“Narkomaniya ilə hər bir vətəndaş mübarizə aparmalıdır” – ŞƏLALƏ QABİLOVA
“Hər kəs ətrafında bu bəlaya düçar olanları yönəltməlidir.
“Yeniyetmə yaşlarından hər bir valideyn övladını - istər oğlunu, istərdə qızını başa salmaqla bir çox istəklərinə “yox” deməlidir. Bundan əlavə, daima övladımızın ətrafı, kimlərlə ünsiyyət qurduğu ilə maraqlanmalıyıq”.
Bunu Stopnarkotik.az saytına açıqlamasında “Start” Reabilitasiya Mərkəzinin motivator psixoloqu Şəlalə Qabilova bildirib. Onun fikrincə, hər bir valideyn asılılığın nə olduğunu, insan həyatına necə təsir etdiyini övladına uşaq yaşlarından bildirməlidir:
“Mənim bu barədə fikrim belədir: övladlarımıza açıq şəkildə izah etməliyik ki, hansı asılılıq həyatımıza, şəxsiyyətimizə necə təsir edə və sonumuz necə ola bilər. Hər birimiz fərd olaraq doğulub, xarakter olaraq formalaşırıq. Biz valideynlər övladlarımızı kiçik yaşlarında kəşf edib, hansı sahədə formalaşacağını tapmalıyıq. Məsələn, hər hansı idman növünə yönəltsək, onlar ən azından düzgün yol seçmiş olarlar. Qeyd etdiyim kimi, bunun üçün də öncədən maarifləndirməliyik”.
Narkomaniyanın bütün dünyada yayılmış bir bəla olduğuna diqqət çəkən Ş.Qabiloba deyir ki, bu bəlaya qarşı hər bir vətəndaş mübarizə aparmalıdır: “Dövlət qurumlarımız lazımi qaydada öz mübarizəsini aparır. Amma narkomaniya ilə hər bir vətəndaş mübarizə aparmalıdır. Çox şükür, bu gün dövlətimiz gözəl şərait yaradıb, reabilitasiya mərkəzləri fəaliyyət göstərir. “12 addım” deyilən proqramla bu bəla qismən də olsa azalır. Ümumiyyətlə, vətəndaş olaraq da hər birimiz bu cür insanlara dəstək olmalıyıq. Axı, heç kəs anadan narkoman, asılı doğulmur. Onlar bizim doğmalarımızdır, qoruyub sağlam həyata yönəltməliyik. Odur ki, hər kəs ətrafında bu bəlaya düçar olanları yönəltməlidir. Çalışdığımız qədər mübarizə aparmalıyıq ki, onları geri döndərə bilək”.
Həmsöhbətim vurğulayır ki, narkomaniyanın cəmiyyətdə genişlənməməsi üçün maarifçilik əsas amillərdən biridir: “Ümumiyyətlə, hansısa yoldan istifadə etməliyik ki, narkomaniya artmasın?! Mən düşünürəm ki, övladlarımız ilk əlifbanı öyrəndikləri kimi, asılılıq haqqında da çoxlu dərs almalıdırlar. Narkotikin, alkoqolizmin yaratdığı fəsadları bilməlidirlər. Qorxaraq yox, savadlı şəkildə məlumatlandırılmalıdır. Belə olsa, daha yaxşı olar.
Unutmayaq ki, narkotik, içki istifadə edən şəxs idarəolunmazlıqda olur. Bu vəziyyətdə isə insanlar hər bir təhlükə yarada, cinayətə meyl edə bilər”.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Stopnarkotik.az