Gürcüstan Prezident Administrasiyası qarşısında aksiya! – HƏKİMLƏR DƏ SAAKAŞVİLİYƏ AZADLIQ TƏLƏB ETDİ!

04/01/2023 - 14:23

Gürcüstanda bir qrup həkim Prezident Administrasiyası qarşısında aksiya keçiriblər.

Qafqaz.media xəbər verir ki, onlar prezident Salome Zurabişvilini ölkənin üçüncü prezidenti Mixail Saakaşvilini əfv etməyə çağırıblar.

Aksiyaçılar onu da qeyd edib ki, Saakaşvilini xilas etmək üçün əhalinin böyük fəallığı lazımdır.

“Biz həkimlər, pasiyentimizin hüquqlarının qorunmasını tələb edirik. Xəstə qucağımızda ölür. Biz əhalini daha fəal olmağa çağırırıq. Gəlin, prezidentin hüquqlarını qoruyaq!”, - deyə etirazçılardan biri Manana Djebaşvili bildirib.

Mixail Saakaşvilinin qardaşı David Saakaşvili də hadisə yerində olub. Onun sözlərinə görə, son hadisələr Mixail Saakaşvilinin necə ağır vəziyyətdə olduğunu hamıya göstərdi.

“Onun səhhəti təhlükə altındadır və bununla bağlı məsləhətləşmələr yekunlaşıb. Bu gün dünyaya hara getdiyimizi göstərmək vaxtıdır. Sübut etməliyik ki, biz humanist, xeyriyyəçi xalqıq, bu günə inanırıq, bir insanın həyatını xilas etməliyik”, - Saakaşvili deyib.

Xatırladaq ki, bu gün Gürcüstanın bütün böyük şəhərlərində Mixail Saakaşvili ilə həmrəylik aksiyaları keçiriləcək. Tbilisidə vətəndaşlar Sülh Körpüsünə toplaşacaqlar. Aksiya saat 18:00-da başlayacaq.

Bundan əlavə, “Gürcü Arzusu”nun lideri Bidzina İvanişvilinin iqamətgahı qarşısında da etiraz aksiyaları keçiriləcək.

Qafqaz.media