“Düyməcik” yenidən Kukla Teatrının səhnəsində

15/04/2024 - 12:32

Aprelin 20-də Azərbaycan Dövlət Kukla Teatrı daha bir səhnə işini balaca teatrsevərlərin ixtiyarına verəcək.

Qafqaz.Media xəbər verir ki, kuklaçılar bu dəfə səhnədə uşaqların sevimli yazıçısı, məşhur nağılçı Hans Xristian Andersenin “Düyməcik” nağılını təqdim edəcəklər.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı isə, Rəvanə Yaqubovadır.

Açıq kukla idarəetmə texnikasından istifadə edilməklə hazırlanan nümunədə fərqli plan və forma seçilərək animasiya ilə klassik kukla estetikasının vəhdətinə nail olunub. Yeni və maraqlı üslubda dekorasiya və əlbisələrin olduğu tamaşada pantom və mimikalar ilə oyun texnikalarından da istifadə edilib.

Maraqlı və baxımlı olduğu qədər də ibrətamiz nümunədə əsərdən irəli gələn əsas xətt - insanı bütün arzularına çatdırıb, möcüzələrə inandıran saf hiss və ümidlərini saxlamaqla dinamik yozuma nail olunub.

Çiçəkdən doğulmuş barmaq boyda gözəl bir qızcığazın nağılını “danışan” bu nümunə 1835-ci ildə Danimarkada çap olunub və elə o vaxtdan müəllifini tanıtmağa başlayıb.

Andersenin əksər nağılları kimi müəllif təxəyyülünün məhsulu olan “Düyməcik” 1907-ci ildən teatr səhnələri və animasiya filmlərinin mövzularından biridir.

Fuad BİLƏSUVARLI 

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18