“İstərdim Xəzərin sahillərində olum...” - Zümrüd Dadaşzadə yazır AQŞİN ƏLİZADƏNİN ƏZİZ XATİRƏSİNƏ İTHAF

04/05/2024 - 01:48

Zümrüd DADAŞZADƏ
Professor, Əməkdar incəsənət xadimi

Aqşin Əlizadə... Bu ad  qırmızı xətlə mənim  həyatımdan – araşdırma  və məruzələrimdən keçir və burada bir sıra “ilklər” də var. Konservatoriyanı bitirərkən təqdim etdiyim  diplom işi – bəstəkarın Üçüncü simfoniyası, ilk iri məqalələrim, ilk kitabçam (Bakı:Şur, 1992), simfonizmə dair dissertasiyam (1997)  və  onun əsasında işıq üzü görmüş “Azərbaycan simfoniyası (1960-1980-ci illər)” (2012) kitabımın ən önəmli hissələri (burda Üçüncü və Dördüncü simfoniyalar müfəssəl təhlil olunub) və,  nəhayət, “Azərbaycan musiqi tarixi” beşcildliyinin IV cildində Aqşin Əlizadə yaradıcılığına həsr olunmuş geniş oçerk (2019).

Aqşin Əlizadənin adını ilk dəfə kiçik ikən evimizdə  - atam Araz Dadaşzadənin dostu Xəyyam Mirzəzadədən eşitdim. Qardaşımın adı da Aqşin idi – söhbət diqqətimi çəkdi. Əlbəttə, təfərrüatları xatırlamağa çətinlik çəkirəm, amma Xəyyam müəllimin öz həmkarı haqqında  xoş sözlər deməsi, onun əsərləri barədə həvəslə danışması yadımdadır.

Ara-sıra A.Əlizadənin musiqisini kinofilmlərdə eşidirdim, əsərlərinin adlarını da bilirdim, amma  bu, səthi  informasiya idi  və  həmin informasiya arxasında konkret məzmun  durmurdu.

A. Əlizadə ilə bir müəllim kimi görüşümüz 1981-ci ildə, konservatoriyanın  ikinci kursunda baş tutdu: o, orkestrləşdirmə fənnindən bizə, musiqişünaslara dərs deyirdi.  Əvvəl-əvvəl Aqşin müəllimdən çəkinirdik –  sərt idi,  hətta bir az  qaraqabaq,  ciddi nizam-intizam tələb edirdi. Qəfil sualı ilə naşı tələbəni  çaşdıra, utandıra bilərdi. Amma tədricən münasibətlərimiz mülayimləşdi,  kursun sonunda gərginlikdən əsər-əlamət belə qalmadı.

Müəllimimiz   orkestrin quruluşu haqqında yığcam məlumat verdikdən sonra, konkret  - qısa, lakonik – göstərişlərlə məhdudlaşırdı. Bizi fəal olmağa, müntəzəm mütaliə etməyə, sərbəst çalışmağa səsləyirdi. Bir növ deyirdi: özünüz axtarışlar aparın,  musiqini dinləyin, mövcud ədəbiyyatı araşdırın. Mən isə ancaq bəzi məsləhətlər verəcəyəm – ehtiyac yaranarsa.  Biz də müəllimin təklif etdiyi qısa fortepiano pyeslərini, prelüdləri rəngarəng orkestr “qiyafəsinə” salmağa çalışırdıq.

Aqşin müəllimin bir çağırışı da yadımdadır:  “Gedin kitabxanaya, Leyla xanımın yanına.  Orda öyrəniləsi, kəşf ediləsi nə qədər şey var!”  Leyla xanım konservatoriya kitabxanasının müdiri idi. Soyadı Usmiyeva olan bu xanım məşhur nəslin –  Xasay xan Usmiyev Xurşidbanu Natəvanın həyat yoldaşı olmuşdu  - təmsilçisi idi.  Zəhmi ilə seçilirdi. Geyim tərzi də məxsusi -  paltosundakı xəz boyunluq  onun  görkəminə əcaiblik,  “qədimlik” gətirirdi.  Biz  ondan – açığını deyim – çəkinirdik, hətta qorxurduq. Kimsəni  bəyənməsə,  o adamın aqibəti acınacaqlı ola bilərdi. Amma biz ehmallı olmağa, nəzakətlə davranmağa çalışırdıq,  çünki gecə-gündüzümüzü kitabxanada keçirdiyimiz üçün Leyla xanımın xoş münasibəti çox önəmli idi. Sonralar bildim ki, Aqşin müəllim  Xan qızı Natəvanın həyatına dair material  toplayır, onun obrazını  balet səhnəsində canlandırmaq barədə düşünür və o səbəbdən də Leyla xanımla vaxtaşırı  görüşüb söhbətləşir.

A.Əlizadə öz arzusunu  illər sonra  gerçəkləşdirə bildi. 2002-ci ildə  librettosu Aleksandr Dümanın “Qafqaza səyahət” əsərinin (burada Düma,Natəvanla görüşünü də təsvir edir) motivləri əsasında  yazılmış  eyniadlı balet (xoreoqraf Tamilla Şirəliyeva) Azərbaycan Dövlət  Akademik Opera və Balet teatrının səhnəsində tamaşaya qoyuldu...

1984-cü ilin martında Aqşin Əlizadənin  Üçüncü simfoniyasının ilk ifası əlamətdar hadisə oldu. Aqşin müəllimin hər bir əsərinin premyerasını mütəxəssislər səbirsizliklə gözləyirdilər. Bu opusa maraq isə həm də ondan irəli gəlirdi ki,  bəstəkarın ilk həqiqi uğuru, Aranovskinin “Simfonik axtarışlar” kitabında da yer almış İkinci Kamera simfoniyası (1966) ilə yeni əsəri təxminən 16 illik məsafə bir-birindən ayırırdı. Janrın ənənəvi yozumundan uzaq bu simfoniya, açığını deyim, birmənalı qəbul edilmədi.  O zaman bəzi həmkarlarının   nəzakətli, amma soyuq – üzdə riyakar təbəssümlə - təbrikləri A.Əlizadəyə ağır təsir bağışlamışdı.  Onun bir ifadəsini  -  sonralar həmin laqeydliyi öz təcrübəmdə də müşahidə etdiyim üçün - tez-tez xatırlayırdım: “sanki səni görməməzliyə vururlar”  (rusca: «словно тебя и не замечают»)...

Əsər məni çağdaş dövrün təcəssüm müxtəlifliyi ilə fərqlənən simfoniyaları haqqında düşüncələrə sövq etdi. Elə həmin  dönəmdə Mark Aranovskinin artıq xatırladığım “Simfonik axtarışlar” adlı fundamental tədqiqatı əlimə keçmişdi. Alim müasir simfoniyanın  səciyyəvi əlamətlərini üzə çıxarıb tədqiqə məruz qoyaraq,  öz fərqli təhlil metodunu – simfoniya “İnsan” konsepsiyasının təcəssümü kimi - təklif etmişdi. Mən də Aranovskini  diqqətlə mütaliə edərək, buraxılış işimin mövzusu olan Üçüncü simfoniya üzərində işə başladım.

Əsər 1985-ci il, 22-28 yanvar tarixlərində keçirilən Bəstəkarlar İttifaqının VI qurultayında  ikinci dəfə səsləndi.  Qurultayın konsert proqramları elə zəngin idi! Bir həftə ərzində  təxminən 70 müəllifin əsəri təqdim olundu. Onların arasında Cahangir Cahangirovun “59” oratoriyası,  Arif Məlikovun Altıncı simfoniyası, Vaqif Mustafazadənin Piano konserti... Üçüncü simfoniyanın ifa olunduğu yanvarın 26-sında proqrama Fərəc Qarayevin “1791” serenadası, İsmayıl Hacıbəyovun “Memorial”ı, Azər Dadaşovun Yeddinci simfoniyası, Oleq Felzerin  Viola konserti daxil idi.  Mən böyük həyəcanla Ücüncü simfoniya haqqında qurultayın yekun diskussiyasında – qonaqların iştirakilə - səslənəcək fikirləri gözləyirdim.  A.Əlizadənin qəlibdən kənar birhissəli Üçüncü simfoniyası necə qarşılanacaq, qiymətləndiriləcək?   Diskussiya  çox coşğun keçdi.   Amma, demək olar ki, hamı ən yaxşı əsərlər sırasında A.Əlizadənin simfoniyasını qeyd edirdi və mən  necə də sevinirdim! Yaxınlarda qurultayla bağlı materialları araşdıranda ukraynalı bəstəkar Janna Kolodubun  qeydləri rastıma çıxdı. J.Kolodub A.Əlizadənin simfoniyası haqqında belə yazırdı: “Yanvarın 26-sında baş tutan simfonik konsertdə Aqşin Əlizadənin Üçüncü simfoniyası parlaq  təəssürat yaratdı. Müəllif keçilməmiş yollar axtarır. Bu axtarışlar onu folklordan qaynaqlanan kəşflərə  gətirib çıxarır”.

Qurultayda müzakirələr olduqca kəskin bir şəkil almışdı. Əvvəlki rəhbərliyin passiv və bəzi məqamlarda qərəzli fəaliyyəti narazılıq doğurmaya bilməzdi.  Xəyyam Mirzəzadə, Fərəc Qarayevin çıxışları xüsusən sərt və prinsipial xarakter daşıyırdı. Gizli səsvermə zamanı  bir çox tanınmış bəstəkar İdarə Heyətinə seçilmədi.  Səsvermə ilə bağlı informasiyanı biz  baş musiqi salonumuz olan Sarayda – qurultayın mahnılardan ibarət son konsertində alırdıq. Bir  tərəfdən gözəl musiqiyə qərq olurduq, digər tərəfdən isə həyəcanlanır və bəstəkarlar arasında yaşanan gərginliyə təəccüb edirdik. Nəhayət, nəticələr elan olundu: Aqşin Əlizadə İttifaqın birinci katibi seçildi!

Aqşin müəllimin Bəstəkarlar İttifaqına rəhbərlik etdiyi 5 il, məncə, bu  yaradıcılıq təşkilatının çox önəmli və maraqlı bir dönəmi adlandırıla bilər.  Xoşbəxtəm ki, həmin dövrdə – çox intensiv, zəngin, bir ili  azı iki ilə bərabər - mən Aqşin müəllimin yanında oldum. O, vəzifəsini icra etməyə başlayan kimi  Lalə Hüseynovanı və məni – konservatoriyanın 5-ci kurs tələbələrini - işə qəbul etdi. Məni – təəccüblənməyin! –  o zaman yeganə boş iş yeri - fəhlə ştatına.  Əlbəttə, mən  doğma konservatoriyamızda çalışmaq arzuları ilə yaşayırdım. Hələ məktəb illərindən müəllimliyi ən uca peşə hesab edirdim. Amma konservatoriyanın o zamankı rəhbərliyi müraciətlərimizi cavabsız qoydu. Aqşin müəllim isə təkid edirdi: “Bəstəkarlar İttifaqında sən bütün musiqi həyatının episentrində olacaqsan - ən yeni musiqi ilə daim təmasda.  Əvəzolunmaz təcrübə qazanacaqsan”.  Mən də onun çağırışlarına hay verdim və yanılmadım: Bəstəkarlar İttifaqında Aqşin müəllimlə çalışdığım 5 il mənim üçün həqiqətən də bir  məktəb oldu.

A.Əlizadənin əsas amalı İttifaqda yüksək sənət, əsl yaradıcılıq, diskussiya ab-havasını bərqərar etmək idi.  İttifaqı bir ev, doğma ocaq kimi görürdü, Q.Qarayev demişkən, “dostluq görüşləri və söhbətləri üçün bir məkan” kimi.  Sənətin “zəruri məsələləri haqqında mübahisələr meydanı” kimi. İllərlə ifa olunmayan əsərlərin səsləndirilməsi onun məqsədlərindən  bəlkə də başlıcası idi. Deyirdi ki,  “qoy konsert salonumuzdan daim musiqi sədaları gəlsin!”  O, ilk öncə İttifaqın müxtəlif yaradıcılıq şöbələrinin işini aktivləşdirmək niyyətində idi.  Şöbələrə başçılıq etməyi elə musiqiçilərə həvalə etmişdi ki, iş səmərəli, konstruktiv olsun, həqiqətən dəyərli əsərlər üzə çıxarılsın.

İttifaqın gənc  bəstəkar və musiqişünaslar birliyinə rəhbərlik Q.Qarayevin ən etibarlı tələbələrindən biri – ali peşəkar, prinsipial insan Afaq Cəfərovaya tapşırıldı . Və  bu,  çox uğurlu seçim idi. Birliyin işi  iki-üç  il ərzində çiçək açdı. Müntəzəm  görüşlər, yeni əsərlərin dinləyişi və canlı müzakirəsi unudulmaz idi. Toplantılarımız bəzən gecə saat 11-əcən davam edirdi. Burada biz daha təcrübəli həmkarlarımızdan – A.Cəfərovadan başqa, Cavanşir Quliyevdən, Elnarə Dadaşovadan, Rəhilə Həsənovadan çox şey öyrənirdik:  fikirləri necə əsaslandırmaq, hansı dəlillərə arxalanmaq,  ən əsası  da  açıq danışmaq, düzü düz, əyrini əyri demək – bütün bunlar həmin görüşlərdə əxz olunurdu. Birliyimizin təşəbbüsü ilə gənc rəssamlarla, kinematoqrafçılarla keçirilən görüşlər  xüsusən maraqlı və zəngin olmuş, yeni ideyaların yaranmasına təkan vermiş,  müxtəlif sənət təmsilçiləri arasında səmərəli təmasların qurulmasına gətirib çıxarmışdır.  Milli irsimizin  təqiq olunmasının bəstəkarlar üçün də vacib olması  birliyimizdə dəfələrlə vurğulanmışdır. Məsələn, Tahirə Kərimovanın  folklorumuzun nisbətən az araşdırılan hissəsi - qədim laylalarımıza həsr olunmuş əhatəli prezentasiyası indiyədək yadımdadır...

1986-cı ildə biz, birliyin üzvləri – Tbilisiyə, gənc Zaqafqaziya bəstəkarlarının  VI festivalına ezam olunduq. Bu festivala ev sahibliyini ardıcıl olaraq Cənubi Qafqaz respublikalarından biri edirdi. Belə, ki V festival  1985-ci ilin fevralında Bakıda keçirilmişdi. Qrupumuza bəstəkarlarla yanaşı  beş musiqişünas da daxil idi. Yekun diskussiyada musiqişünaslar dəstəmizin  üzvlərinin bir-birindən kəskin çıxışları gürcü  musiqisinin metrlərinə (O.Taktakişvili, S.Nasidze, S.Tsintsadze, G.Kançeli), deyəsən, güclü təsir bağışlamışdı. Giya Kançeli hətta Afaq xanıma söyləmişdi ki, “bəstəkarlarınız da yaxşıdır, amma musiqişünaslarınız necə də dişlidir!” (rusca: «музыковеды у вас такие зубастые!»).

Aqşin müəllim musiqişünasların İttifaqda nüfuzunu artırmağa çalışar, onlara dəyər verər, fəal olmağa sövq  edərdi. 1988-ci ildə o, məni kabinetinə çağırıb gözlənilməz bir qərarı ilə bölüşdü. Bəlli oldu ki, respublikada  gənclər üçün ən prestijli mükafat olan  Lenin  komsomolu mükafatına bu dəfə həmişəki kimi bəstəkar yox, musiqişünasın namizədliyini irəli sürmək niyyətindədir. “Düşündüm ki, həmin musiqişünas sən olmalısan”, - deyə bütün etirazlarıma rəğmən israr etdi. - Yaşı 40-a yaxınlaşan yox, İttifaqımızın məhz gənc, fəal, perspektivli üzvü”.  Xülasə, mən də Aqşin müəllimin sözündən çıxmayaraq  sənədlərimi toplamağa başladım. Bütün mərhələləri uğurla keçsəm də,    oktyabrın 28-də Mərkəzi Komitə aparatında çalışan bir tanışımız  atamı təbrik etsə də, ertəsi gün – laureatlar isə məhz  oktyabrın 29-da, komsomolun yaranışı günündə elan olunurdu -  adımı mükafatçılar siyahısında oxumayıb,  pərişan oldum.Yaxınlarda köhnə qovluqları saf-çürük edərkən Aqşin müəllimin özünün (o, mükafatların verilməsi üzrə komissiyanın üzvü idi)  qərarına rast gəldim.  Onun  siyahısında məndən başqa muğam ustası Alim Qasımov, yazıçı Natiq Rəsulzadə, rəssam Səhhət Veysov, habelə S.Rəhman adına Şəki Dram Teatrı da var idi. Onu da deyim ki,  mənim qəm-qüssəm uzun çəkmədi və tez bir zamanda  xoşhallıqla əvəzləndi.  Sovetlər Birliyi rəhbərliyinin qərəzli mövqeyi, mənfur əməllərini müşahidə edib, 20 yanvarda törədilən qırğından sarsılaraq  düşündüm ki, komsomol mükafatı laureatı olmaq kimi bişərəflikdən yaxşı qurtuldum... İllər ötəndən sonra o hadisəyə dönərkən, belə qənaətə gəlirəm ki, məni məhz  partiyanın yüksək vəzifəli məmurları –  azadsevər, millətpərəst, onların nəzərincə, “etibarsız” olduğuma görə  siyahıdan xaric etdilər.

A.Əlizadənin İttifaqa rəhbərlik etdiyi dövrdə  neçə-neçə  əlamətdar hadisə - Skandinaviya ölkələri, Bolqarıstan, keçmiş sovet məkanının müxtəlif  respublikalarının bəstəkarları ilə görüşlər,  festival, plenum və konsertlər keçirildi. İndi  belə hadisələr adi  bir hal alıb, amma o zaman  Qərb dünyası ilə əlaqələr hələ də məhdud xarakter daşıyırdı, odur,  hər bir təmas  o qədər yeni informasiya və emosiya bəxş edirdi!

Müntəzəm baş tutan Plenumlarda iri əsərlərin premyerası təqdim olunurdu. Bu baxımdan gənclərin yaradıcılığına həsr olunmuş 1986-cı il Plenumunu xüsusi qeyd etmək lazımdır. Artıq yaşı 40-a yaxınlaşan (hətta bu həddi azca adlayan) bəstəkarlar öz simfonik əsərlərini ilk dəfə eşidə bildi.  Sanballı bir plenum idi: Moskvadan “Sovetskaya muzıka” jurnalının aparıcı əməkdaşı -  tanınmış musiqişünas, müəllimimiz Lüdmila Karagiçevanın qızı Alla Bretanitskaya da təşrif buyurmuşdu. “Forum gənclərindir – problemlər isə ümumi”  başlığı altında dərginin  1987-ci il 8-ci sayında  dərc olunmuş məqalədə A.Əlizadənin əzmlə söylədiyi  sözlər yer almışdı: “Mən arzulayardım ki,  bu plenuma, ümumən indiki zamana xas  fəal  yaradıcılıq nəbzi gündəlik həyatımızın normasına çevrilsin”.  

Burda  haşiyə çıxıb, deməliyəm ki,  o  dönəmdə biz həqiqətən də böyük bir ruh yüksəkliyi, hətta eyforiya yaşayırdıq, yenidənqurmanın həyatımızda köklü dəyişikliklər doğuracağına,  tariximizdə keyfiyyətcə yeni - azad, yaradıcı, quruculuq dolu mərhələnin başlanmasına sidqi-ürəkdən inanırdıq. Amma 1988-ci ildə Dağlıq Qarabağla bağlı separatçı hərəkat, onun SSRİ rəhbərliyi tərəfindən, faktik olaraq, dəstəklənməsi, Azərbaycana qarşı ədalətsiz, misli görünməmiş qarayaxma kampaniyasının intişar tapması  hamını  sarsıtdı. Amma gənclərin Plenumu hələ  xoşbəxt 1986-cı ildə keçirilirdi...

Aqşin müəllim  həmişə hamını açıq söhbətə, canlı müzakirələrə dəvət edirdi, özü də nümunə göstərirdi, tanınmış müəlliflərin əsərlərindəki qüsurları göstərməkdən çəkinmirdi.  Sözügedən Plenumun yekun diskussiyasında mən  kifayət qədər sərt danışdım,  simfoniya janrında yazılmış əsərlərin  nöqsanlarına - mövzu cılızlığına, musiqi materialının solğunluğuna, dramaturji  “xətalara” xüsusi diqqət yetirdim.   “Çəhrayı” rəngə boyanmış bir sıra çıxışlardan sonra, iclasın sonuna yaxın söz götürdüyüm üçün  auditoriyaya sadəlövhcəsinə üz tutub, hamını  səmimi olmağa – “İttifaqımızın gənclik şöbəsində olduğu kimi” - səslədim. Bu çağırışımı hətta A.Bretanitskaya öz məqaləsində sitat gətirmişdi. Amma onu da deyim ki, mənim Plenumdan sonra durumum  gərginləşdi – inciyən çox idi. Tənqidi  maraqla qarşılayan tək bir Cavanşir Quliyevi çıxmaq  şərtilə. Başqaları isə - kimi  salam vermirdi, kimi qəzəbli baxışlarla məni süzürdü... Hiss edirdim ki, Aqşin müəllim də narahatdır, çünki mənə deyə bilmədiklərini ona  - İttifaqın rəhbərinə pretenziya, şikayət şəklində - açıq  bəyan edirdilər... 

Buradaca Aqşin müəllimin təşəbbüsü ilə  yaradılan “Xaqani, 27” (İttifaqın ünvanıdır)  televiziya verilişinə dönmək istərdim.  O dövrün televiziya panoramında  özəl bir hadisə idi! Verilişlərin məhz Azərbaycan dilində efirə çıxmasının bir şərt  kimi irəli sürülməsi də səciyyəvi idi.  İndi qəribə görünə bilər, amma o dönəmdə ana dilində sərbəst danışan musiqişünasların sayı hələ də  çox deyildi. Odur, çağdaş Azərbaycan musiqisi ilə auditoriyanı tanış edən bu verilişlərin  televiziyamızın tarixində yeri xüsusidir.

Bizim “Xaqani, 27” silsiləmizə “Sovetskaya muzıka” jurnalı da maraq göstərmişdi.  İttifaqımızın əməkdaşı  Nailə Həsənovanın “Tanış olun, Xaqani, 27” adlı məqaləsində (1989/2)  aşağıdakı sətirləri oxuyuruq. “Efirdəki hər çıxış –Azərbaycanın müasir sənətinin problemləri, onun təbliğatı,  milli irsin qorunub saxlanması və tədqiqi, bəstəkar yaradıcılığı və folklor, musiqi kadrlarının yetişdirilməsi, müasir dinləyicinin mədəniyyət səviyyəsinin yüksəldilməsi kimi çeşidli problemlərə dair ciddi söhbətdir”.

Bəli, hər ay İttifaqın  salonunda  yeni musiqi və  bəstəkarlarımızın yaradıcılığı, başqa aktual mövzular haqqında söhbət  aparılırdı.  Televiziyanın işçiləri, həvəssiz olsa da,  PTS-i (səyyar televiziya stansiyasını) İttifaqın qarşısına  sürüb,  çəkilişlər aparırdılar. Verilişin yaradıcılıq heyətinin üzvləri sırasında  müəllif və aparıcılar  Lalə Hüseynova, Nəzakət Qasımova və Həcər Babayeva, habelə  televiziyanın Musiqi şöbəsinin redaktoru Salehə Əfəndiyeva də xatırlanmalıdır.   Hərənin öz zövqü və ədası var idi ki, bu da hər bir proqramın özəlliyini şərtləndirirdi.  

Əvvəlcədən onu vurğulayım ki, “Xaqani, 27” mənim televiziya ilə uzunsürən –həyəcanlı duyğular, sevgi dolu, güman etmək istərdim ki, səmərəli əməkdaşlığımın təməli oldu. Burada yenə də   xeyirxah sehrbaz – Aqşin Əlizadəni minnətdarlıqla yad etməliyəm. Onun təşəbbüsü idi və, açığını deyim, daha yaşlı həmkarlarım tərəfindən bir qədər qısqanclıqla qarşılanmışdı: axı o zaman ekrana çıxmaq  olduqca şərəfli idi,  odur, bir  çoxları tərəfindən  vəcdlə arzulanırdı.  Öz verilişlərimdə mən daha çox gənclərə diqqət yetirməyə çalışırdım: onların musiqisi, qayğıları,  müxtəlif xarici ölkə  festivallarında çıxışları  diqqət mərkəzində idi.  Ən yaddaqalan  qonaqlarım sırasında ünlü ədəbiyyatşünas  Gülrux Əlibəylini və məşhur cərrah  Nurəddin Rzayevi qeyd etmək istərdim.  Gülrux xanımın çağdaş sənətimizə dair fikirləri, Q.Qarayev haqqında xatirələri, Nurəddin müəllimin efirdə səslənən bayağı musiqi ilə bağlı narahat düşüncələri necə də maraqlı və ibrətamiz idi.  Məsələn, Gülrux xanım deyirdi ki,  bir çoxlarının sənət haqqında  fikri sanki keçmişdə ilişib qalıb,  sənətin dinamikasını qəbul edə, qavraya bilmirik. O, tamaşaçını yeni musiqini dinləməyə - təkrar-təkrar – çağırırdı. Dinləyib, araşdırıb, anlamağa... Qara Qarayev II Beynəlxalq Müasir Musiqi festivalı haqqında  hazırladığım veriliş (1988)  də əlamətdar oldu. O zaman mən  sovet musiqisi üzrə mütəxəssis, tanınmış alman musiqişünası Hannelora Qerlax (Gerlach) ilə söhbətləşə bildim.

“Xaqani, 27”nin  1988-ci il 18 iyun buraxılışının - XIX Ümumittifaq  Partiya konfransı ərəfəsində - qonaqlarından biri həmin  konfransın  nümayəndəsi olan Aqşin Əlizadə idi.  Bu verilişdə “yenidənqurma” dönəminin  entuziazm aşılanmış – hələ də - ab-havası duyulmaqdadır. Mən konfransın aşağıdakı tezislərindən birini  o zaman sitat gətirmişdim: “Ölkənin müqəddəratı üçün sənətkarın məsuliyyət  daşıması xüsusi bir qüvvə ilə qarşıya çıxır”. A.Əlizadə  də konkret olaraq Bəstəkarlar İttifaqının həll etməli olduğu məsələlərə toxunmuşdur.  Azərbaycan musiqisinin geniş miqyasda tanınması haqqında  mövcud rəyi təkzib edən Aqşin müəllimlə ədəbiyyatımızın, incəsənətimizin nüfuzunun Ümumittifaq miqyasda zəifləməsi,  Mərkəzi televiziyanın Azərbaycana  biganə münasibəti,  yaranmış  vəziyyətə görə həm də özümüzün cavabdeh olması  kimi məsələləri müzakirə etdik. Aqşin müəllim  milli musiqi qaynaqlarına laqeyd yanaşmadan da danışaraq belə bir fikri  vurğulamışdı:  “Bizim rəqs havalarımız,  mahnılarımız çox zaman Azərbaycan musiqisi adı altında ifa olunmur. Nə üçün biz xalq musiqi incilərimizi yolda gedə-gedə bir-bir çantadan itiririk? Çünki bu məsələyə göz bağlamışıq. Təəssüf,  nüfuzlu sənətkarlarımız da vaxtında  yüksək tribunadan buna öz münasibətini bildirməyib...” Aqşin müəllim  XX əsrdə meydana çıxan  əsərlərin,  lap elə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun bir sıra işarəvi  yaratmalarının və  tamdəyərli təfsirlərinin  keyfiyyətli səsyazılarının olmamasını narahatlıq doğuran problem adlandırmışdı.  Nə qədər  acınacaqlı olsa da deməliyəm ki, Aqşin müəllimin qaldırdığı məsələlər hələ də  gündəmdə...

Sonuncu verilişi də xatırlayıram. Bakıda çox gərgin  bir dönəmdə – 1989-cu ilin noyabrında gerçəkləşdirilən   beynəlxalq “Üzü zirvəyə” adlı o parlaq və zəngin palitrası ilə seçilən festivala həsr olunmuş verilişi. Paytaxtımızın mərkəzi küçələrində yürüşlər, mitinqlər, biz isə Aqşin müəllimin xeyir-duası ilə festival  keçiririk.  Axşamlar konsertlərdə yeni musiqi  ilə tanış oluruq,   gündüzlər İttifaqın salonunda Polşa və Kuba bəstəkarlarının,  norveçli Kyell Şulstadın (Kjell Skyllstad, Institute of Musicology, Oslo),  yuqoslav Duşan Mixalekin mühazirələrini dinləyirik,  özbək, gürcü, ukraynalı həmkarlarımızla  fikir mübadiləsi aparırıq. Jazz da oldu, muğam da ... Diskussiyalar da...  Sonra da...  iki ay keçər-keçməz – 20 yanvar faciəsi...  Daha sonra da  yanvar şəhidlərinin  40 günü çıxmamış  Bəstəkarlar İttifaqının tələm-tələsik yapılan  növbəti VII qurultayı.

Qurultay ərəfəsindəki durumu xatırlamaq çox ağır. Sarsıntı, çaşqınlıq, bədbinlik, məyusluq, amma eyni zamanda bütün  neqativ emosiyalara rəğmən,  çətinliklərə sinə gərib   yaşamaq, daha sıx birləşib irəliləmək istəyi.  Mənə elə gəlirdi ki, biz  bir xalq kimi 20 yanvar faciəsindən sonra daha mərd olacağıq,   gələcəyimiz naminə əl-ələ verib önəmli məsələlərin həllinə hədəflənəcəyik. Bəli, belə də oldu. Amma, təəssüf, dar düşüncəli adamlar da tapıldı – şəxsi mənafedən çıxış edənlər, vəzifə naminə nəyə desən qadir olanlar. Qurultayın  həmin çaşqınlıq atmosferində keçirilməsi,  doğrusu, məni daha çox sarsıtdı, məyus etdi.

Aqşin müəllimin o zamankı ovqatı da, mülayim desək, nikbinlikdən çox uzaq idi. İttifaqa rəhbərlik etməyə başlayanda o, Q.Qarayevin aşağıdakı göstərişini tez-tez sitat gətirərdi: “Heç vaxt heç kimdən qorxma. Qalxa bilsəm, gücüm çatsa, sənə yardım edərəm. Qalxa  bilməsəm, yumruqlarınla vuruşarsan, yumruqların zədələnərsə, dirsəklərinlə: sən cəsarətlisən, amma bir qədər təmkinsiz. Buna diqqət yetir”. Həqiqətən də, Aqşin müəllim  Ustadın tövsiyəsinə var qüvvəsi ilə riayət etməyə çalışırdı.  Müzakirələrdə  açıq danışardı, zəif əsərlərin qarşısına sədd çəkərdi. Əsas nailiyyətlərindən biri – İttifaqın aparatına həqiqətən savadlı, təmiz və zəhmətkeş adamları  cəlb etməsi idi.  Kollektivimizdə qarşılıqlı etibara əsaslanan çox mülayim bir iqlim bərqərar olmuşdu.

Amma, təəssüf, Aqşin müəllimin  İttifaqda  əsl həmfikirləri çox az idi. Və ona qarşı açıq-aşkar  təzyiqlər də, gizli intriqalar da dönmədən artırdı.   Bəzi  özündən müştəbeh bəstəkarların pressinqi, Q.Qarayevin sözü olmasın, Kanada  xokkeyçilərini xatırladırdı. Nəzərə çatdırım ki, Qara Qarayev Moskvadan Tofiq Quliyevə “Zaqafqaziya baharı” festivalına hazırlıq ərəfəsində (1975) yazdığı məktubda Bəstəkarlar İttifaqında yaranan ajiotajı təsəvvür etdiyini bildirib yumorla yazırdı: “Kanada xokkeyinin professionalları bəzi özündən ifrat dərəcədə razı  müəlliflərimizlə müqayisədə sanki körpə uşaqdırlar”.

Həmkarlarından, bəzi halda həmfikirlərindən belə əməli  dəstək görməyən Aqşin müəllim, nəhayət, dözməyib  1989-cu ilin sentyabrında “Muzıkalnaya qazeta”nın  səhifələrində belə bir etirafla çıxış etdi: “Nə üçün mən İttifaqın birinci katibi olmaq istəmirəm?”  O yazını ürək  ağrısız oxumaq mümkün deyil.  Nədən yazır Aqşin müəllim? Simasız, rəngsiz çoxluğun istedadlara basqısından, İttifaqda intriqa və konfliktlərin əsl yaradıcılıq ab-havasını məhv etməsindən, gənclərə yardımın labüdlüyündən. Həmin məqalənin az qala hər cümləsini sitat gətirmək olar.  Məsələn: “Mən İttifaqı insanların  bayramsayağı ovqatla - yaradıcılıq ünsiyyəti, dəstək və obyektiv tənqid eşitmək ümidi ilə – təşrif buyuracağı bir təşkilat kimi görürəm”. Və ya: “Əgər  istedadlara təzyiq edən, mane olan boz aqressiv çoxluqdan yaxa qurtarmasaq, biz heç zaman həqiqətən yaradıcı təşkilat  ərsəyə gətirə bilmərik”.  Daha sonra: “Musiqişünasların da vəziyyəti, onlara yanaşma da - bəstəkarlara “xidmət edən” insanlar  kimi  -  məni narahat edir”. Və daha bir sitat: “Necə etməli ki, layiqli insanlar özlərinə  layiq  - həyatda və yaradıcılıqda - yer tutsunlarƏsas məsələ budur. Onu həll etmək gərəkdir ”.

İllər ötüb, amma  Aqşin müəllimin dedikləri hələ də arzu olaraq qalır, suallar da cavabsız. Birəng təcavüzkarların da sıraları dönmədən artır. Və onlar artıq öz iradəsini  sayı get-gedə azalmaqda olan nəcib peşəkarlara diktə edirlər...

Qurultaya dönək. 1990-cı il fevralın 20-də açılan həmin “təşkilati” qurultay, əlbəttə, İttifaqın heç də şərəfli  səhifələrinə aid edilə bilməz.  Qurultay ərəfəsində  yeni rəhbərlik tərəfindən İttifaqın məsul katibi olmaq təklifini mən, cəmi 27 (!) yaşlı gənc musiqişünas, qətiyyətlə rədd etdim.  Gələcək karyeram üçün, şübhəsiz,  sıçrayış ola biləcək cazibədar təklifin qəbul olunmasını Aqşin müəllimə bir xəyanət kimi dəyərləndirirdim.Təkcə onu deyə bilərəm ki, hakimiyyətə can atanların xislətinə bələd olan A. Əlizadə xalq artistlərinin həmlələrindən bizi qorumaq məqsədilə  gənclər üçün  İdarə Heyətində kvotanın olmasını  (yəni 5 yer – ümumi səsvermədən asılı olmayaraq - ən çox səs qazanan gənclərə ayrılırdı) təkid etdi.  Bu kvota mənə və daha 4 gənc  həmkarıma İdarə Heyətinə üzv seçilməyə imkan verdi.

Xatırlamağı sevmədiyim o qurultayda xalq artistləri və onların  sədaqətli  silahdaşları bir başqa planlarını da gerçəkləşdirdilər. Əsas - hörmətli, nüfuzlu məruzəçi auditoriyanı salamlayıb, dərhal mətləbə keçdi və...  son illər aparıcısı olduğum “Xaqani, 27” verilişini o ki var tənqid etdi. Onu da deyim ki, verilişlərdə cavanlara  daha çox yer ayırmağım onları – bir qisim çox iddialı ağsaqqal bəstəkarı hiddətləndirirdi. Verilişi bağlatdırdılar, əvəzində yenisi  yaradılmadı. İndiyədək. Sökmək asan - tikmək çətin.  Şər qüvvələrin birləşmək  bacarığı da heyrətamiz...

Bəstəkarlar İttifaqı mənim ilk iş yerim idi. Bu, elə ilk məhəbbətə bənzəyir. A. Əlizadə, artıq qeyd etdiyim kimi, konservatoriyanın ən bacarıqlı, ən zəhmətkeş məzunlarını İttifaqın aparatına dəvət etmişdi. Aqşin müəllimlə biz,  əməkdaşlar arasında qarşılıqlı ehtiram və sevgiyə əsaslanan münasibətlər  bərqərar olmuşdu. O qədər bizə inanırdı ki, imzaladığı İttifaq  blanklarını hər birimizə, hər ehtimala qarşı, ötürmüşdü – onun Bakıda olmadığı zaman biz həmin blanklarda müvafiq mətn yazıb istifadə edə bilərdik.  Biz  təkliflərimizi də verir,  müəyyən addımlarından narazı olduğumuz halda bunu müdirimizə deməkdən də çəkinmirdik. Belə məqamlarda İttifaqın rəhbəri bəzən sinirlənər və deyərdi: “Əyləş, öz istəyinlə işdən azad olunmaq barədə ərizəni yaz!”  Amma onu da deyim ki, qəzəbi tez soyuyardı.

Əlbəttə, çox tələbkar idi. Lazım olanda biz istirahət günlərində də işə çıxırdıq, az qala 10-12 saat  çalışırdıq. Bəzən elə tapşırıqlar verirdi ki, onların icrası əsnasında biz o zamankı bilik səviyyəmizi üstələməli olurduq: nəticədə peşəmizdə, kiçik də olsa, yeni yüksəkliyi fəth edirdik.  Amma onu da deməyə bilmərəm ki,  Aqşin müəllim bizimlə  fəxr edirdi.  Biz deyəndə, Natalya Dadaşova, Lalə Hüseynova, Xanlar Novruzov, Nailə Həsənova (Şəfiyeva), Leyla Fərəcova (Məmmədova), Azadə Mehdiyeva, İrina Libets, Lalə Kərimova, Sevda Hüseynova, Səidə Abdullayeva, Ülviyyə Məmmədovanı nəzərdə tuturam. Kimi isə unutmuşamsa, üzr istəyirəm. Bizim birliyimiz gözəl idi - tam amal  vəhdətinə əsaslanırdı.

Aqşin müəllim  vurğulayırdı ki,  5 il ərzində gerçəkləşdirilən bütün əhəmiyyətli işlər əməkdaşlarının zəhməti hesabına mümkün olub. 1989-cu ildə yazırdı: “İttifaqımızda hal - hazırda gənc, yüksək erudisiyaya malik, peşəkar adamlar çalışır”. Bu sözləri indi oxumaq   necə də xoş və bir qədər də kədərlidir. Həqiqətən, zər qədrini zərgər bilər. Zərgərlərin sayı isə yox dərəcəsində...

Xronologiyadan sapınaraq İttifaq həyatımın bəzi əlamətdar məqamlarına üz tutmaq istərdim.  1985-ci ilin  sonunda Aqşin müəllim  Bəstəkarlar İttifaqının rəhbəri qismində öz ilk böyük  Plenumunu keçirtdi. Təsəvvür edin, o  forumda  A.Məlikovun N.Hikmətin şeirlərinə bəstələdiyi romansları, X.Mirzəzadənin Arfa üçün sonatası, C.Cahangirov və R.Mustafayevin oratoriyaları, M.Quliyevin Ə.Salahzadənin sözlərinə vokal silsiləsi, D.Dadaşovun dramatik simfoniyası, gənclərin kamera əsərləri səslənmişdi.  Mən də  o zaman çox populyar olan “Molodyoj Azerbaydjana” qəzeti üçün  “Yaradıcılıq nailiyyətlərinə baxış” adlı məqalə yazıb redaksiyaya aparmışdım. Amma qəzetin  mədəniyyət şöbəsinin  müdiri - gənc, istedadlı jurnalist materialla tanış olub, onun kifayət qədər tənqidi olmadığını bəhanə gətirərək – daha kəskin yazmaq lazımdır!-  dərc edilməyəcəyini söylədi. Doğrusu, pərt olmuşdum, çünki məqalə  yuxusuz gecə hesabına ərsəyə gəlmişdi,  həm də sevgi ilə yazılmışdı. Aqşin müəllimi narahat etmək istəmirdim, amma o, özü,  1-2 gün sonra məndən  yazımın aqibətini soruşdu. Astaca ona  cavan redaktorun materialı rədd etdiyini söylədim.  Aqşin müəllim çox sinirləndi və dərhal qəzetin baş redaktoru ilə əlaqə saxlayıb, məqaləmin çap olunması məsələsini həll etdi. Mənim həyəcanım isə səngimədi, çünki Aqşin müəllimin yazdıqlarıma münasibətinin necə olacağını gözləyirdim. Reaksiya bütün gözləntilərdən fərqli oldu. O, mənə zəng çalıb: “Doğrusu, ürəyimdə xal qalmışdı, düşünürdüm,  bəlkə məqalənin çatışmazlıqları var, amma axı  gözəl və dəqiq yazmısan!  Belə məqalədən  redaktor nə haqla imtina edib?”

Resenziyada A.Əlizadənin Bakıda ilk dəfə səslənən Dördüncü  “Muğamvarı” simfoniyası haqqında belə sətirlər yer almışdı: “Simfoniya  qədim Azərbaycan muğamının estetikasının yenidən dərk olunmasına, onun intonasiyalar çevrəsinin, emosional  aləminin duyğusal təcəssüm olunmasına bir nümunədir.  Birmənalı təfsiri mümkünsüz olan bu fəlsəfi əsər eyni zamanda  müasir dünyanın  gərgin ritmi və nəfəsi ilə aşılanıb.  Və simfoniyanın təşviş dolu ovqatına - onun səlis dramaturgiyasını tamamlayaraq  - həzin və kövrək  “Gül açdı” xalq nəğməsini  təkrar-təkrar səsləndirən vokal  qatılanda (A.İslamzadə)  dinləyici onu əsl insan dəyərlərinin  yenilməzliyi və əbədiliyinə inamın ifadəsi kimi qavrayır” (Смотр творческих достижений// Молодёжь Азербайджана, 26.12.1985).

Buradaca deyim ki, belə bir yozum Akif İslamzadənin  bənzərsiz tembri və məxsusi lirik ifa ədası ilə bağlı idi.  Yadımdadır:  filarmoniyadakı konsertdən sonra biz müğənnini hərarətlə təbrik edəndə, o, təvazökarcasına: “Axı mən nə etmişəm?   Oxuduğum cəmi bir neçə dəqiqə iri bir əsərin müqabilində nədir ki?”- deyib sanki sıxılaraq  sürətlə bizdən aralandı.  Bəli, 3-4 dəqiqə, amma necə dəqiqələr - sarsıdıcı!  1987-ci ildə III Beynəlxalq Səmərqənd musiqişünaslıq simpoziumunda  A.Əlizadənin simfoniyasında vokal partiyanı  Alim Qasımov ifa etmişdi. Və  başqa anımlar sırası yaranmışdı. “Simfoniyanın fəzası” kitabında mən  müqtədir xanəndənin  səsinin doğurduğu emosiyaları belə qələmə almışdım: “... Sanki uzaq əsrlərdən bir səs eşidilir. Bu səs bizim tarixi yaddaşımıza ünvanlanıb. Bu səsdə həm təlatüm, həm xəbərdarlıq, həm də çağırış var. O, əsər bitdikdən  hələ çox-çox sonra təqib edir, həyəcanlandırır,  bizi xalqımızın mənəviyyatı, mədəniyyəti qarşısında bütün məsuliyyətimizi dərk etməyə səsləyir...”

“Babək” baletinin tamaşaya qoyulması mühüm bir hadisə oldu. Ən böyük konsert salonumuzda iki dəfə baleti  həyəcanla seyr etdik. Musiqi (partituranı dirijor Rauf Abdullayev səsləndirmişdi) Rəfiqə Axundova və Maqsud Məmmədovun  xoreoqrafiyası ilə birləşib, əzəmətli  bir sənət əsərinin meydana gəlməsini doğurmuşdu. Üstəlik də Babək partiyasında Vitali Axundov olduqca cazibədar idi –  həm  qəhrəmanlıq səhnələrində, həm lirik epizodlarda eynilə inandırıcı.  Elə  baleti açan plelüdün  tersiya və  kvartalardan “biçilən” mövzusu arxaika ruhunu  bərqərar edərək, bizi enerjisi xüsusi olan möhtəşəm sənət aləminə qərq edirdi.

“Babək”lə bağlı mənim özəl xatirələrim də var.  Balet böyük rezonans doğurmuşdu, demək olar ki, bütün qəzetlərimizdə premyeradan sonra rəylər dərc olunmuşdu. Müəlliflər arasında A.Tağızadə, R.Fərhadova, R.Zöhrabov, H.Qaşqay, N.Qasımova, H.Babayeva, F.Əliyeva, L.Hüseynova qeyd edilməlidir. Moskvadan da tanınmış musiqişünas, sənətşünaslıq doktoru Yelena Dolinskaya Bakıya xüsusi olaraq dəvət olunmuşdu: onun dolğun, sərrast müşahidələrlə zəngin resenziyaları az sonra  “Sovetskaya muzıka” (1987/1)   və  “Muzıkal’naya jizn’”  (1987/8; D.Borisova təxəllüsü ilə) jurnallarında dərc olundu. 

Bir gün Aqşin müəllim məni kabinetinə çağırıb, etiraz qəbul etməyən tonla söylədi:  “Zümrüd,  “Babək” barədə  məqaləni “Sovetskiy balet” üçün sən yazmalı olacaqsan”. Bəlli oldu ki,  Bakıdan  göndərilən resenziya  redaksiyanı qane etməyib. Mən vəziyyəti xilas etməli,  qısa müddət ərzində yeni məqalə yazıb, Moskvaya ötürməli idim. Gərgin bir dönəm yaşadım, balet sənətinə dair kitabları tökdüm qabağıma – oxudum, araşdırdım,  tamaşa zamanı etdiyim qeydlərimi də emal edib bilgilərimlə birləşdirərək, məqaləni  vaxtında  yazıb  göndərdim və həyəcanla jurnaldan məlumat  gözləməyə başladım.  Məqaləm qəbul olundu və 1987-ci ilin 2-ci nömrəsində «Возрождая героику прошлого» adı ilə  işıq üzü gördü. Açığı, çox sevindim – bu, mənim ilk sanballı publikasiyam idi - onun ərsəyə gəlməsi Aqşin müəllimin mənə inamı nəticəsində mümkün oldu. Sonralar “Azərbaycan bəstəkarları” seriyası üçün onun haqqında  kitabçanı yazmağı  A.Əlizadə məhz mənə həvalə etdi. Bu  da mənim həyatımda bir ilk oldu.  Kitabçanın poliqrafik icrası, açığı, bərbad idi: sarımtıl kağız,   nəşriyyatın yığdığı mətndə yolverilməz “pintilik”. Amma Aqşin müəllim  məxsusi yumorla  deyirdi: “Üz qabığında fotoportretim qara-qura olsa da - məni tanımaq mümkünsüz! - mətn gözəldir”. O, hətta həmin nəşrin yeni bir nəfis tərtibatını hazırlamış və  kitabxanalara göndərmişdi.

A.Əlizadənin 60 illik yubileyi üçün əsas məqaləni də mən yazdım: həmin məqalə («Мир музыки Агшина Ализаде») bəstəkara  “Şöhrət” ordeninin  verilməsi sərəncamı ilə bahəm 1997-ci il mayın 27-də  “Bakinski raboçi” qəzetində dərc olundu.  Publikasiyada  bəstəkarın İsmayıl Məmmədov tərəfindən çəkilmiş qrafik portreti, habelə Aqşin müəllimin aşağıdakı deyimi yerləşdirilmişdi: “Xalqımın tarixi əslində musiqidə  öz ifadəsini tapmışdı. Qəmgin səsləri daha çoxdur... Amma biz gələcək nəsillərimizdə qələbəlik hisslərini oyadan əsərlər yaratmağa çalışdıq”...    

Burada mən Aqşin müəllimin Azərbaycan musiqisində unikal mövqeyini açıqlamağa cəhd göstərmişdim. Məsələn, yazırdım, ki, o, musiqimizi “Şostakoviç irsinin nəhəng basqısından” (məşhur musiqişünas  M.Tarakanova məxsus  bu müşahidəni mən A.Əlizadəyə şamil etmişdim) xilas edə bildi. Ən əsası da  Aqşin Əlizadəni  zəmanəmizin  ən ünlü (rusca: выдающийся) siması adlandırmışdım. Sonra o, mənə zəng çalıb dedi ki, “bu epiteti  ilk dəfə mənim adım önündə yazan sən oldun”.

Həmin məqalədən bir səciyyəvi fraqmenti burda sitat gətirmək istərdim: “Biz bəzən müasirlərimiz olan sənətçilərin xidmətləri haqqında danışmaqdan, onların yaradıcılığına həqiqi qiymət verməkdən çəkinirik. Mən bu ənənəni pozmaq istərdim, çünki A.Əlizadə sözün əsl mənasında böyük bəstəkardır. Onun bədii kəşfləri haqqında müxtəlif illərdə  azərbaycanlı, ukraynalı, gürcü, rus, türk, ingilis musiqişünasları fikir söyləmişdilər. A.Əlizadənin yaradıcılığı neçə ildir ki, musiqi təhsil ocaqlarında tədris olunur, əsərləri müasir milli musiqinin problemlərinə həsr olunmuş sanballı tədqiqatların elmi nəticələrinə əsaslı təsir göstərir...”

Aqşin müəllimin ibrətamiz söhbətləri də bir başqa.  Gənclik dövründə o, məlahətli melosu  ilə seçilən mahnılar bəstələmişdi. Həmin mahnıları hətta Şövkət Ələkbərova, Sara Qədimova ifa etmişdilər.  Yadımdadır, bir dəfə bəstəkar piano arxasına keçib, “Ötən ilin son gecəsi” bədii filminə təzə bəstələdiyi mahnını çalıb zümzümə etdi. Elə həmin an mən ona belə bir sual verdim:  “Aqşin müəllim,   nə üçün Siz, sözü həssas duyan,  özgün melodiyalar yaratmaq bacarığına malik  bir bəstəkar, mahnı janrına, demək olar ki, üz tutmursunuz?” O, dərhal cavab verdi: “Bilirsənmi, mən kiçik, cəmi üç-dörd dəqiqəlik  mahnıya simfoniya kimi eynilə ciddi yanaşıram. Odur, nədənsə imtina etməli olursan...” Bu sözlərdə A.Əlizadənin sənətkar mövqeyi, böyük məqsədlərə hədəflənməsi, peşəkar kimi dürüstlüyü, şərəfliliyi öz əksini tapıb.

Başqa bir dəfə  tanınmış, lakin son zamanlar   asan yollar seçən  bir bəstəkara həsr olunmuş verilişimi görüb, mənə  zəng etdi və narazılığını  bildirdi: “Sən cavansan, amma artıq tanınmağa başlamısan. Çalış həqiqətən layiqli sənətkarlar haqqında yaz, söz de. Əgər bütün təklifləri qəbul etsən, nüfuzunu itirərsən”. Onu da deyim ki, indinin özündə hazırladığım o verilişin qəhrəmanını dəyərli bəstəkar hesab edirəm və onun haqqında söz açdığım üçün əsla peşman deyiləm. Amma Aqşin müəllimin sözləri ürəyimə ox kimi sancıldı... və mən “Ədəbiyyat və incəsənət” qəzetindən aldığım bir sifarişi  həmən ləğv etdim.

Aqşin Əlizadə ilə  ara-sıra söhbətləşməyi sevirdim. Çox əfsus ki, o söhbətləri vaxtında qeydə almamışdım. Amma  təxminən 22 il öncə,  yenicə nəşr olunmuş “Simfoniyanın fəzası” kitabımı və Tehranda işıq üzü görən “Varlıq” jurnalını (1998-ci ildə  redaktoru məşhur Cavad Heyət olan  bu dərginin 3-cü nömrəsində bəstəkar haqqında məqaləm yer almışdı) Aqşin müəllimə təqdim etmək üçün onun xudmani mənzilinə gəlib, doyunca söhbətləşdim. Aqşin müəllimin ömür-gün yoldaşı Qalina xanım həmişəki kimi  qonaqpərvərlik və həssaslıq sərgilədi. O, vaxtaşırı nəzakətlə söhbətimizə qoşulur, bəzi sərrast əlavələr edirdi.

Burda haşiyə çıxaraq deməliyəm ki, bir dəfə Aqşin  müəllimin Niyazi haqqında xatirələrini qələmə almışdım. Sonra  tərtib etdiyim mətni  A.Əlizadə, görünür,  həyat yoldaşına göstərmişdi.  Doğrusu,  Qalina xanımın qeydləri – o qədər sərrast, o qədər qabarıq – məni heyrətə gətirdi. Cəmi bir neçə düzəliş mətni necə də canlandırmışdı! Onu da deyim ki, bu mənzildə  Aqşin müəllimin dayısı Mehdi Hüseynzadənin- əfsanəvi Mixaylonun fotoşəkli diqqətimi çəkdi.  O saat məndə  belə bir fikir yaranmışdı:  bəstəkarın xarakterindəki bir sıra cəhətlər – onun mərdliyi,  möhkəm iradəsi, prinsipiallığı heç də təsadüfi  deyil.

Söhbətə qayıdaraq, onu söyləməliyəm ki, Aqşin müəllimin düşüncələrini dəftərçədə qeyd etmişdim və bu yazımda onun bəzi fikirlərini ilk dəfə bölüşürəm.

Bəstəkar bildirmişdi ki, indi onu “gözəl musiqi” yazmaq məsələsi xüsusən məşğul edir: “İnsanlar gözəl musiqi  eşitmək arzusundadır. Odur, dinləyiciyə doğru addım atmaq gərəkdir”, - deyən bəstəkar  cavanlıqda həmin gözəl musiqini yazmaqdan qorxduğunu, özünü  qəsdən  müəyyən çərçivəyə saldığını xatırlayırdı.

Aqşin müəllimin fikrincə, bəstəkar yaradıcılıq prosesini izah etmək iqtidarında deyil.  Ancaq total hazırlıq ona öz ideyalarını reallaşdırmaq imkanı verir. Əgər bəstəkar yazdığı musiqini izah edirsə, deməli, onun  qüvvəsinə inanmır.  Bu fikri   təsdiq etmək üçün o, belə bir müqayisəyə əl atırdı: “Məgər müntəzəm məşq edən futbolçu  necə qol vurduğunu izah edə bilərmi?”

Bu sətirləri oxuyanda istər-istəməz çağdaş musiqi festivallarında bəstəkarların öz əsərləri haqqında uzun-uzadı çıxışları,  bu əsərlərə dair qəliz açıqlamaları yadıma düşür.   Səmimi deyim ki, çox zaman həmin söhbətlər onların ardınca səslənən musiqidən daha maraqlı olur...

“Çalışmaq lazımdır, elə ki, bel pas atmasın”, - bu da  A.Əlizadənin bir növ həyat devizi idi.

Aqşin müəllim tez-tez “səslər” axtarışında olduğunu deyirdi: “Bax simfoniyanın əvvəli, ortası, sonu üçün xüsusi səslər tapmalıyam.  Bu baş verərsə, onda simfoniya alınacaq”. Ümumiyyətlə, o,  “simfoniya yazmaq” qorxusu barədə  fikirlərini mənimlə bölüşmüşdü – bu, “ali ümumiləşdirmələr” janrına elə bir özgün, elə ciddi yanaşma idi! Əsas məqsədi də “Azərbaycan simfoniyasını tapmaq” idi.  Düşünürəm,  bəstəkarın “fərdi layihə” (Y.Xolopovun terminidir) əsasında meydana gələn son  üç simfoniyası (III-V) həmin  mürəkkəb axtarışların uğurlu nəticəsidir.

Əlbəttə, A.Əlizadənin  bütün yaradıcılığının kvintessensiyası  - “Babək” baleti barədə də o zaman söz düşdü. Musiqili teatr tariximizdə yeni bir hadisə olan ilk qəhrəmani-epik baletdə yeni obrazlar,  misilsiz kütləvi səhnələr,  nadir gözəlliyi ilə seçilən iki  zərif, kövrək və ekspressiv Adagio  yaradılmışdı. Aqşin müəllim bu əsərdə Üzeyir Hacıbəyli ruhunun  - sitatlar əsla yoxdur - hökm sürdüyünü vurğulamışdı. Son səhnələrdə isə Qara Qarayevlə bağlantıların olmasını da qeyd etmişdi. Əlbəttə, o,  Azərbaycan musiqisinin ən müxtəlif ənənələrinin tam müstəqil  xəlitəsini yaratmağa qadir  unikal sənətkar idi.

Aqşin müəllim Azərbaycan bəstəkarlıq sənətinin  əsas əsərlərini - sütunlarını da qeyd etmişdi. Bu,  onun nəzərincə, “Koroğlu”, “Arşın mal alan”, “Yeddi gözəl” və “Kürd-Ovşarı”dır. Azərbaycan musiqisinin böyük nailiyyətlərindən, Üzeyir bəy fenomenindən heyrətlə danışaraq, A.Əlizadə eyni zamanda bu musiqinin dünyada az tanındığına görə pərişan olduğunu bildirmişdi. “Yəqin bizim də nə zamansa Dyagilev kimi xadimimiz peyda olmalıdır ki, Azərbaycan sənətini geniş miqyasda təbliğ etsin.  Qırğızıstanı tək bir yazıçı Çingiz Aytmatova görə tanıyırlar. Əgər Ü.Hacıbəylini, Q.Qarayevi  dünya musiqi meydanında təsdiqləyə bilsək, onda Azərbaycan da tanınar. Bu sənətkarlar varsa, Azərbaycan da var”, - deyə o, vurğulamışdı.

“Bütün fəxri adlar sıfra bərabərdir”,  - deyən A.Əlizadə  bəstəkar tərəfindən böyük, sanballı bir əsərin ortalığa qoyulmasının əsas məqsəd olduğunu xüsusi qeyd etmişdi. “Bəstəkar 30 yaşına qədər dinləyicini heyrətləndirə bilən yaratma ərsəyə gətirməlidir. Əgər bunu bacarmasa, bəstəkarlıq  peşəsindən vaz keçməlidir”. Onun musiqimizin gələcəyinə dair proqnozları  o qədər də ürəkaçan deyildi. A.Əlizadənin fikrincə, get-gedə  həqiqətən  bədii dəyərə malik əsərlərin sayı azalacaq. 

Bəstəkarlar İttifaqında mitinq atmosferinin hökmranlığı da Aqşin müəllimin  ovqatını təlx edirdi. O, gənclərin  basqılanması,  passivliyi və cəsarətsizliyini də mənfi bir hal adlandırmışdı.

Eyni zamanda  Aqşin müəllimin aşağıdakı  fikri də səciyyəvi idi: “Musiqi əsərləri yaradaraq öz missiyamı icra edəcəyəm, musiqimlə məqsədlərimi  həyata keçirəcəyəm”.

O zaman A.Əlizadə Türkiyədə  çalışırdı. “Türkiyədə sanki öz  evimdəyəm”, -  deyən Aqşin müəllim  türk musiqisi və  folklorunun qohumluq əlaqələrinə toxunmuş, məsələn, türkülər və bayatılar arasında bağlantıların olmasına nəzər-diqqətimi yönəltmişdi. Onun bu fikri də səciyyəvi idi: “Türkiyədə nə ingilis, nə də rus olmaq lazım deyil...” Yəqin bu cümlənin davamını oxucu özü də qura bilər.

 Aqşin müəllim  həssas adam idi. Bir dəfə mən ona gəncliyə xas sadəlövhlüklə demişdim ki,  İkinci Kamera simfoniyasını ən mükəmməl əsəri hesab edirəm.  Hər dəfə söhbətləşəndə o, kinayə ilə: “Hərçənd sənin Kamera simfoniyasından  daha çox xoşun gəlsə də...” deyib, məni maraqlandıran mətləbə -  başqa əsərlərin müzakirəsinə keçərdi... 

Bu sətirləti yaza-yaza əsas qəhrəmanım – Aqşin Əlizadə  ilə bağlı topladığım sənədləri nəzərdən keçirirəm.  Bu, bir neçə qovluqdan ibarət böyük bir materialdır. Hər yazı, hər not,  hər foto arxasında da o qədər emosiya, o qədər xatirə durur.  Məsələn, mənim Dördüncü simfoniya, violin və piano üçün “Portret”, piano üçün “Dastan”  - “Melodiya” firmasında  işıq üzü görməsi planlaşdırılan val üçün annotasiyam.  “Portret”  80-ci illərin sonunda  Arif Manaflı və Nigar Hacıyeva kimi violinçalanların ifasında Vilnüs, Odessa, Maynts, Bostonda  təqdim edilmişdi. “Allgemeine Zaitung” (Mainz) qəzeti N.Hacıyevanın  şövq dolu ifasını təqdir edərək, “melanxolik, düşüncələrə sövq edən - ən müasir  səslənmələrin müdaxiləsi ilə səciyyələnən  musiqini”  də nəzərdən qaçırmamışdı.  Dördüncü simfoniyanı  1984-cü ildə Almatıda, SSRİ Bəstəkarlar  İttifaqının İdarə Heyətinin Plenumunda eşidən musiqişünas Erna Geyzerin muğamın simfonik potensialını üzə çıxaran bu əsər haqqında sevgi dolu qeydləri də qovluğumdadır – Aqşin müəllimin həmin rəyə - ilk rəyə - xüsusi münasibəti var idi.  Təəssüf, o val  nəşr olunmadı – 1990-cı il idi artıq, SSRİ adlı imperiya xaos içində boğulurdu... 

Aqşin müəllimin notları... onlardan birini (“Dastan”. “Qədim oyunlar”. “Portret”. Bakı: Şur, 1994) bəstəkar mənə belə bir xatirə yazısı ilə hədiyyə etmişdi: “Babasının nəvəsi, atasının qızı, mənim tələbəm -  istedadlı Zümrüd Dadaşzadəyə...”( 22.09.1994)... Və ya   bəstəkarın 60-cı illərdə çəkdiyi akvarel rəsmlərindən bir neçəsi də mənə bağışlanıb. Həmin rəsmlərdən biri  “...yarım suya gələndə, səhəngi mən  olaydım...”  bayatı misralarına illüstrasiyadır. Rəsmin arxasında 1965-ci il qeyd olunub. Bəllidir ki,  a cappella xor üçün “Bayatılar” silsiləsini bəstəkar 1969-cu ildə bitirib. Rəsm  ona dəlalət edir ki,  A.Əlizadə  onun yaradıcılığında, ümumən bütün  sovet musiqisində   hadisə olmuş bu əsər (bəstəkarların Ümumittifaq müsabiqəsində I mükafata layiq görülmüşdü) üzərində illər öncə işləməyə başlamışdı. Yeri gəlmişkən, bir  məqamı da  yaddaşım canlandırır.  1986-cı  ilin oktyabrında Aqşin müəllimin təşəbbüsü ilə Bakıda ilk dəfə “Sovetskaya muzıka” jurnalının redaksiya heyətinin bəstəkarlarımızla bahəm “dəyirmi masa”sı keçirilmişdi.  Yadımdadır, o dönəmdə jurnalın  baş redaktoru  olan Yuri Korev “Bayatılar”a qulaq asandan sonra bu dəyərli əsərin az tanındığına görə təəssüfləndiyini söyləmişdi...

Ən əziz sənədlərdən biri də Aqşin müəllimin mənə ünvanladığı məktubdur. Mən o zaman İranda - Tehranda idim, o, Türkiyədə - Vanda. “... Biz hər zaman məktublarına çox sevinirik. Buradan çox məmnunam. Bakıda və başqa yerlərdə  (əlaqəm var) əsərlərim səslənir... Əlbəttə, istərdim Xəzərin  sahillərində olum!  Sənin kimi adamlar mənə ən böyük dəstəkdir...” (14.01.1999).

O zaman, Tehranda bu qısa, amma çox səmimi, Vətənə sevgi aşılanmış sətirləri oxuyarkən Aqşin müəllim haqqında 1992-ci  ildə işıq üzü görmüş kitabımdakı bəzi düşüncələrim, landşaft və musiqinin sıx bağlılığı barədə müşahidələrim xatirimdə oyandı: “A.Əlizadənin əsərlərindən Abşeron torpağının, Xəzər dənizinin ətri gəlir. <...> bəstəkarın musiqi lövhələri  Səttar Bəhlulzadənin həmişə işıq dolu peyzajları ilə müqayisə doğurur. Səttarın tablolarında təbiət bərbəzəkdən məhrum, əzəli  və əbədidir. Aqşin musiqisi də belədir. Onu dinlədikcə gözümüz önündə uşaqlıqdan tanış, doğma, ürəyi göynədən bir mənzərə canlanır: qızmar günəş, qızılı qum, tək-tük səpələnmiş üzümlüklər...”

Əlbəttə, Aqşin Əlizadənin yaradıcılığı elə ilk addımlarından başlayaraq diqqət mərkəzində olmuşdu. Az qala əsərlərinin hər birinə, musiqi dilinin komponentlərinə dair – ayrı-ayrılıqda – məqalə, dissertasiya, kitablar həsr olunub. Bu da təsadüfi deyil. Çünki Kamera simfoniyasından (1966) başlayaraq, A.Əlizadənin hər bir yaratması hadisəyə çevrilirdi.   O tədqiqatlar arasında  şərəfli alimimiz, istəkli  müəllimimiz Aida Tağızadənin məqalələri və 1986-cı ildə nəşr etdirdiyi  monoqrafiya xüsusi önəm kəsb edir.  Məhz Aida xanım bəstəkarın bədii kəşfləri haqqında ilk dəfə - aydın və qabarıq – söz deyə bilmişdi. “Böyük o kəsdir ki, istiqamət yarada bilsin”, - filosofun  bəlli kəlamıdır.  Aqşin müəllim belə bir böyük sənətkar idi.

A.Əlizadə Konservatoriyada ixtisas  fənnindən dərs deməmişdi. Amma indi neçə-neçə bəstəkar onun musiqisini özləri üçün bir örnək adlandırır. Yadımdadır, Bəstəkarlar İttifaqında  işləyərkən xarici ölkələrdən müxtəlif   anketlər alırdıq.  Orda belə bir sual verilirdi: “XX əsr bəstəkarlarından kim Sizə daha çox təsir göstərib?”  Bir neçə halda - cavablarda mən Stravinski, Bartok, Şönberqlə yanaşı  A.Əlizadənin də adını oxudum.

Aqşin Əlizadənin yaradıcılığı Azərbaycan musiqi tarixinin ən önəmli və fərəhli səhifələrinə aiddir. Onun əsərləri həmişə ifa olunub və gur  əks-səda doğurub.  “Cəngi”si  xalqımızın musiqi simvollarından biridir. 80-ci illərin sonunda ərsəyə gələn “Qarabağ havası” saf Vətən sevgisinin mücəssəməsidir. Son  zamanlar  bəstəkarın irsi sanki ikinci həyatını yaşayır. “Babək” baletinin əsl simfonik keyfiyyətlərə malik  musiqisinin  2021-ci ilin oktyabrında - xalqımızın 44 günlik  Vətən müharibəsində tarixi qələbəsinin birinci ildönümü münasibətilə “Zəfərə aparan yol” devizi altında Filarmoniyada  tam şəkildə ifa olunması parlaq olaya çevrildi. Mən bu baletin teatr səhnəsində bərpa olunması məsələsini  2022-ci ildə - 20 yanvar faciəsi  ərəfəsində keçirilən xatirə gecəsindən əvvəl verdiyim müsahibədə qaldırdım. Ümidvaram,  əsas saytlarımızda dərc olunan bu çağırışım da  eşidiləcək.  Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş  anım konsertində isə illər ifa olunmayan Beşinci simfoniya təqdim edildi.  Simfoniyanın təşviş dolu – ovsunlayıcı, hər səslənəndə yeni çalarlar əldə edən  leytmövzusunu, milli mədəniyyətin konsepti  qismində çıxış edən xalq çalğı alətləri – balaban, zurna və telli sazlarımızın sədalarını eşidərkən, bu musiqinin  30 il ərzində yeni məzmunla yükləndiyini, özündə həmin illərin dramatizmini, gərginliyini,  ən müxtəlif yaşantılarını, sarsıntılarını da ehtiva etməsini bir növ fiziki duyaraq həyəcanlanmamaq qeyri-mümkün idi. Böyük sənət əsərlərinin  belə bir keyfiyyəti var –  hər dəfə səslənəndə sanki yenidən kəşf olunur,  yeni emosiya və düşüncələr doğurur - yaşadığımız məqama uyğun.  Aqşin Əlizadə musiqisinin dərin təfsirçisi Rauf Abdullayevin əlindən estafeti almış gənc dirijor Mustafa Mehmandarovun – o, A.Əlizadə sənətinin vurğunu, çılğın pərəstişkarıdır - səyləri nəticəsində  əzəmətli sənətkarın əsərlərinin “həyatı”nda yeni bir mərhələnin başlanmasını da xüsusi qeyd etmək  zəruriyyətini duyuram.

Aqşin müəllim –  böyük amallarla yaşayan, mədəniyyətimiz üçün can yandıran şəxsiyyət - bəstəkar, müəllim, İttifaqın rəhbəri haqqında daha çox xatirələrim və düşüncələrimlə bölüşə bilərəm. Ona minnətdarlığım sonsuz!  Bu qeydlərimi qələmə aldığım günləri, saatları da sanki  mənəviyyat aləminə səyahət kimi dəyərləndirirəm. Amma yəqin ki,  durğu işarəsi  - yekunlaşdırıcı,  təsdiqləyici yox - qoymaq vaxtıdır. Və sonda belə bir xatirə.             

Aqşin müəllim  bəzi müvəffəqiyyətlərimdən sonra mütləq deyərdi: “Amma arxayın olma,   fəxarət hissinə uyma...”  Çox düşündüm yazım bu barədə, yoxsa...  10 il əvvəl (2012-ci ildə) həyatımda yuvarlaq tarix qeyd edirdim. Ad günümdən bir gün öncə Aqşin müəllim  zəng çaldı. Mən həmin an hay-küylü bir məkanda idim, amma sanki təcridolunma səhnəsi – kinematoqrafdakı kimi – yaranmışdı, müəllimimin səsi də elə aydın eşidilirdi: “Bilirəm, sabah sənə çox adam  telefon açacaq, odur əvvəlcədən təbrik etmək qərarına gəldim...” Xoş diləklərini ifadə etdikdən sonra o, aramla söylədi: “Onu da bil ki,  haqqımda ən yaxşı yazını sən yazmısan”... Başa düşürəm ki, bu sözlər, çox ehtimal,  Aqşin müəllimin böyük ürəyinin diktəsi ilə deyilən sözlər idi -  ad günümdə məni  sadəcə olaraq sevindirmək istəyirdi... Amma axı  çox incə məqamdır...  Duyğusal... Kövrək...Unudulmaz...

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18