Naxçıvanda istehlakçılara 1 milyon 176 min manatdan çox ƏDV məbləği qaytarılıb
Naxçıvan, 30 aprel, AZƏRTAC
Bu ilin fevral ayında istifadəyə verilmiş Şərur və Ordubad rayonlarındakı Vergi Ödəyicilərinə Xidmət mərkəzlərinə maraq böyükdür. Burada göstərilən xidmətlərin orta günlük sayı 50-100, Naxçıvan şəhərində isə bu göstərici 188 təşkil edir. Ötən il 7000 müraciət üzrə 12700-dək “ASAN İmza” sertifikatı verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən "Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri" mövzusunda tədbirdə muxtar respublikanın iqtisadiyyat naziri vəzifəsinin icraçısı, nazir müavini Abbas İsmayılov deyib.
O bildirib ki, 2023-cü ilin əvvəlindən Naxçıvanda “ƏDVgerial” layihəsinə başlanılıb, bu il aprelin 1-nə Naxçıvan istehlakçılarına 1 milyon 176 min manatdan çox ƏDV məbləği geri qaytarılıb. Naxçıvanda nağdsız əməliyyatlar geniş təşviq olunub, nəticədə 2023-cü ildə nağdsız əməliyyatlar üzrə dövriyyə 2022-ci illə müqayisədə 2,9 dəfə, 2024-cü ilin I rübündə bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb və ya 105,4 milyon manatdan çox olub.