“İranın əsas hədəfi Azərbaycanda dini dövlət qurmaqdır” – DEPUTAT

23/11/2022 - 13:07

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov xaricdə dini təhsil alan gənclərlə bağlı həyəcan təbili çalıb.

Onun sözlərinə görə, xaricdə dini təhsil almaq özünü doğrultmur. Həmin tələbələr yad dini ideologiyanın təsirinə məruz qalırlar.

Qafqaz.media xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a  Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov danışıb.

O, təcrübəsinə əsasən deyib ki, xaricə dini təhsil üçün gedib-gələn tələbələr əksər hallarda zərərli təsirlərə məruz qalırlar:

 “Təcrübə onu göstərir ki, həqiqətən də xaricdə dini təhsil almaq özünü doğrultmur. Xüsusilə də bu xətt İranda özünü açıq şəkildə göstərir. Bu gün orada oxuyan tələbələrin böyük əksəriyyətində bu təsirlər var. Bu kifayət qədər özünü göstərir. 

Xaricdə dini təhsillə bağlı bu cür fikirlərin səsləndirilməsi də məhz onunla bağlıdır. İrana təhsil almağa göndərilənlərin böyük əksəriyyətinin arxasında zərərli dini təbliğat durur. Yəni onların bu cür təbliğata məruz qalması məqsədilə bu addımlar atılır. Çünki bu İranın siyasətidir. İranın məqsədi özünə insanlar yetişdirməkdir. Ola bilər ki, İrana gedən minlərlə tələbənin içində bir neçə tələbə özünü qoruya bilər, amma böyük əksəriyyətinə qarşı orada bu təbliğat aparılır. Azərbaycanın əleyhinə bu işlər çox sürətli şəkildə aparılır. Bu reallıqdır”.

Komitə üzvü bildirib ki, İran həmin gənclər arasında xüsusi olaraq təbliğat aparır:

“Həmin gəncləri təkcə təbliğatla ələ almırlar. Burada maliyyə məsələsinin də rolu var. Onların mütləq əksəriyyəti maliyyələşdirilir. Onlara vəsait ayrılır, bu da gənclərin təsəvvürünə, düşüncəsinə bilavasitə təsir göstərir. Orada təhsil alıb Azərbaycana gələnlər sonradan burada maliyyələşdirilirlər. Onlara şəhriyyə - aylıq məvacib verilir.

Həmin gənclərlə davamlı iş aparılır, kontakt olunur, istiqamət verirlir. Bu, birmənalı olaraq belədir. 

Ümumiyyətlə, əksər hallarda xaricdə oxuyan tələbələr belə təsirlərə düşürlər. Ona görə 2018-ci ildə Cənab Prezident İlham Əliyev Azərbaycanda İlahiyyat İnstitutunu yaratdı. Bu yanaşma təkcə bizdə deyil. Məsələn, heç bir Azərbaycan vətəndaşı burada təhsil alıb gedib İranda dini təbliğat apara bilməz, bu qadağandır. Ona görə də Azərbaycanda da bu təbiidir. Biz öz vətəndaşlarımızı kənar təsirlərdən, zərərlərdən qorumalıyıq, onların savad və biliyinin artırılması üçün mütləq addımlarımızı atmalıyıq. Bu Azərbaycanın tam haqqıdır”.

C. Məmmədovun sözlərinə görə, İranın əsas məqsədi Azərbaycanda dini dövlət qurmaqdır:

“Son günlər Dövlət Təhlükəsizlik Xidməti (DTX) İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəni ifşa etdi. İran davamlı olaraq çalışır ki, Azərbaycanda kimsə varsa, onları dövlətin əleyhinə yönləndirsin. Bu İranın siyasətində əsas istiqamətlərdən biridir. Onların əsas hədəfi və məqsədi Azərbaycanda dini dövlət qurmaqdır. İran tərəfi ümumiyyətlə, Azərbaycan adında dövlətin olmasını da birmənalı olaraq qəbul etmir. Bu siyasətin arxasında həm də bu durur”.