Fərəc müəllimin işığına yığışmışdıq... - Zümrüd Dadaşzadə yazır

25/04/2024 - 03:00

 

      Fərəc Qarayev şərəfinə konsertlər silsiləsi bu gün çox gözəl və isti bir  gecə ilə - Muzeydə - sona çatdı. Fərəc müəllimin işığına yığışmışdıq.  Hər birimizə onun  nurlu  enerjisindən pay düşdü. Aprelin 24-də  Ustadın səsini də eşitdik. O, bəzi düşüncələri ilə bölüşdü. Gecədə səslənən əsərlər haqqında danışdı  -   İkinci  Piano sonatası, Malheur  me bat -  soprano və gitara üçün,  Postludio I haqqında. Sonata -  1967-ci ildə bəstələnib. F.Qarayev   lap gənc idi, amma bu əsərdə artıq onun siması, zövqü, axtarışlarının istiqaməti özünü göstərir.  Hər yeni əsər isə  sanki əvvəlkinin inkarı idi.  Daim yeni sahillərə doğru üz tutur  bəstəkar...  Bu da onun  ruhca  çox gənc olmasına  - sonucda - səbəb olur. Postludio   kədər aşılanmış bir dalğaya köklədi.  4-cü oktavada "a"  səsinin təkrarı ilə başlanan - sanki - qeybdən  bir səs -  bu kompozisiya o qədər emosiyalarla zəngin! Hər səs, hər ibarə sanki adamın  qəlbinə nüfuz edib, çox  qəmli və işıqlı  duyğular oyadırdı.  Qəlbin  ən incə tellərinə toxunurdu. Kompozisiyanın sonuna doğru isə Qriqin "Mən o qızı tanıyıram" pyesinin qəfil peyda olması  təlatüm hissini gücləndirir... Yeri gəlmişkən, F.Qarayev   - sevimli bəstəkarlar haqqında danışmağı sevmir - amma hər halda  üçünün adını çəkdi: Qriq, Ravel və Berq...
 Onunla  çağdaş musiqinin bəzi  problemlərini də müzakirə etdik. Hər musiqi yazan adam - bəstəkar adlandırıla bilməz.  Bu gün  bəzi bəstəçilər nə isə quraşdırmaqda ustadırlar - gözəl annotasiyalar da əsərlərinə yaza bilərlər. Amma axı "kral çılpaqdır"... Musiqinin təbiətindən çıxış etmək  gərək... o opuslarda isə  heçlik... Sonda Fərəc müəllim öz dinləyicilərinə  təşəkkürünü bildirdi - dedi ki, ən əsası- konsertlərə gəlsinlər, özləri ilə də 2-3 nəfər gətirsinlər...   Fərəc müəllimə " sağ ol!" yox, "gələn görüşlərədək" - deyirik. Çox və sağlam yaşayın, ustad!

P.S. İfaçılara  təşəkkür -   möhtəşəm idiniz.  Rəna Fəhradova, Humay Qasımzadə,  Fəridə  Məmmədova  və Raul  Hüseynov...
 

P.S.P.S,    Fərəc müəllimin musiqini dinləmək   tərzi də bir başqa...

Zümrüd Dadaşzadə, musiqişünas, BMA-nın professoru, Əməkdar İncəsənət Xadimi

 

 

 

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18