ERMƏNİSTANLA SƏRHƏDLƏRİ HANSI XƏRİTƏ ƏSASINDA MÜƏYYƏN ETMƏLİYİK? – Və yaxud İrəvan niyə 1926 və 1974-cü il xəritələrini önə atır…

17/12/2021 - 22:24

Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Brüsseldə keçirilən üçtərəfli görüşünün nəticəsi kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin ən azı "dəmir yolu" hissəsinə start verilməsi oldu.

Belə ki, qarşılıqlılıq prinsipi əsasında müvafiq sərhəd və gömrük nəzarəti tədbirləri ilə dəmir yolu xətlərinin bərpasına davam edilməsi qərarı açıqlandı. Aİ iqtisadi və investisiya planına uyğun olaraq, bu xətlərinin inkişafına dəstək verməyə hazır olduğunu bildirdi. Fikir verdinizsə, həm Paşinyan, həm də görüşdən sonra onun müavini Mqer Qriqoryan bəyan etdi ki, “dəmir yolu ilə bağlı qarşılıqlı anlaşma formalaşıb”.

“Bizim danışıqlarımız Yerasx-Horadiz xəttinə aiddir. Bu hissə ona görə vacibdir ki, Yerasxdan İranla əlaqə yaratmağa imkan verir və Gürcüstan dəmir yolu ilə əlaqəni təmin edir”, - deyə Mqer Qriqoryan izah etdi.

“Yerasx-Horadiz xətti” Zəngəzur dəhlizinin başqa adıdır. Çünki əvvəlki adı ilə Zəngəzur dəhlizi Arazdöyən kəndi və Horadiz ilə birləşdirilə bilər. Yerasx - Ermənistanın Ararat vilayətindəki kənddir. Yerasx - Arazdöyən Azərbaycanla sərhədə ən yaxın "erməni" kəndidir. Bu yaşayış məntəqəsi Azərbaycanın sərhəddən keçən Heydərabad şəhərinə bitişikdir, Türkiyənin Avropa yolu olan “E 99” magistral yolunun yanında və İranın Quş kəndinini yaxınlığındadır.

Brüssel görüşünün ardınca ABŞ dövlət katibi Entoni Blinkenin öz Tvitter səhifəsində Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini dəstəklədiyini bəyan etməsi, eləcə də Fransa prezidenti Makronun qeyir-formal görüşə təşəbbüs etməsi onu göstərir ki, həddən artıq ciddi geosiyasi qüvvələr Cənubi Qafqazda sülhün və kommunikasiyaların açılmasının tərəfdarıdırlar. Minsk qrupunun dövriyyədən çıxarılması haqda bir kəlimə də deyilməməsi, eləcə də ABŞ Dövlət Departamentinin əvvəl cani-dildən təzyiq vasitəsi kimi istifadə etdiyi “erməni genosidi”nin xatırlanmaması da göstərir ki, onlar özləri də bu rıçaqların köhnəldiyini və artıq əhəmiyyətini itirməkdə olduğunu qəbul edirlər.

Əlbəttə, dəmir yolunun açılması üçün işlərə start verilməsi məqbuldur, amma yetərli deyil. Əsas məsələ avtomobil yollarının da işə düşməsi üçün çalışmaların aparılmasıdır.

Bu məqamda Azərbaycanın "Ögey ana" filmindəki Hüseyn dayının "Yol adamı aydınlığa çıxarır, yol mədəniyyət, dövlət, var deməkdir" sözləri tam yerinə düşür və bu məsələ Azərbaycan üçün daha çox əhəmiyyətlidir. Prezident İlham Əliyev Brüssel görüşündə təsadüfən "ya hər iki dəhlizdə postlar olmalıdır, ya hər iki tərəfdə də olmamalıdır" cümləsini vurğulamadı. Sovet zamanında da bu güzərgahda dəmir yolu və avtomobil yolu var idi. Avtomobil yolu isə ona görə vacibdir ki, insan məskənləri yollara yaxın salınır. Yəni kəndlər və qəsəbələr yolların üzərində, ona yaxın salınır. Sözügedən avtomobil yolunun salınması isə sovet zamanından əvvəl və sonra, 1988-ci ildəki son deportasiyaya qədər azərbaycanlıların yaşadıqları kəndlər istiqamətində salınmalıdır. Çünki gec-tez Qərbi Azərbaycandan qovulan soydaşlarımızın da öz doğma torpaqlarına qayıdış məsələsi gündəmə gələcək. Buna ən bariz misal Xankəndi və ətrafında yaşayan ermənilərdir. Azərbaycanlıların deportasiya olunduqları yurdlarına qayıtmasının yaxın gələcəyin gündəmi olacağına görə, Zəngəzur yolunun onların qovulduğu kəndlərin yaxınlığından salınması önəmlidir. Bu onların möhkəm təşkilatlanmış şəkildə məskunlaşmasına dəstək olacaq.

Daha bir məsələ Ermənistanın Azərbaycanla sərhədin müəyyənləşməsi məqsədilə təqdim etdiyi xəritələrdir. Bu barədə Ermənistanın hakim partiyasının deputatı Arman Eqoyan bildirib. O deyib ki, Rusiya Ermənistana müxtəlif xəritələr təqdim edib: “Biz 1926-cı ilin xəritəsinə istinad edirik. Həmin xəritə həm Azərbaycan SSR, həm də Ermənistan SSR tərəfindən qəbul olunmuşdu. Moskva bizə Rusiya Baş Qərargahında mövcud olan 1974-cü ilin xəritəsini təklif edib. Bu xəritədə keçmiş kolxozlar arasında cüzi dəyişikliklər olub”. Maraqlıdır ki, prezident Putinin 1920-ci il xəritəsinin istinad ünavnı kimi təqdim ediləcəyini deməsinə baxmayaraq, erməni tərəfi yenə öz ampluasındadır. Məsələyə məntiqi-hüquqi tərəfdən baxanda Azərbaycanın SSRİ-yə hansı ərazilərlə daxil olmuşdusa, eyni ərazilərlə də ayrılması daha doğrudur. Ümumiyətlə, xəritə məsələsində ayıq-sayıq və diqqətli olmalı, dirənməliyik.

Ermənistanın niyə 1926 və 1974-cü il xəritələrini qabartmasına gəlincə, onlar təbii ki, bu məsələyə də öz maraqlarından yanaşırlar və özlərinə sərf etməyən xəritəni önə verməzlər...

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

What's been happening?
12/12/2023 - 21:12