Emin Əmrullayev o məktəbə getdi - Fotolar
Dekabrın 6-da elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov adına Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbdə olub.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Natiq Qasımovun məktəbin foyesindəki xatirə lövhəsinə baxış keçirilib, qəhrəmanımızın əziz xatirəsi ehtiramla yad edilib.
Sonra təhsil ocağının ümumi fəaliyyəti və əldə etdiyi uğurlar barədə məlumat verilib. Bildirilib ki, Natiq Qasımovun təhsil aldığı bu məktəbdə hazırda 1345 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 80 müəllim məşğul olur.
Emin Əmrullayev təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olub və tədris prosesini izləyib, həmçinin məktəbin pedaqoji heyəti ilə görüşüb.
Daha sonra “Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun adının verilməsi barədə” Qərara uyğun olaraq, yaxın zamanda müvafiq işlərin görülməsi məsələləri müzakirə edilib.
Qeyd edək ki, noyabrın 29-da Nazirlər Kabinetinin müvafiq qərarı ilə Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun adı verilib.