Dövlət Yanğından Mühafizə Xidməti azyaşlılar üçün “açıq qapı” günü keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Səbail rayon Yanğından Mühafizə Hissəsində “açıq qapı” günü keçirilib.
FHN-dən APA-ya verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd azyaşlıların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına və yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
Tədbirdə Bakı şəhəri ərazisində fəaliyyət göstərən “Nurcan” uşaq bağçasının azyaşlıları, tərbiyəçi və müəllimlər iştirak ediblər.
Tədbir iştirakçılarına yanğınsöndürənlərin günlük rejim qaydaları və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların günlük məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə, eyni zamanda fövqəladə hallarla bağlı rəsm və maketlərdən ibarət sərgi ilə tanış yaxından tanış olublar.
Maraqlı keçən tədbirdə azyaşlıların sualları cavablandırılıb.