İran Rusiyaya pilotsuz təyyarələr yaratmağa kömək edəcək – UKRAYNA İLƏ MÜHARİBƏ ÜÇÜN

19/11/2022 - 23:17

İran Rusiya ərazisində hücum dronlarının istehsalını quracaq. Bu məqsədlə Moskva ilə Tehran arasında müqavilə imzalanıb.

Qafqaz.media xəbər verir ki, bu barədə Qərb kəşfiyyat mənbələri “Washington Post” qəzetinə bildiriblər.

Sazişin icrasına yaxın aylarda başlanacaq. Qərb kəşfiyyat mənbələrinin məlumatına görə, Rusiya Ukrayna ilə müharibə zamanı İran istehsalı olan 400-ə yaxın pilotsuz təyyarədən istifadə edib.

Mənbələrə görə, Rusiya öz istehsal xəttini yaratmaqla hərbi arsenalını xeyli artıra biləcək. Saziş hər iki ölkəyə onlar üçün vacib olan məsələlərin həllində kömək edə bilər. Bu, Rusiyaya müharibənin başlamasından doqquz ay sonra çatışmazlığı olan dəqiq idarə olunan sursatlara ehtiyacı ödəməyə də kömək edəcək.

İran üçün bu tənzimləmə mühüm iqtisadi və siyasi üstünlüklər verir. İranın pilotsuz təyyarələrinin Ukrayna şəhərləri üzərində peyda olmasından sonra Avropa İranı iqtisadi sanksiyalarla hədələyib. Nəşrin məlumatına görə, dronlar Rusiyada yığılacağı təqdirdə İran liderlərinə qarşı yeni sanksiyalar tətbiq oluna bilər.

Qafqaz.media