Mixail Saakaşvilinin ən böyük və “ölümcül səhvi” – EKS-PREZİDENT “ÖLÜM PİLLƏSİ”NİN SONUNCUSUNA AYAQ BASIR…

23/11/2022 - 13:08

Mixail Saakaşvilinin Gürcüstana qayıdışını analitiklər onun ən böyük və hətta ölümcül səhvi adlandırırlar. İddia olunur ki, bu səhv Gürcüstanın ən böyük müxalifət partiyasını “vurmaqla” yanaşı, onun üçün də faciəyə çevrilib.

Qafqaz.media xatırladır ki, ötən il oktyabrın 1-də Gürcüstan telekanalları eks-prezident Mixail Saakaşvilinin Tiflisdə saxlanmasını əks etdirən kadrlar yayımladı. Kadrlarda 8 il sonra Gürcüstana qayıdan Saakaşvilinin iki polis tərəfindən əli qandallı halda aparıldığı, eks-prezidentin isə gülümsədiiyi əks olunurdu.

Artıq bir ildən çox vaxt keçsə də, Saakaşvili hələ də həbsdədir. Lakin o, həbsxanada deyil, bir neçə ay əvvəl köçürüldüyü klinikada saxlanılır.

M.Saakaşvili “Facebook” səhifəsində mütəmadi olaraq Ukraynadakı hadisələri və müharibəni şərh edir. O, artıq Tiflis Şəhər Məhkəməsində davam edən proseslərdə müttəhimlər kürsüsündən əvvəlki kimi uzun-uzadı çıxışlar etmir, hətta əksər hallarda prosesə də qatılmır. Səbəb onun səhhətidir. Yaxınları onun sağlıq durumunun günbəgün pisləşdiyini deyirlər. Onlar yeganə çıxış yolunu Saakaşvilinin müalicə üçün xaricə transferində görürlər.

Bu arada, xarici mütəxəssislərin iştirakı ilə məhkəmə-tibbi ekspertizası keçirən “Empatiya Mərkəzi” qeyri-hökumət təşkilatı Saakaşviliyə həbsdə saxlanılması ilə bir araya sığmayan ciddi diaqnozlar qoyub.

Tiflisdə aksiya

Акция в Тбилиси

Artıq Qafqaz.media-nın da xəbər verdiyi kimi, noyabrın 20-də həkimlər, eks-prezidentin qohumları, müxalifət nümayəndələri və onun tərəfdarları hökumət binası qarşısında toplaşaraq Saakaşvilinin xaricə müalicəyə göndərilməsini tələb ediblər.

"O, hərəkət edə bilmir, köməkçi vasitələrdən istifadə edərək hərəkət edir və üç qaşıqdan artıq yeyə bilmir. Yəni kritik vəziyyətə gətirilib. Artıq vaxt yoxdur, Mixail Saakaşvili üçün saniyəölçən yanıb”, - deyə onun aksiyada çıxış edən tərəfdarlarından biri, həkim Levan Peradze bildirib.

Hakim “Gürcü arzusu” isə bildirir ki, Saakaşviliyə lazımi və vaxtında tibbi yardım göstərilir. Ədliyyə naziri Rati Breqadze “İmedi” teleşirkətinin efirində Saakaşvilinin vəziyyəti ilə bağlı sualı cavablandırarkən deyib ki, qoy həkimlər bu haqda danışsınlar, amma Saakaşvili reanimasiyada deyil, terapevtik şöbədədir və hər gün qonaqlar qəbul edir.

Qeyd edək ki, noyabrın 20-də keçirilən aksiyada eks-prezidentə yaxın həkimlər, müxalifət nümayəndələri və onun tərəfdarları Saakaşvilinin xaricdə müalicə olunmasına şərait yaradılmasını tələb ediblər.

“Ölümcül səhv”

Xatırladaq ki, Mixail Saakaşvili ötən ilin payızında Gürcüstana qayıtmazdan əvvəl “Facebook”-da bu barədə videomüraciət yerləşdirdi. Hakim partiya əvvəlcə onun qayıdışı ilə bağlı istehza ilə danışdı və videomüraciətləri saxta adlandırdı. Lakin sonradan Gürcüstanın baş naziri eks-prezidentin Tiflisdə saxlanıldığını açıqladı. Beləliklə, Saakaşviliyə qarşı irəli sürülən ittihamlara yenisi əlavə edildi: “sərhədi qanunsuz keçmək”.

Zəhərlənmə iddiası

Məlumat üçün bildirək ki, Saakaşvili Gürcüstanda bir neçə cinayət işi üzrə ittiham olunur. Onlardan ikisi üzrə o, Gürcüstana qayıtmazdan əvvəl qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edilib. Özü isə ona qarşı irəli sürülən bütün ittihamları uydurma və siyasi xarakterli hesab edir. Mişa özünü “Putinin məhbusu” adlandırıb və həbs olunduqdan sonra aclıq aksiyasına başlayıb və yalnız 50 gündən sonra bu aksiyanı dayandırmağa razılaşıb. Bu ilin fevralında Saakaşvili adekvat tibbi yardım tələbi ilə yenidən aclıq aksiyasına başlayıb və 20-ci gündə bunu dayandırıb.

Həbsdə olduğu müddətdə o, bir neçə yer dəyişib. O, əvvəlcə Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib, oradan Tiflisin kənarındakı həbsxanaya aid xəstəxanaya, sonra isə Qori şəhərindəki hərbi hospitala köçürülüb.

Ötən il dekabrın sonunda o, yenidən Rustavi həbsxanasına qaytarılıb, bu ilin mayında isə hazırda olduğu “Vivamed” klinikasına köçürülüb.

Клиника "Вивамеди"

Saakaşvilinin yaxınları və vəkillərinin sözlərinə görə, o, tibb müəssisəsində saxlanılsa da, xəstəliklərinin siyahısı getdikcə artır. Belə ki, günbəgün arıqlayır, zəifləyir, yeriməkdə çətinlik çəkir, sol qolundan istifadə edə bilmir. Bundan əlavə, onun yüksək hərarəti olur.

Eks-prezidentin anası Giuli Alasaniyanın sözlərinə görə, bu yaxınlarda oğlunun xəstəliklər siyahısına vərəm diaqnozu da əlavə edilib. Lakin həkimlər müalicəyə başlamır, çünki bu, digər xəstəliklərin daha da ağırlaşmasına səbəb ola bilər.

İndi hüquqşünaslar məhkəməyə müraciət etmək üçün gürcü və xarici ekspertlərin imzalayacağı “Empati” Mərkəzinin yekun rəyini gözləyirlər. Diaqnozlardan və onların şiddətindən asılı olaraq, onlar Saakaşvilinin həbsdən azad edilməsini və ya hətta cinayət işinin təxirə salınmasını tələb etmək niyyətindədirlər.

Noyabrın 18-də “Empati” Mərkəzi Saakaşvilinin səhhəti ilə bağlı hesabat üzərində işin başa çatdığını elan edərək, onun təcili tam diaqnostika və müalicəyə ehtiyacı olduğunu qeyd edib.

"Bu, 188 səhifəlik rəy, üstəgəl 60 səhifəlik xarici ekspertlərin rəyi və 2900 səhifəlik sübutdur. Bütün bunlar tərcümə olunur və xarici həmkarlara göndəriləcək ki, onlarla tam konsensus olsun. Bundan sonra vəkillər və hüquq müdafiəçiləri ilə məsləhətləşmələr aparılacaq. Çünki sənədlərdə təkcə onun səhhətindəki problemlərdən deyil, həm də ona qarşı təcavüz və qeyri-insani rəftardan bəhs edilir”, - deyə prosesdə iştirak edən ekspert, nevroloq Otar Toidze deyib.

“Saakaşvilinin xaricə müalicəyə göndərilməsi xahiş deyil, tibbi etika və elmin tələbidir. Çünki o, Gürcüstanda lazımi müalicəni ala bilməyəcək”,- deyə Toidze iddia edir. Nevroloq Saakaşvilinin səhhətinin pisləşməsini dörd pillənin olduğu pilləkənlərlə yuxarı qalxmaqla müqayisə edir. Deyir ki, dördüncüsü ölümdür: “Mixail Saakaşvili artıq ayağını qaldırıb və dördüncü pilləni keçmək üzrədir”.

Saakaşvilinin anası Giuli Alasaniyanın sözlərinə görə, toksikoloji analizin nəticələrində tallium, barium və gümüş su kimi maddələr sadalanıb və yaxınları bununla bağlı amerikalı ekspertlərdən izahat gözləyir.

Saakaşvilinin vəkillərindən biri Valeri Qelbaxiani bəyan edib ki, eks-prezidentin zəhərləndiyini güman etmək üçün əsaslar var.

Gürcüstana yol

Saakaşvili ikinci prezidentlik müddəti başa çatdıqdan sonra Gürcüstanı tərk etməsinə baxmayaraq, son illərdə ölkənin siyasi arenasında əsas fiqurlardan biri olaraq qalır. Burada onun çoxlu tərəfdarları var və onun yaratdığı Vahid Milli Hərəkat Partiyası hakimiyyət dəyişikliyindən sonra ölkənin ən böyük müxalifət qüvvəsinə çevrilib.

Митинг в поддержку Саакашвили в Тбилиси 8 ноября 2021 года

Ukrayna vətəndaşlığını daşıyan eks-prezidentin Gürcüstana qayıtdığını bir neçə dəfə elan etməsi vətənində müxtəlif reaksiyalara səbəb olub. Əhalinin bir hissəsində bu planlar Gürcüstanda kardinal siyasi dəyişikliklərə ümidlər oyatdı, bir hissəsində isə onun yenidən hakimiyyətə gələcəyindən qorxdular. Lakin bu gözləntilər özünü doğrultmadı.

Onun yerli seçkilər ərəfəsində qayıdışı, daha sonra həbsi Gürcüstanda mitinq dalğasına səbəb olsa da, zaman keçdikcə etirazçıların sıraları seyrəldi, sonra isə tamamilə yox oldu.

"Saakaşvili hesab edirdi ki, onun gəlişi müxalifət düşüncəli kütlələri canlandıracaq və ciddi çıxışlara səbəb olacaq, bu da öz növbəsində siyasi dəyişikliklərə gətirib çıxaracaq. Amma məlum oldu ki, müxalifətdə olan hər kəsdən daha çox tərəfdarı olsa da, bu hakimiyyəti dəyişmək üçün kifayət deyil”, - politoloq Gia Nodia BBC-yə bildirib.

Qeyd etdiyimiz kimi, Saakaşvili Gürcüstanın siyasi arenasında əsas fiqurlardan biri olaraq qalsa da, bu ilin iyulunda vəkilləri onun artıq siyasətlə maraqlanmadığını bildiriblər.

"O, Gürcüstan telekanallarına baxmır və tamamilə Ukrayna telekanallarına keçib. O, Gürcüstandakı siyasi vəziyyətlə maraqlanmadığını deyir və bununla bağlı heç kimlə əlaqə saxlamır", - Saakaşvilinin vəkillərindən Valeri Gelbaxiani bildirib.

"Atam bura gəlməyin səhv olduğunu başa düşür, bir neçə dəfə ondan eşitmişəm. Düşünürəm ki, bunu başa düşüb, gəlməməli olduğunu düşünür. Bu gün onun prioriteti yalnız sağ qalmaq və sağlam qalmaqdır", - bunu isə eks-prezidentin oğlu Eduard Saakaşvili deyib.

Tərəfdarları prezidentə inanırdı, amma…

Zurabişvili: "Namizəd statusu üçün qətiyyətlə işləməyə hazırıq"

Yeri gəlmişkən, Saakaşvili tərəfdarlarının prezidentin onu əfv edəcəyi ilə bağlı ümidləri də özünü doğrultmadı. Salome Zurabişvili artıq bunu heç vaxt etməyəcəyini bildirib. BBC-yə müsahibəsində o, Saakaşvilini əfv edə bilməyəcəyini bildirib. Buna səbəb kimi, məhkəmə prosesinin hələ yekunlaşmadığını göztərib.

Prezidentin sözlərinə görə, o, həkimlərin qərarını diqqətlə izləyir və hesab edir ki, Saakaşviliyə xaricdə əlavə müalicə almaq imkanı verilməlidir, lakin belə bir qərar məhkəmənin səlahiyyətindədir.

Son günlər Saakaşvilinin azad edilməsi ilə bağlı çağırışlar getdikcə beynəlxalq platformalardan və Qərb siyasətçilərindən eşidilir. Bəzi politoloqların fikrincə, Gürcüstanın Avropa İttifaqına namizəd statusu alması Saakaşviliyə olan münasibətdən çox asılıdır...

Hazırladı: Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

What's been happening?
12/12/2023 - 21:12