Görkəmli sənətkarımız, Xalq artisti, Dövlət mükafatı laureatı Ramiz Məlikin vəfatından bir il ötür.
Qafqaz.Media xəbər verir ki, görkəmli sənətkarımız, Xalq artisti, Dövlət mükafatı laureatı Ramiz Məlikin vəfatından bir il ötür. Bu gün Mədəniyyət Nazirliyinin teatr sektorunun müdiri Bella Talıbova, Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov, teatrın bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə və teatr kollektivi Ramiz Məlikin məzarını ziyarət edib, əziz xatirəsini hörmət və ehtiramla yad ediblər. Teatrın bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov və Əli Nur Ramiz Məlikin həyat və yaradıcılığından danışıb, onun Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərindən danışıblar. Ramiz Məlikin oğlu Anar Məlik atasının xatirəsinə göstərilən diqqətə görə Mədəniyyət Nazirliyi və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkürünü bildirib. Görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Ramiz Məlik 14 dekabr 2023-cü il tarixində, 80 yaşında vəfat edib. Ramiz Ağarza oğlu Məlik 1943-cü il avqustun 4-də Bakı şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən taleyini Akademik Milli Dram Teatrına bağlayıb, aparıcı səhnə ustası kimi tanınıb. Ramiz Məlik ötən illər ərzində bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələri əsasında hazırlanmış tamaşalarda 100-ə yaxın rolda uğurla çıxış edib. Marsel (“Hamlet”, V.Şekspir), Mayis (“Sevgililərin cəhənnəmdə vüsalı”, İ.Əfəndiyev), Valter (“Yad adam”, L.Frank), Arif (“İblis”, H.Cavid ), Jan (“Dəfn edilməmiş ölülər”, J.P.Sartr), Toğrul (“Atabəylər”, N.Həsənzadə), Antoni (“Kölgələrin oyunu”, Y.Edlis), Katib (“Gecə döyülən qapılar”, N.Xəzri), Dulu Xaqan (“Özümüzü kəsən qılınc”, B.Vahabzadə), Vilyams (“Kəllə”, N.Hikmət), Qaçaq Süleyman (“Ölüləri qəbiristanlıqda basdırın”, İ.Şıxlı), Aqşin (“Od gəlini”, C.Cabbarlı) və s. yaddaqalan səhnə obrazları yaradıb. R.Məlikin yaradıcılıq məharəti televiziya və kino sahəsində də diqqət çəkib. “O qızı tapın”, “Qatır Məmməd”, “Sevinc buxtası”, “Babək”, “Qəm pəncərəsi”, “Qara gölün cəngavəri” və s. bədii filmlərində, “Günahsız Abdulla” (M.Cavaxaşvili), “Kimin sualı var?” (N.Həsənzadə) “İnanmırsansa…” (Ə.Hacızadə) və s. televiziya tamaşalarında yaddaqalan rollar oynayıb. Milli teatr və kino sənəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilən sənətkar 1982-ci ildə “Əməkdar artist”, 1998-ci ildə “Xalq artisti” fəxri adlarına, 1984-cü ildə respublikanın Dövlət mükafatına (“İblis” tamaşasına görə; yaradıcı heyətin bir qrup üzvü ilə birlikdə), 2019-cu ildə “Şöhrət” ordeninə, 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi. Görkəmli sənət fədaisi Ramiz Məlikin əziz xatirəsi sənət dostarı və tamaşaçılarının qəlbində yaşayacaq.
Allah rəhmət eləsin!
Fuad BİLƏSUVARLI
Qafqaz.Media