DEPUTAT ATANIN DEPUTAT OĞLU... – Talıbovların mandatı alınacaqmı?

30/12/2022 - 13:19

Məlum olduğu kimi, dekabrın 21-də Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. Lakin V.Talıbov Naxçıvan MR-nın Ali Məclisinin sədri vəzifəsindən istefa versə də, onun deputat statusu hələ də qalır. O, hazırda həm Naxçıvan Ali Məclisinin, həm də Milli Məclisin deputatıdır. Yeri gəlmişkən, onun oğlu Seymur Talıbov da Naxçıvan Ali Məclisinin deputatları sırasındadır. V. Talıbov əsas vəzifəsini itirdikdən sonra artıq S. Talıbovla eyni statusa və səlahiyyətlərə sahibdir.

Lakin V. Talıbovun istefasından sonra mətbuatda səsləndirilən iddiaları nəzərə alsaq, deyəsən ata və oğlun deputatlıq fəaliyyəti çox uzun çəkməyəcək. Belə ki, bir sıra iddialara görə, qarşıdakı günlərdə Naxçıvan Ali Məclisi buraxılacaq və V. Talıbovun Milli Məclisdəki deputatlıq mandatına xitam veriləcək. Əslində Muxtar Respublikada aşkara çıxarılan korrupsiya faktları və bir sıra qanunsuz əməllər adıçəkilən şəxslərin deputatlıq fəaliyyətini də şübhə altında qoyur.

Bundan əlavə, V. Talıbov 27 illik, S. Talıbov isə 7 illik deputatlıq fəaliyyətləri dövründə sübut ediblər ki, onlar bu statusa layiq deyillər, bu işə ciddi yanaşmırlar və öz vəzifələrini düzgün icra etmirlər.

Məsələn, elə götürək “xan”ın 34 yaşlı oğlu Seymur Talıbovu. İlk dəfə 2015-ci ildə, ikinci dəfə isə 9 fevral 2020-ci il tarixdə Naxçıvan Ali Məclisinin VI çağırışında 25 saylı Naxçıvan şəhər seçki dairəsindən deputat seçilən Seymur, həm də Naxçıvan Ali Məclisinin İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Mətbuatda gedən xəbərlərə görə, o, 2020-ci ildə 25 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3942-nin və ya 91,1 faizinin səsini toplayaraq deputat seçilib.

Sual olunur ki, bu seçicilər nə vaxtsa Seymurun üzünü görüblərmi və ya o, bu 7 il ərzində nə işlə məşğul olub?

İnternet resurlarında apardığımız araşdırma nəticəsində məlum oldu ki, S. Talıbov təmsil olunduğu dairənin sakinləri ilə sonucu dəfə 3 fevral 2020-ci il tarixdə yəni, seçkidən 6 gün əvvəl görüşüb. Əliabad qəsəbə sakinləri ilə görüş keçirən Seymur MR-də görülən işlərdən danışıb, bütün seçiciləri səsvermədə iştirak etməyə çağırıb. Bundan sonra onun sakinlərlə görüş keçirdiyi, onların problemlərini dinlədiyi, hər hansı bir açılışda iştirak etdiyinə dair heç bir məlumat yoxdur. Qısaca 25 saylı seçki dairəsinin seçiciləri Seymurun üzünü yanlız seçkidən-seçkiyə görə bilirlər. Yeri gəlmişkən onu da qeyd edək ki, 45 daylı seçki dariəsi üzrə keçirilən səsvermədə Seymur Talıbov (91,1) səs toplayaraq, yalnız atası Vasif Talıbov (94,6) və onun birinci muavini Azər Zeynalovdan ( 91,4) geri qalıb.

Seymur Talıbovu gənc alim və siyasətçi kimi qələmə verən Naxçıvanın rəsmi xəbər portalı ”Nuhçıxan” yazır ki, S. Talıbov 2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq, 2007-2010-cu illərdə Bakı Dövlət Universitetinin magistraturasında Beynəlxalq hüquq, 2009-2010-cu illərdə İngiltərədə London City Universitetinin magistraturasında Beynəlxalq siyasət üzrə təhsil alıb.

2013-cü ildə isə Böyük Britaniyanın Oksford Universitetində Said Biznes Məktəbinin Executive Eduation Liderlik və İdarəçilikdən məzunu olub. Seymur “müəllim”in bir dərs vəsaiti və 20-ə yaxın elmi məqaləsinin olduğu bildirilir.

Vasif Talıbov oğlu Seymur kimi “elm adamı” olmasa da, 27 ildir Azərbaycan Milli Məclisinin 1 nömrəli deputatı hesab olunur. Yəni, o 1995-ci ildən bəri keçirilən bütün seçkilərdə 1 saylı Şərur-Sədərək seçki dairəsindən YAP-ın deputatlığa namizədi olub və həmişə marafonu qalib başa vurub. V. Talıbov o vaxtdan bəri cibində deputat mandatı daşıyır. Ancaq onun da fəaliyyəti daha doğrusu fəaliyyətsizliyi S. Talıbovdan fərqlənmir.

Belə ki, internet resurslarında onun Milli Məclis binasında, iclasında, hər hansı tədbirində bir dənə də olsun foto və ya video görüntüsü yoxdur.Statistik araşdırmalar zamanı məlum oldu ki, 62 yaşlı V. Talıbov Parlamentdə sonuncu dəfə 2005-ci ildə çıxış edib. Həmçinin V. Talıbov yeganə deputatdır ki, Milli Məclisin heç bir komitə və komissiyasının üzvü deyil. O, yanlız Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Azərbaycan parlamentinin fəaliyyətini özündə əks etdirən “Meclis.info” saytında yer alan məlumatlar da yazıda qeyd olunan faktları təsdiqləyir. Məsələn, saytın infoqrafikasından görünür ki, V.Talıbov Milli Məclisin heç bir iclasında olmayıb, heç bir çıxışı qeydə alınmayıb. Eyni zamanda onun sosial şəbəkə və media fəaliyyəti, ümumilkdə deputat reytinqi də sıfıra bərabərdir.

Məlumat üçün onu da qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, V.Talıbov parlamentin iclaslarında iştirak etməlidir. Nizamnaməyə əsasən, əgər deputat 1 il müddətində parlamentin ardıcıl 15 iclasında iştirak etmirsə, bu barədə İntizam komissiyasına təqdimat verilməli və onun deputatlıq səlahiyyətlərinə xitam verilməsinə baxılmalıdır. İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqda rəy qəbul edə və məsələni Milli Məclisin müzakirəsinə çıxara bilər. Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

E. Bəyməmmədli