"O sözü deyəndən 11 ay sonra onu göstərdiyi yerdə dəfn etdik...”

01/05/2024 - 07:26

"O sözü deyəndən 11 ay sonra onu göstərdiyi yerdə dəfn etdik...”
Əməkdar artist keşməkeşli həyatını danışdı

 

...Müsahibəyə gedəndə şüuraltımda onun ifasında bir mahnı oxunurdu: 

Bizi biz edən yaşananlarımızdır

İtib dünəndə qalanlarımızdır...

Gülüstan Əliyeva operamızın Leylilərindən biri, əməkdar artistdir. Həm də Milli Konservatoriyada müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Bunlardan ötəsi, şəhid Zahid Əhmədovun xanımıdır. BDU-nun hüquq fakültəsinin bitirdikdən sonra Cəbrayıl rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi işləmiş, I Qarabağ döyüşləri vaxtı  yaranmış Tuğ polis bölməsinə rəis təyin edilmiş və 1991-ci ildə Xocavənd rayonu ərazisində şəhid olmuş qəhrəman Zahid Əhmədovun. Bu yaxınlarda Gülüstan xanım işğaldan azad olunmuş Cəbrayılda yoldaşının dağıdılmış məzarının yerini tapıb, onu bərpa edib. Əslində söhbətimizin ana xətti bu olaydır, amma istədim ki, əvvəlcə bu olaya qədərki olaylardan bəhs edib, hali olmayanları da xəbərdar edək.  

- Lap Adəmlə Həvvadan başlayaq, Gülüstan xanım. Yevlaxda dünyaya gəlib, uşaqlıqdan musiqiyə bağlanmağınızdan. Necə oldu ki, o vaxt rayon mühitində bir ailədə qızın xanəndə olmasına etiraz etmədilər? 

- Yevlaxda dünyaya gəlmişəm, orta məktəbi də orda oxumuşam, 8-ci sinfə qədər. Sonra Heydər Əliyevin göstərişi ilə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsinin qalibi kimi təhsilimi Bülbül adına orta ixtisas musiqi məktəbində davam etdirmişəm. 1985-ci ildə isə konservatoriyaya daxil olmuşam. Düz deyirsiniz, hamıya məlumdur ki, 70-80-ci illərdə bölgələrdə heç kim övladının səhnə adamı – müğənni, aktyor olmasını istəmirdi. Mənim atam da mühafizəkar adam idi, amma bizim təhsil almağımıza xüsusi diqqət ayırırdı. Əsasən də dil öyrənməyi və hər hansı musiqi alətində çalmağımızı çox istəyirdi. 80-ci illərdə gənc istedadların seçiminə başlandı. Bu çox uzaqgörən siyasətin başlanğıcı idi. Həmin dövrdə elmin, ədəbiyyatın, mədəniyyətin müxtəlif sahələrində təhsil alan istedadlı gənclər indi həmin sahələrin peşəkarlarıdır. 

- Siz də o vaxt musiqi məktəbində İslam Rzayevdən, konservatoriyada isə Arif Babayevdən muğam dərsi aldınız.

-Bəli. 1985-ci ildə Konservatoriyada ilk dəfə açılan muğam sinfinin ilk və yeganə tələbəsi və məzunu olmuşam. Müsabiqənin miqyası çox böyük idi. Bizə xüsusi diqqət və qayğı götərilirdi. Turlardan sonra 600 uşaqdan 12-i qaldı. Yəni 12 qalıb oldu. Bəziləri Bülbül adına orta ixtisas musiqi məktəbinə, bəziləri isə yaş həddinə görə Asəf Zeynallı adına musiqi məktəbinə qəbul olundu. O vaxt Bülbül adına məktəbin direktoru dirijor, Üzeyir bəyin xalası oğlu Nazim Əliverdibəyov idi. Məktəbdə bizim üçün bütün şərait yaradılmışdı, orda yaşayıb, orda da oxuyurduq. 

- Muğam təhsilini alan ilk məzun niyə ona işıqlı gələcək vəd edən Bakını tərk edib rayon musiqi məktəbində dərs deməyə getdi?

-Təbii ki, mən də Bakıda qalıb öz sahəmdə karyera qurmaq istəyirdim. Bakı həyatı  taleyimdə mühüm rol oynadı. Məndən sonra bacım da Bakıya musiqi təhsili almağa gəldi. Onu da deyim ki, təhsildən sonrakı taleyimdə də Bakı rol oynadı. İlk ali təhsilli muğam ifaçısı idim, bütün ali və orta musiqi ocaqlarından işə dəvət olunurdum. Arif  Babayev təkid edirdi ki, Opera və Balet Teatrına gəlim, gənc ifaçılara ehtiyac vardı. Amma mən artıq seçimimi etmişdim, tələbəlik illərimdə tanış olduğum gənc oğlanla ailə qurub, onun doğulub böyüdüyü Cəbrayıl rayonuna getməyi planlaşdırmışdıq. Bu gün də o fikirdəyəm ki, qadın əvvəlcə anadır. Onun ən böyük missiyası öz evinin xanımı, övladlarının anası olmaqdır. Mən seçimimi belə etmişdim, amma təəssüf ki, tale də öz seçimini etdi. Mən Cəbrayılda onun ailəsi ilə onsuz qalmalı oldum. Yoldaşım 90-cı illərdə Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid oldu. Ailəmiz çox təkid etsə də mən yoldaşımın ailəsi ilə qalmağı seçdim. Sonradan onun adını daşıyan musiqi məktəbində dərs deyirdim. Cəbrayıl rayonu işğal olunandan sonra mənim məcburi köçkün həyatım başlandı. Atası şəhid olanda oğlumun 40-ı çıxmamışdı. Biz birlikdə cəmi 317 gün yaşadıq. Qayıtdım ata evinə. 33 il keçir, qalan yalnız həmin günlərdə olan sevgidir. 

- O sevgi də sizi Cəbrayıla apardı. Bu dəfə onun məzarını axtarmaq üçün... 

- Getdim, məzarını tapdım, ziyarət etdim. Məzarının yanı qazılmışdı, dağıdılmışdı. Amma onun ruhu ordadır. Ermənilər tanınan insanların məzarını ilk növbədə dağıtmışdılar, qəbirlərin altını-üstünə çevirmişdilər. Həyat yoldaşımın məzarını tamamilə itirmişdilər ki, tanınmasın. Qəbiristanlıqda onun məzar daşından böyüyü yox idi. Əslində həyat yoldaşımı düşmənlərimiz də tanıyırdılar, bölgədə çox önəmli bir adam idi. Cəbrayıl rayonu Polis İdarəsində əvvəlcə əməliyyat müvəkkili, sonra bölmə rəisi işləmişdi. Separatçılara qan uddururdu. Təbii ki, ona görə də məzarını dağıtmışdılar. Düşündüm ki, nənəsinin məzarı dağıdılmaz, yəqin diqqət çəkməz. Onu istiqaməti götürüb, məzarı tapdım. Nənənin məzarını da dağıtmışdılar, amma başdaşı yerində idi. Yoldaşımın məzar daşından yaşıl rəngdə parça qalmışdı. Bundan tanıdım. 

Son dəfə həyat yoldaşımın məzarında 1993-cü ilin yanvarında olmuşdum. İndi mənə deyəndə ki, filan tarixdə Cəbrayıla gedəcəyik, orada hərbi hissədə konsert verəcəyik, bilmirdim sevinim, yoxsa ağlayım. Çox qarışıq hisslər keçirirdim. O xəbəri alanda həyat yoldaşım gecə yuxuma girdi. Bir daha əmin oldum ki, ruhlar heç vaxt ölmür, daim yaşayır və bizi izləyir. O bildi ki, mən məzarına gəlmişəm...

Hələ o zaman, toyumuzdan əvvəl Hacı Qaraman ocağına getmişdik. Bizim müqəddəslərimiz orada yatır. Həyat yoldaşım mənə əzizlərinin qəbirlərini göstərirdi. Biz onun nənəsinin məzarının önündə dayandıq və dedi ki, “nənəmin qəbrinin üstünü götürmək lazımdır, onun ayağı altından mənə yer edərsiniz”.

Aramızda belə bir söhbət oldu, pərt oldum və bilmədim ona nə cavab verim. Sonra düşündüm ki, zarafat edir. O da sözü yarızarafat demişdi. Amma 11 ay keçdi, biz onu orada dəfn elədik, dediyi yerdə... Cəbrayıla gedəndə iki dəfə qəbri axtarmağa cəhd elədik. Düşündük ki, qəbiristanlığı və oraya gedən yolu tapaq. Xatırlayırdım ki, həyat yoldaşım nənəsinin məzarının aşağı hissəsində dəfn olunmuşdu

Zahid çox əziyyət çəkmişdi. Gecə saat 3-də, 4-də, bəzən səhərə yaxın evə gəlirdi. Gecə nə vaxt gəlsə oğlumuzu yuxudan oyatmalı, danışdırmalı idi. Rüfəti qoxulayıb, işə gedirdi. Axırıncı gedişində məni həyətdən çağırdı. İkinci mərtəbədə yaşayırdıq. İndi də qonşularımız onu xatırlayırlar, həmişə danışırlar. Məni adımla yox, “Dilbər” deyə çağırırdı. Deyirdim ki, niyə Dilbər? Cavab verirdi ki, sən mənim Dilbərimsən. Çox həssas, musiqi duyumu dərin olan insan idi.

Məni çağırdı, pəncərənin qarşısına çıxdım. Dedi, papağım evdə qalıb. Papağını eyvandan verdim. Sonra dedi, uşağı gətir, görüm. Uşağı pəncərənin önünə gətirdim, bir az duruxdu, düşündü və getdi. Bu, onun sonuncu gedişi oldu. Minaya düşdü, sonra xəstəxanaya gətirdilər. Üç gün sonra dünyasını dəyişdi.

Cəbrayılda onun adına küçə də var. Biz əvvəl o küçədə yaşayırdıq. O küçə Cəmil Əhmədov adlanırdı. Orda böyük Əhmədlilər tayfası, şəcərəsi var idi. Cəmil Əhmədov da o şəcərənin nümayəndəsi idi. 1941-45-ci ildə şəhid olmuşdu, Sovet İttifaqı qəhrəmanı idi. İndi onun yanındakı küçə də Zahid Əhmədovun adını daşıyır. Əlbəttə, mənim üçün də, onun övladı üçün də çox böyük qürurdur ki, evimiz olan küçə həyat yoldaşımın adını daşıyır. Bir gün evimiz, yurdumuz olan torpaqlara, əlbəttə ki, geri dönəcəyik. Oğlum da getdi atasını ziyarət elədi. Bütün bunlar insana böyük duyğular yaşadır. Bu günlərə gəlmək üçün ölkəmiz nələr sərf etdi, insanlarımız nə qədər əziyyət çəkdi, çoxları bu günləri görə bilmədən bu dünyadan köçdü. Ölkə prezidentimiz o qüruru, o adı bizə qaytardı. I Qarabağ savaşında şəhid olanların qürurunu özlərinə qaytardı. Onların ruhu şaddır indi. 

- Qayıdaq sənətinizə, Gülüstan xanım, qayıdaq Leyliyə. Leylini, nəhayət, oynadınız, Leylinin anasını da oynadınız. Sonra operada ondan da başqa çoxlu rollarınız oldu.

- Mənim bütün həyatım Bakıyla bağlı idi, öz rayonumuzda da elə münbit şərait yox idi. Ümumiyyətlə, ölkədə böyük bir xaos var idi. Ailəmizin də dəstəyi ilə Bakıya qayıtdım. Valideynlərimin köməyi ilə müəllim kimi öz fəaliyyətə başladım. Arif Babayevlə və sənət dostlarımla görüşürdüm və onlar təkid edirdilər ki, operaya gəl, sənin yerin buradadır. 1995-ci ildə qayıtdım operaya. Bilirsiniz ki, arzular insanın həyatının bünövrəsidir. Mən də öz arzularımın arxasınca Opera Teatrına gəldim. Bir zamanlar arzuladığım o afişa - Leyli obrazında Gülüstan Əliyeva ilk dəfə - asıldı və bu günə qədər də davam edir, bu günə qədər də teatrımızın səhnəsindəyəm. Azərbaycan opera səhnəsində bu günə qədər oynanılan bütün milli operalarımızda baş rollarda çıxış edirəm. Özümü çox xoşbəxt sənətkar sayıram. Leylidən başlamış, Şahsənəm, Ərəb Zəngi - bəlkə 100 dəfə, Leylini ondan bir az da çox - “Gəlin qayası” operasında Sənəm, “Natavan” operasında xanəndə qız, “Arşın mal alan”da Cahan, “O olmasın, bu olsun”da Sənəm, “Əsli və Kərəm”də Əsli rollarını oynamışam. Bütün bu obrazlar qalereyası bir insan həyatı, insan ömrü deməkdir. 

- Pedaqoji fəaliyyətlə də məşğulsunuz.

- Bəli, Milli Konservatoriyada, muğam kafedrasında müəllim kimi fəaliyyət göstərirəm. Öz müəllimim Arif Babayevlə uzun illər çiyin-çiyinə işləmişəm. Allah ona can sağlığı versin. Dosentəm, sənətşünaslıq üzrə fəlsəfə doktoruyam, 23 ildən artıqdır ki müəllim kimi fəaliyyət göstərirəm. 

- Demək, yetirmələriniz var.

- Təbii ki, gözəl tələbələrimiz var, gəlməyə də davam edirlər. Onlardan bəziləri artıq Opera Teatrında da çalışır, əksəriyyəti ölkəmizin musiqi məktəblərində, mədəniyyət ocaqlarında, konservatoriyalarda müəllim kimi fəaliyyət göstərirlər. Ocaq ona görə müqəddəsdir ki, o səslər orada yaşayır. 

- Dissertasiya mövzunuz qadın ifaçılarla bağlı olub. Son günlər eşitdim ki, kitab yazmısınız. Bəs bu kitab yazma istəyi hardan gəldi? 

-İnsanlar zaman-zaman öz yaşamlarını, öz həyatlarını, öz işlərini kitaba köçürməyi düşünürlər, hansı sahədə olmasından asılı olmayaraq. Kimisi memuarlarını yazır, kimisi öz həyatını... Mən də opera müğənnisiyəm və opera ilə artıq 30 ilə yaxındır ki peşəkar şəkildə məşğulam. Görürdüm ki, opera haqqında az yazılır, operanın tədqiqi çox azdır. Mən də düşündüm ki, xüsusilə qadın obrazlar haqqında yazım, çünki Koroğlu, Məcnun, Nigar kimi obrazlar haqqında ayrı ayrılıqda yazılar var, amma Azərbaycan qadını operada kimdir, musiqidə kimdir, qadının cəmiyyətdəki yeri haqqındakı məsələlər məni daha çox düşündürürdü. Özüm də səhnədən elmə gəlmişəm, ona görə də düşündüm ki, oynadığım obrazların təhlilini verim. Hələ illər öncə, 1974-83-cü illərdə musiqişünas Solmaz Qasımovanın belə bir qiymətli kitabı var idi. Biz özümüz də məktəb və konservatoriya illərində o kitabdan bəhrələnirdik. Amma vokal ifaçılar, opera müğənniləri üçün çox əhatəli bir kitab, əsər yox idi, olanlar barmaqla sayılacaq qədər az idi. Ona görə də 2010-cu ildə mən “Azərbaycan bəstəkarlarının opera yaradıcılığında qadın obrazlarının musiqili dramaturji həlli” elmi iş mövzusunu götürdüm və qadınların operalarda öz əksini tapması, Azərbaycan bəstəkarının qadını necə görməsi, necə təsvir etməsi barədə yazdım və 2014-cü ildə müdafiə etdim. Pandemiya ilə əlaqədar bir az geciksə də, diplomum 2022-ci ildə mənə təqdim olundu. Bundan sonra konservatoriyamızın, elmi rəhbərimin və elmi işlər üzrə prorektorumuz Lalə xanım Hüseynovanın təklifi ilə mənim dissertasiyam dərs vəsaiti olaraq qəbul olundu. Azərbaycan cəmiyyətində qadın həmişə baş tacı olub. Mən də bunun operalardakı xüsusi yerini göstərmək istəmişəm və düşünürəm, uğurlu alınıb. Opera Teatrında 13-cü Leyliyəm sayca. Məndən əvvəlki Leyliləri, əvvəlki obrazları işıqlandırmaq, müasir oxucuya tanıtmaq istəmişəm. Onların musiqi tariximizdəki yerini, kim olduqlarını, hansı ifaları etdiklərini, opera mədəniyyət tariximizdə tutduqları yeri göstərməyə çalışmışam. 

- Bayaq dediniz ki, kimisi öz memuarını yazır, kimisi öz həyatını. O an mənim də ağlıma gəldi ki, əslində sizin də həyatınız maraqlı bir kitab ola bilər. Heç olmasa, xatirələr formasında onu yazmaq olar. 

- Belə bir kitab var, yazılıb, amma hələ redaktədədir. İllərdir o kitab yatır, bəlkə də zamanı çatmayıb, bəlkə ora əlavələr olunmalıdır. İnşallah, onu da tamaşaçılarımıza təqdim edəcəm. 

Biz var olduqca, yaşadıqca yaradıcılıq da olacaq və olmaldır. Hər zaman demişəm, bütün işlərimin başında opera durur, mənim işim durur. Teatrımızda tamaşalardayam. Sənətkar ömrü onun yazıb yaratdığı obrazların ömrü qədərdir. Onlar nə qədər yaşayırsa, demək, sən də sağsan, bu dünyadan köçmüş olsan belə. Ona görə də çalışıram ki, nələrsə yazım, oxuyum, yazdırım. Əlbəttə, yeni mahnılar, kliplər də var və olacaq. Konsert də düşünürəm. Bu gün bunları etmək çox çətindir, amma çox istəyirəm ki, olsun. Hər bir konsert sənət adamının öz tamaşaçısıyla görüşüdür, hesabatıdır. Mən də çox istəyərdim ki, bunu edim. Bu günə qədər 7 solo konsertim olub. 

Söhbətin pozitiv sonluğu üçün Gülüstan xanımın fikirləri ilə tamamladım, amma müsahibənin sonuna qədər şüuraltımda onun ifasında bir mahnı oxunurdu: 

Bizi biz edən yaşananlarımızdır

İtib dünəndə qalanlarımızdır...

Press Klub.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18