“İnanırıq ki, sülh sazişi ermənilərlə azərbaycanlıların bir gün dost kimi yaşamasına imkan verəcək”

01/05/2024 - 11:38

“İnanırıq ki, Ermənistanla birlikdə bütün yerdə qalan məqsədlərimizə siyasi vasitələrlə və nisbətən daha qısa müddət ərzində nail ola bilərik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Vatikana işgüzar səfəri zamanı Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Sir” agentliyinə müsahibəsində deyib. 

E.Əmirbəyov xatırladıb ki, iki həftə əvvəl Ermənistan öz qüvvələrini Azərbaycanın şimal-qərbində yerləşən Qazax rayonun otuz ildən çox işğal altında qalan dörd kəndindən çıxarmağa razılaşıb: “Dərhal sonra biz ölkələrimiz arasında bir gün dövlət sərhədinə çevriləcək ikitərəfli delimitasiya və demarkasiya prosesinə başladıq. Paralel olaraq, Azərbaycan özünün otuz ildən bəri davam edən münaqişə və qanunsuz işğal nəticəsində dağıdılmış bütün ərazilərinin yenidən qurulması və bərpası istiqamətində genişmiqyaslı səylərini qətiyyətlə davam etdirir”.

Prezidentin nümayəndəsi, həmçinin qeyd edib ki, Azərbaycan öz mədəni və dini müxtəlifliyi ilə fəxr edən dünyəvi ölkədir, burada müsəlmanlar, xristianlar, yəhudilər və digər konfessiyaların nümayəndələri əsrlər boyu harmoniya, əminamanlıq və dostluq şəraitində birgə yaşayıb: “Biz doğrudan da inanırıq ki, ölkələrimiz arasında tezliklə bağlana biləcək sülh müqaviləsi nəinki dünyanın ən uzun və faciəli etnik münaqişələrindən birinə rəsmi olaraq son qoyacaq, həmçinin ermənilərlə azərbaycanlılar arasında etimadın yaranmasına xidmət edəcək və onların yaxşı qonşu və ola bilsin bir gün hətta dost kimi yaşamasına imkan verəcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ