Devid Kramer gürcü oliqarxa qarşı sanksiyaları dəstəklədi – ABŞ səfiri: “O, Gürcüstanın rifahını düşünür”

22/11/2022 - 17:59

“ABŞ dövlət katibinin keçmiş köməkçisi, Bidzina İvanişviliyə qarşı sanksiyaları dəstəkləyən Devid Kramer Gürcüstanın rifahını düşünən şəxsdir”.

Qafqaz.media xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bildirib.

Səfir Kramerin bəyanatını şərh etməyəcəyini deyib.

Qeyd edək ki, Corc Buş İnstitutunun nümayəndəsi Devid Kramer “Formula TV”-yə müsahibəsində bunları deyib:

“Hazırda sanksiyalar olmadan ölkə açıq şəkildə yanlış istiqamətdə gedir. Düşünürəm ki, məqsədyönlü sanksiyalarla Gürcüstan hökumətinin indiki davranışını davam etdirməsinin qarşısına almaq olar. Şübhəsiz ki, əks halda müvafiq cəza tədbirləri görmək, hökumətin qərarına münasib qiymət veriləcəyini nümayiş etdirmək imkanı da var”.

Jurnalistlərin Kramerin açıqlaması barədə nə düşündüyünü soruşduqda, ABŞ səfiri belə cavab verib:

“Cənab Kramer akademik dairələrdə dəyərli, Gürcüstanı yaxşı tanıyan və ölkənin taleyi üçün çox narahat olan şəxsdir. Mən onun bəyanatlarını şərh etmək istəmirəm, amma təbii ki, o, Gürcüstanda baş verənləri diqqətlə izləyir və Gürcüstanın təhlükəsizliyindən çox narahatdır. Onun şərhi öz təcrübəsindən gəlir”.

Qafqaz.media