“DEMOKRATİYA, AZAD SEÇKİLƏR BOŞ SÖHBƏTLƏRDİR...” – “Gürcüstanda bizdəki kimi inhisarçılıq yoxdur”

11/12/2024 - 10:31

Tanınmış iqtisadçı, ReAL Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli “AzPolitika.info”-ya müsahibəsində Gürcüstanda baş verən hadisələr, həmçinin Azərbaycanda gələn ilin büdcəsindən gözləntilər, hökumətin planları, devalvasiya riski və s. mövzulara dair sualları cavablandırıb.

Müsahibənin birinci hissəsini təqdim edirk:

- Natiq bəy, əvvəlcə Gürcüstandakı hadisələr barədə suallarımız olacaq. 12 gündən artıqdır qonşu ölkədə davamlı etiraz aksiyaları keçirilir. Görünən odur ki, nə müxalifətin, nə də hökumətin geri çəkilmək fikri yoxdur. Qarşıdakı mənzərəni necə təsəvvür eləmək olar? Sizcə, Gürcüstanı nə gözləyir?

- Gürcüstanın önündə iki mühüm tarix var ki, onları aşa bilsə, bundan sonra hökumət daha rahat davrana biləcək. Birinci tarix çox yaxındır - 14 dekabrdakı prezident seçkiləri. Əgər seçkilərdən sonra daha güclü bir dalğa yaranacaqsa, bu, Gürcüstan hökuməti üçün ciddi başağrısına çevriləcək. Çünki hökumətin seçkidən öncə bir neçə strateji səhvi oldu. İki əsas səhvi göstərmək olar. Birincisi, bütün kampaniyanı “Biz Ukrayna olmaq istəmirik”, “Müharibə istəmirik”, “Sülh istəyirik” üzərində qurdular. Halbuki, son 10 ili götürsək, Gürcüstan Cənubi Qafqazda ən yüksək templə inkişaf edən ölkədir. İnsanların dolanışıq səviyyəsi yaxşı idi, sosial problemlərin bir çoxu həll olunmuşdu, gəlirlər artmışdı, gürcü larisi dünyada dollar qarşısında möhkəmlənən nadir valyutalardan biri idi. Bunun üzərinə kampaniya qurmamaq yanlış oldu.

İkinci yanlış isə Salome Zurabişviliyə qarşı impiçment cəhdi idi. Seçkilərdən beş-altı ay öncə belə bir addıma getmək doğru deyildi. Çünki zatən seçkilərdən sonra yeni prezidentin seçiləcəyi aydın idi və buna cəmi bir neçə ay qalmışdı. Zurabişvilinin reytinqi də çox aşağı idi. Amma bu basqı Zurabaşvilini məzlum obrazı roluna gətirdi və onun reytinqini kifayət qədər yüksəltdi. Bu iki strateji səhv bugünkü aksiyaların təməlini təşkil edən məsələlərdir.

- Bəs “xarici agentlər” və “azlıqlar”la bağlı qəbul olunmuş məhdudlaşdırıcı qanunlar necə?

- İki qanun layihəsi etirazlara səbəb oldu. Biri xarici agentlər, ikincisi isə azlıqların hüquqları ilə bağlı qanundur. Bu iki qanunun diktə olunduğu məqsədlər fərqli idi. Gürcü cəmiyyəti kifayət qədər konservativ, dindar bir cəmiyyətdir. Azlıqlarla bağlı qanun layihəsi ümumiyyətlə, etiraza səbəb olmadı. Xarici agentlərlə bağlı qanunu isə hökumət doğru izah edə bilmədi. Əslində bu, Rusiya qanunu deyildi, 1937-ci ildə Amerika Birləşmiş Ştatlarında qəbul olunmuş qanunun gürcü dilinə tərcümə olunmuş versiyası idi. İzah edə bilmədilər ki, doğrudan da bu qanun tək Qərbdən gələn qrantlara və yaxud da hansısa bir formadakı iştirakçılığa qarşı yox, həm də Rusiyadan, İrandan gələ biləcək təhdidlərə qarşıdır. Nəticə etibarilə də belədir. Məsələn, son zamanlar Gürcüstanda Rusiya maliyyəsi ilə iki televiziya kanalı açılmışdı... Qərb də burada özünü doğru aparmadı. Bu məsələdə həddindən artıq məntiqsiz basqılar qurdu və nəticə etibarilə etiraz dalğası yarandı. Amma mənim bir başqa ehtimalım da var. “Gürcü arzusu” ağılsız insanlardan ibarət deyil. Bütün komanda qərbyönümlüdür və Qərbdə təhsil almış insanlardır. Onlar ola bilsin, seçkidən qabaq cəmiyyətin nəbzini yoxladılar ki, etiraz potensialı nə qədərdir? Gördülər ki, etiraz potensialı o qədər də böyük deyil. Açığı, doğru strategiya qurmuşdular. Elə də oldu. Seçkilərdən sonra etirazlar demək olar ki, yox idi. Bir-iki etiraz oldu, dağılışdılar və sakitləşməyə doğru getdilər.

- Amma Baş nazir Kobixidze məlum “Avrointeqrasiya 2028-ci ilə qədər dayandırılır” bəyanatı ilə işləri korladı... 

- Siyasətdə çox zaman ağıl, məntiq, irəlidə olur. Amma bəzən emosiyalar daha ön plana çıxır. Gürcüstanın Avropa Birliyinə üzvlüklə bağlı danışıqları artıq dayandırılmışdı. Bununla bağlı Avropa Parlamentinin bəyanatı var idi. Seçkilərdən sonra parlament seçkilərini tanımadığını bəyan etdi və bütün əlaqələri dayandırmağa çağırış etdi. “Gürcü arzusu” çıxıb deyə bilərdi ki, “Bizlik nə var? Bizim yolumuz Avropadır, Avropa Birliyinə inteqrasiyadır. Amma Avropa Birliyindən gələn basqılara görə danışıqlar dayanıb. Lakin biz çalışacağıq ki, bu danışıqlar pərdəsini yenidən açaq”. Bunu desəydi, bununla da məsələ bitmişdi. Amm həddindən artıq emosional davrandılar. Dedilər ki, “Siz bizi işdən çıxarmırsınız, biz özümüz ərizə yazıb gedirik”. Bu, çox ciddi strateji səhv idi və bugünkü etirazların əsas səbəbi də budur. Amma burada müxalifətin də təqdim edə biləcəyi alternativ heç nə yoxdur. Söhbət iqtisadi, sosial proqramdan gedir.

- Məsələ burasındadır ki, İvanişvilinin iradəsi həlledci faktordur, komanda üzvləri nə qədər ağıllı olsalar da, qərarları o verir. İvanaşvilinin ortaya qoyduğu iradə məlum qanunla bağlı idi və o, bütün etirazlara rəğmən qəbul olundu...

- Çox qəribədir, İvanişvilinin özünə sanksiya qoyuldu. Səhv eləmirəmsə, 2,3 milyard dolları donduruldu. Qərb tərəfdən bu addım atılanda dedilər ki, bu pulu Rusiyada qazanıb, ona görə dondurulur. Amma insafən deyək ki, 2004-cü ildən sonra İvanişvilinin Rusiyada bir qəpik pulu yoxdur.

Amma Qərb də yanlış davrandı. Qərb deyə bilərdi ki, zatən seçkiyə gedilir, əgər müxalifət udsa, parlamentdə çoxluq qazansa, həmin qanun ləğv oluna bilər. Amma Qərb gürcü xalqını cəzalandırdı.

Müxalifətin səhvi də ondan ibarət idi ki, onların “Biz Avropaya getmək istəyirik, hökumət getmək istəmir” tezisindən başqa bir variantı yox idi. Gürcüstanda bu etirazlar korrupsiyaya, gömrük qanunlarına, seçki saxtakarlığına, iqtisadi məsələlərə görə deyil. Baxın, müxalifət də az səs almayıb axı. Belə diktatura, belə seçki saxtakarlığı, belə avtoritarizm olmur. Saxtakarlıq olsaydı elə səslərin 80 faizi saxtalaşdırılardı...

- Gürcüstanda bu səviyyədə saxtakarlıq etməyə şərait yoxdur...

- Deməli, Gürcüstandakı demokratik təsisatlar və institutlar axsaq olsa da, çalışır. Demokratik təsisatları və seçki institutu olan ölkələrdə küçədən hakimiyyətə gəlmək olmaz. Bu, xaotik bir durum yaradır, doğru bir yanaşma deyil. Müxalifətin yerinə olsaydım, mən daha güclü bir konsolidasiya apararaq bələdiyyə seçkilərini udardım. Gürcüstandakı bələdiyyələrlə bizim bələdiyyələri səhv salmaq olmaz. İndi küçədə, meydanda yaratmaq istədikləri pat vəziyyətini hüquqi müstəviyə çevirmək olardı. Amma tələsirlər və bu gün baş verən hadisələr də o tələskinliklə bağlıdır.

- Nəyə tələsirlər?

- Yanvarın iyirmisindən, Tramp and içib hakimiyyətə gələndən sonra “Gürcü arzusu”na qarşı xaricdən basqılar azalacaq. Praktik olaraq “Gürcü arzusu” bunu bilir. Ona görə də bu basqılara dözür. Müxalifət də çalışır ki, basqıları artırsın və yanvarın iyirmisinə qədər məsələni həll etsin.

- Gürcüstan təhlükəsizlik qüvvələri etirazları lokallaşdıra bilsə də artıq cəmiyyətdə hakimiyyətə etimad böhranı var. Sorğulara görə, əhalinin 80-85 faizi Avrointeqrasiya tərəfdarıdır, çünki gəlirləri oradan formalaşır. Yəni, bu artıq müxalifətin deyil, cəmiyyətdə əksər təqbəqələrin etirazıdır...

- Bu da bir qədər yanlış təsəvvürdür. Bəli, Avropaya vizasız gediş-gəliş Gürcüstan əhalisinin bir qismi üçün gəlir mənbəyinə çevrilib. Gedirlər, heç olmasa 3-5 ay işləyirlər, oradan məhsul gətirib satırlar və sair. Bu gün Gürcüstana Rusiyadan 1,3 milyon turist gəlir. Onların xərclədiyi vəsait bu il 2,8 milyard dollar olub. Xarici ticarətə baxsaq, Gürcüstanın 2 əsas ixrac potensialı var – spirtli, spirtsiz içkilər və kənd təsərrüfatı məhsulları. Gürcüstanda bizdəki kimi inhisarçılıq yoxdur. Orada 1500-ə yaxın şərab istehsal edən istehsalçı var. Kənddə bir ailəyə məxsus zavodlar var ki, aya 1000 butulka şərab buraxır. Onların bazarı Rusiyadır. Bu il ərzindən Rusiyaya 660 milyon dollar dəyərində spirtli və spirtsiz içki satıblar.

- Bizim Rusiyaya satdığımız pomidorun qazancından 3-4 dəfə çox...

- Bəli. Bu gün Rusiya ilə əlaqələr kəsilsə, bunu kimə satacaqlar? Avropaya satmaq istəyər, amma Avropa almır axı. Avropada spirtli içkilərin satışını həyata keçirmək üçün 10-11 beynəlxalq sertfikasiya sənədi lazımdır.

- İndi gürcü şərabı Avropada satılmır?

- Ancaq bəlli ölkələrdə, müqavilə ilə. O ölkələrin də öhdəliyi var ki, şərabı ölkədən kənara buraxmasın. Məsələn, Polşaya satır. Polşadan onu harasa aparmaq qadağandır. Bunu niyə ediblər? Fransa, İtaliya və İspaniyanın şərab istehsalçıları bazara iki avrodan şərab çıxarırlar. Gürcüstanın şərabı orada kimə satılacaq? İtaliya, İspaniya, Fransa ilə mübarizə apara biləcəkmi? O bazarın öz iştirakçıları da gürcü çaxırını bazara buraxmır. Amma Rusiyada nə olsa içəcəklər. Məsələn, cari ildə Rusiyaya 212 milyon dollarlıq viski, konyak və çaça satıblar. Bu gün Avropada çaça satışı qadağandır. Yəni, bu məsələlərə də baxmaq lazımdır. Ona görə bu gün Rusiyadan tam imtina etmək istəmirlər.

Müxalifət isə vizasız gediş-gəlişi və təhsil məsələsini qabardır. Baxın, bu gün niyə aksiyalarda daha çox tələbələr iştirak edirlər? Bizdən fərqli olaraq Gürcüstan təhsil sahəsində Avropa Birliyinin bir neçə proqramına qoşulub. Məsələn, bu gün azərbaycanlı tələbə İtaliya, İspaniya, Almaniya universitetlərində nə qədər ödəniş edirsə, gürcü tələbə onun 5 qat aşağı məbləğini ödəyir. Müxalifət tələbələrə müracit edir ki, “Bax, bu “Gürcü arzusu” sizin arzunuzu gözünüzdə qoyacaq, Avropada oxuya bilməyəcəksiniz”.

- Müxalifətdə lider problemi də var...

- Zurabişvili qabağa çıxıb, amma ona qarşı gürcü müxalifətində suallar var. Məsələn, Saakaşvili sual ünvanlayır ki, prezidentsən, niyə məni əfv etmirsən?

- Əfvin ziyanı da olacaq axı... 

- Nə ziyanı olacaq? Çıxıb müxalifəti birləşdirən fiqur olacaq.

- Saakaşvili ölkədə birmənalı qəbul olunmur. Bu günlərdə hətta Zurabişvili dedi ki, “İvanişvili ölkəni Saakaşvilidən də betər elədi”...

- Başa düşürəm, amma faktiki olaraq 4 müxalif partiya arasında ən çox səsi Saakaşvilinin partiyası toplamışdı.

- Qarşıdakı 4 gün ərzində Saakaşvilini əfv edə bilərmi?

- Əlbəttə, 14 dekabra qədər vaxt var.

- Edəcəkmi sizcə?

- Məncə yox. Çünki onların da arasında fikir ayrılıqları var. Sizin dediyinizdə bir həqiqət var ki, cəmiyyətdə 20 faizlik kəsim Saakaşvilini dəstəkləyə bilər, amma müxalifətin içində ona nifrət edənlər də var. Onlar meydandan dağıla bilər.

- Tutalım ki, hökumət bu kataklizmdən çıxdı. Sonra nə olacaq? “Gürcü arzusu” üçün necə olacaq? Təbii ki, Qərbdən gələn sanksiyalardan sonra sosial həyat çətinləşəcək...

- Çətinləşməyəcək. Bu gün Qərbin bu basqılarının əsas səbəbi heç də Rusiya deyil. Rusiya bəhanədər. Əsas məsələ Çinlə bağlıdır. “Gürcü arzusu” Çinlə 8 milyard dollarlıq müqavilə bağlayıb.

- Limanların icarəsi ilə bağlı...

- Bəli. İki mərhələli 50 illik bir icarə müaviləsindən söhbət gedir. Bu, Qərbin xoşuna gəlmir. Yoxsa, demokratiya, azad seçkilər boş söhbətdir. Əsas məsələ maraqlardır. Qərb deyir ki, Çini bu limanlardan qovun. “Gürcü arzusu” ABŞ-də respublikaçılar fəaliyyətə başlayana qədər dözsə, deyəcək ki, müqaviləni ləğv edirəm. Bununla da məsələ bitəcək. Məsələ budur. İndi müxalifət ikinci mərhələyə hazırlaşmalıdır.

- Ona qədər İvanişvili onların “nəfəsini kəsəcək”...

- Məncə yox. Bu gün Gürcüstanda azad məhkəmə sistemi və dövlət institutları var. “Gürcü arzusu” məcburiyyətdən bu institutları saxlayacaq ki, insanlar dolansın. Gürcüstanın cari açığı 6 milyard dollara yaxındır. Turist, investor gəlməsə, o pulu bağlamaq mümkün deyil. Müxalifətdə isə “biz hansı Gürcüstanı istəyirik” təsəvvürü yoxdur. “Biz Avropa istəyirik” deyirlər. Avropa Birliyinə Gürcüstanı, Ermənistanı və Azərbaycanı ayrı-ayrılıqda götürməyəcəklər. Dəfələrlə iştirak etmişən Avropadakı belə tədbirlərdə. Bunun mənasını görmürlər.

- Belə çıxır ki, Azərbaycanla da məşğul olacaqlar...

- Əlbəttə. Avropa Birliyi indiki institusional formada qalacaqsa, Azərbaycan, Gürcüstan və Ermənistanın bu birliyə üzvlüyü Türkiyədən asılı olacaq. Türkiyənin Avropa Birliyinə üzvlüyü qəbul olunacaqsa, o zaman Cənubi Qafqaz da qəbul olunacaq. 

- Amma inteqrasiya prosesi də var...

- Bəli. Avropa Birliyinə üzvlük 20 paraqrafdan ibarətdir. Məsələn, Monteneqroya baxaq. NATO-ya qəbul ediblər, Avropa Birliyinə yox. Niyə? Çünki 20 müddəanın heç yarısını belə doldura bilməyib. 20 başlıq var, hərəsində də minlərlə suallar var. Serbiya Avropanın göbəyindədir. Qəbul etmirlər. Nə NATO-ya, nə də Avropa Birliyinə. Yəni, belə asan məsələ deyil. “Avropa Birliyi qapını açıb, “Gürcü arzusu” ora girmək istəmir” məsələsi deyil. Bunu izah edə bilmirlər xalqa. Avropa Birliyi kollektiv məsələdir. Guya indi Ermənistanda da Avropaya inteqrasiya sürətlənib, üzvlük məsələsi gündəmdədir və s. Mümkün deyil, hamısı boş söhbətlərdir. Cənubi Qafqaz bunu anlamalıdır ki, bu, Türkiyəsiz mümkün deyil. Ola bilər ki, ilkin mərhələdə bu 3 ölkə NATO-ya qəbul olunacaq, eyni anda. Bax, bundan sonra artıq Avropa Birliyinə üzvlüklə bağlı müzakirələr başlayacaq. Başqa yol görünmür. Tutalım, Ermənistanı qəbul elədilər Avropa Birliyinə. Geosiyasi dalan var axı. Bizim millətdə belə təsəvvür var ki, Avropa Birliyi odur ki, sərhəd yoxdur, mindim maşına, getdim və bununla da bitdi. Bazar tənzimlənməsi, Avropa komissiyalarının, mərkəzi bankın qaydaları var. Onu necə tətbiq edəcəksən burada? Və ya tutalım ki, Gürcüstan üzv olub. 3 ölkə ilə tərəfdaşdır – Azərbaycan, Rusiya, Türkiyə. Avropa Birliyi bazarının da öz qaydaları var. Bu ölkələrlə sən öz qaydalarınla alış-veriş edə bilməzsən. O zaman nə olacaq? Ona görə də “Gürcü arzusu” yeni nəsə fikirləşməsə, bir müddət sonra prosesin özü mənasını itirəcək. 

(Davamı olacaq)

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ