Bəşəriyyətin gələcəyini düşünən PREZİDENT!

03/05/2024 - 13:12

Etibar Əliyev: "Ölkəmizdə Bəşəriyyətin qarşısında duran ciddi problemlər ətrafında maraqlı diskussiyalar aparılır, COP29 "İqlim gələcəyi" barədə maraqlı diskussiyalar üçün yeni üfüqlər açacaq"

"Azərbaycan Prezidenti İlham Əliyevin mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı yeni paradiqmalarla zəngin oldu. Dövlətimizin başçısı Sülh və təhlükəsizlik naminə dünyanın gələcəyini düşünür: “Əlbəttə ki, iqlim dəyişmələrinə aid olan məsələlərə gəldikdə, bizə maliyyə vəsaiti lazımdır. Bəli, maliyyə məsələsi öz növbəsində COP29-un əsas mövzusu olacaq. Lakin bizə həmrəylik və qarşılıqlı etimad lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq”. Bəşəriyyətin üzləşdiyi fəlakətlərlə bağlı böyük alimlərin, Nobel mükafatı laureatlarının görkəmli dövlət başçılarının çağırışları tarixə düşüb və tez-tez bunlara istinadlar edilir". Hurriyyet.az xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev qeyd edib.

Millət vəkili bildirib ki, 1955-ci ildə Nobel mükafatı laureatları Bertran Rassel Albert Eynşteynlə birlikdə sonralar bir çox başqa görkəmli alimlərin imzaladıqları manifesti tərtib etdilər: "Bununla “Paqouş alimlər” hərəkatının əsası qoyuldu. Bu tarixi sənəddə deyilir: "Biz yeni şəkildə düşünməyi öyrənməliyik. Biz düşünməməliyik ki, mənsub olduğumuz düşərgə hansı addımları atmalıdır ki, qələbə çalsın. Belə addımlar artıq yoxdur. Biz özümüzə belə bir sual verməliyik: nəticəsi bütün iştirakçıları üçün fəlakətli olacaq silahlı mübarizənin qabağını almaq üçün hansı addımları atmaq lazımdır". Sonralar bu hərəkatın fəaliyyətində durğunluq yarandı. Azərbaycan Prezidentinin Forumun açılışında söylədiyi fikirlər böyük alimlərin ideyalarının davamıdır. Albert Eynşteynlə Bertran Rasselin imzaladıqları manifest zamanı bəşəriyyəti atom silahı təhdid edirdi. İndiki dövrdə isə buna iqlim dəyişiklikləri də əlavə olunub. İqlim dəyişiklikləri-dünyanın məhək daşıdır!"

Etibar Əliyevin sözlərinə görə, iqlim dəyişikliklərinin səbəb-nəticə əlaqələrinin öyrənilməsi fənlərarası tədqiqatlar tələb edir: "Bu baxımdan İqlim dəyişiklikləri sadə problem sayıla bilməz. Mürəkkəbliyi sadə bir misalla izah edəcəm. Böyük Britaniya sosioloqu Con Urri yazır: “İqlim dəyişikliyi ilə hər şey dəyişir. Bir çox hesablamalar göstərir ki, gələcəkdə temperaturun 2 dərəcə artmasına qətiyyən imkan vermək olmaz. Bu o deməkdir ki, ABŞ və Avropa İttifaqı parnik qazlarının atmosferə atılmasını 80% azaltmalıdır. Bu isə iqtisadi inkişafın tələblərinə cavab vermir.” Sülh üzrə nobel mükafatı laureatı Alber Qor iqlim dəyişikliyini “cəhənnəmdən gələn problem” adlandırır: “Bunun masştabı, mürəkkəbliyi və zaman çərçivəsi, böhranın səbəbləri, həlli yollarının ictimai müzakirəsini çətinləşdirir.” Məhz Azərbaycanda keçirilən COP29 bu məqsədlərə xidmət edir. İndi “İqlim gələcəyi” anlayışı işlədilir. Və Cop29 -un əsas şüarlarından biri bu olmalıdır: “Gələcəyə xoş gəlmisiniz!” Gələcəyin necə seçilməsi ilə bağlı böyük alimlər tədqiqatlar aparırlar. COP-29 həm də alimlərə tədqiqatlar üçün yeni mövzular verəcək. Gələcək artıq müasirliyə nüfuz etməyə başlayıb. Dünyanın yeni optimizmə ehtiyacı var. Böyük Dövlət adamı Vaslav Qavel yazırdı: “Optimizm dünyanın deyil, insan ruhunun vəziyyətidir. Dünyada horizontal baxışlar genişlənməlidir.” “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” Azərbaycanda keçirilən 6 Beynəlxalq Humanitar Forum və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun davamıdır. Azərbaycan dünyanı narahat edən mövzuların müzakirəsinin paytaxtına çevrilib. Ölkəmizdə Bəşəriyyətin qarşısında duran ciddi problemlər ətrafında maraqlı diskussiyalar aparılır. COP29 “İqlim gələcəyi” barədə maraqlı diskussiyalar üçün yeni üfüqlər açacaq".

Hurriyyet.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ