Makrondan gərginliyi artıran AÇIQLAMA - Fransa prezidenti böhranı yenidən alovlandırır

19/11/2022 - 15:11

Taylandın paytaxtı Banqkokda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Zirvəsi (APEC) bir çox dünya liderini bir araya gətirib. Fransa prezidenti Emmanuel Makronun sammitdə verdiyi açıqlamalar Fransa ilə Avstraliya arasında diplomatik gərginliyi yenidən alovlandırıb.

Ötən il ABŞ və İngiltərədən nüvə sualtı qayıqları almağa qərar verən Avstraliyanın Fransa ilə milyard dollarlıq dizel sualtı qayıq müqaviləsini pozması ABŞ-Avropa münasibətlərinə təsir edən böhrana çevrilmişdi.

Qafqaz.media musavat.com-a istinadən xəbər verir ki, bu böhrandan düz bir il sonra - dünən Makron APEC sammitində məsələni yenidən gündəmə gətirib və Avstraliyanın həmin qərarla Çinlə nüvə münaqişəsinə girdiyini bildirib. Fransa lideri, həmçinin Avstraliyanın milyardlarla dollarlıq AUKUS təhlükəsizlik paktını həyata keçirməyəcəyini də iddia edib. (15 sentyabr 2021-ci ildə Avstraliya, İngiltərə və ABŞ arasında imzalanan üçtərəfli təhlükəsizlik paktı olan AUKUS-a əsasən, ABŞ və İngiltərə Avstraliyanın nüvə enerjisi ilə işləyən sualtı gəmilərinin hazırlanmasında və yerləşdirilməsində Qərbin Sakit okean bölgəsindəki hərbi varlığının artmasına kömək etməyi qəbul ediblər. Pakt Çinin Hind-Sakit okean bölgəsindəki təsirinə qarşı çıxmaq üçün imzalanıb - red.)

WhatsApp Image 2022-11-19 at 14.45.17 (1).jpeg (107 KB)

Fransız sualtı qayıqları ilə bağlı razılaşmanın hələ də masada olduğunu deyən Makron bildirib ki, Avstraliyanın Fransa ilə ilk razılaşması Çinlə böhran yaratmayacaqdı:

"Çünki Fransanın sualtı qayıqları nüvə enerjili deyil. Amma Avstraliyanın keçmiş Baş naziri Morrison bunun əksini seçdi. O, həm nüvə münaqişəsinə yenidən girdi, həm də özünü sualtı qayıqlardan ibarət donanmadan tamamilə asılı vəziyyətə saldı".

Xatırladaq ki, ötən il Emmanuel Makron Avstraliyanın keçmiş baş naziri Skott Morrisonu son dəqiqəyə qədər müqavilənin ləğv ediləcəyi barədə ona məlumat verməməkdə və yalan danışmaqda ittiham etmişdi. Fransanın xarici işlər naziri Jean-Yves Le Drian isə daha sərt bir açıqlama verərək, “bizi kürəyimizdən bıçaqladılar” demişdi.

Sammitdə iştirak edən Avstraliyanın hazırkı baş naziri Antoni Albaneze isə Fransa liderinin tənqidlərinə baxmayaraq, ölkəsinin AUKUS razılaşmasına sadiq qalacağını bildirib.