-prezidenin atası oğlunun tərəfdarlarını aksiyaya çağırdı

18/11/2022 - 11:45

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin tərəfdarları bazar günü, noyabrın 20-də saat 14.00-da Tiflisdə mitinq keçirəcək.

Qafqaz.media xəbər verir ki, belə bir çağırışla eks-prezidentinatası Nikoloz Saakaşvili sosial şəbəkələrdə bəyanat yayaraq, Saakaşvili tərəfdarlarını mitinqə çağırıb.

“Gürcülər və qeyri-gürcülər, ölkənin inkişafı və rifahının tərəfdarları, Avropa yönümlülüyün tərəfdarları, cəmiyyətin sadə üzvləri, həkimlər, xüsusən gənclər!.. Bir-birinizə yaxın olun, Mişanın yanında olun! Mişa təcili olaraq xaricə müalicəyə aparılmalıdır!” - Nikoloz Saakaşvili yazıb.

O, iddia edir ki, oğlu tamamilə qondarma ittihamlarla həbsdədir və hazırda həbsxanada yaşamaq hüququ uğrunda mübarizə aparır.

Yaşı 80-dən çox olan və bu yaxınlarda özü də infarkt keçirən Nikoloz Saakaşvili yazır ki, səhhəti oğlunun həyatının xilas edilməsində fəal iştirak etməyə imkan vermir, bu səbəbdən də tərəfdarlarından kömək və dəstək istəyir.

Sonda Nikoloz Saakaşvili yazır: "Mişa sağ qalmalıdır!"

Xatırladaq ki, Mixail Saakaşvili hazırda Tiflisdəki “Vivamed” klinikasındadır. Ailəsi və vəkilləri onun vəziyyətinin pisləşdiyini, hakimiyyət rəsmiləri isə təşviş üçün heç bir əsas olmadığını və Saakaşvilinin bütün lazımi müalicəni aldığını bildirir.

Qafqaz.media