Nazir: Vətəndaşın kiçik məbləğdə belə sosial sığortası varsa, ona kapital amnistiyası təqdim etmiş oluruq

27/11/2024 - 12:54

Burda qeyd olundu ki, biz minimum pensiyanı artırdıqca pensiyaya çıxmaq üçün pensiya kapitalı artır və pensiya sisteminə daxil olmaqla bağlı çətinliklər yaradır. APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. “Yenə də birinci cavab ondan ibarətdir ki, biz pensiyanı artıraq, yoxsa artırmayaq. Əgər artırırıqsa, bu da olmalıdır. Bu, sığorta sistemidir, birini edib digərini etməmək qeyri-mümkündür, biz sistemi dağıdacağıq. Biz axı eyni zamanda çox böyük bir amnistiya proqramı elan etdik. 2019-cu ildə Azərbaycanda bir qəpik belə sosial sığorta ödəmiş insana 25 il sosial sığorta stajı amnistiya ilə hədiyyə edildi və bunlar da pensiya sisteminə girə bilirlər. Bu gün 2018-ci ilə qədər dövlətə bir qəpik sosial sığorta ödəyən hər bir kəs pensiya sisteminə girə bilir. 25 il ona hədiyyə edilir və pensiya alır. Amma insan heç vaxt işləməyibsə, heç vaxt sosial sığorta ödəməyibsə, onda onların pensiya sisteminə cəlb edilməsi hansı təcrübəyə, hansı məntiqə əsaslana bilər? Onda biz təşviq edəcəyik ki, heç kim sosial sığorta ödəməsin. Ona görə də biz bu gün bu problemin aktual olduğunu düşünmürük. Əgər vətəndaşın kiçik məbləğdə belə sosial sığortası varsa, artıq biz ona kapital amnistiyası təqdim etmiş oluruq”, - deyə nazir bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ