Orta Asiya uğrunda savaşın yeni mərhələsi - TƏHLİL

04/12/2023 - 22:27

Afrikadan əli üzülməkdə olan Fransa da artıq Qafqaz və Mərkəzi Asiyaya doğru irəliləməyə çalışır

Dünya gücləri Orta Asiya ölkələrinin “dostluğunu qazanmaq” üçün yarışır. Belə də demək olar ki, güclü dövlətlər Orta Asiya ölkələrinin resursları uğrunda rəqabət aparmağa girişiblər. Onlar bölgədə özlərinə yer tutmaq üçün mübarizə aparırlar. Orta Asiyanın geoloji potensialı, nəhəng və istismar olunmamış karbohidrogen ehtiyatları və mineral sərvətləri həyati vacib amillərdir.

Orta Asiyaya doğru ilk addım atan ölkə onunla 3300 kilometr uzunluğunda sərhədi olan Çin oldu. Çinin xüsusilə Qazaxıstanda karbohidrogen və qaz yataqlarının kəşfi və istismarı bu ölkə ilə sıx, dostluq münasibətlərinin əsasını qoyan başlıca cazibə məqamı idi. Eyni zamanda, bu nüans bölgə ölkələrini əməkdaşlığa cəlb etmək uğrunda yarışmaya digər rəqib ölkələrin Çindən geri qalmaması üçün katalizator oldu.

Yaxın keçmişdə Türkiyə və Fransa iki fərqli səbəbə görə Mərkəzi Asiya regionunu prioritet hesab edirdilər. Türkiyə üç Orta Asiya Respublikasını, yəni Qazaxıstan, Özbəkistan və Türkmənistanı etnik və qismən dil qardaşı hesab edir. Tacikistan qədim İranın Zərdüşti sivilizasiyasında dərin köklərə malik olan ari etnik alt bölgəsi kateqoriyasına aid olsa da hazırda islamın sünni qoluna mənsubdur. Eləcə də Tacikistanda Britaniya təbəəsi IV Ağa Xanın himayəsində olan “İsmaililik” məzhəbi kifayət qədər yer tutur.

Orta Asiyanın şərq kənarında yerləşən qırğız xalqı orta əsrlərdəki xristian missionerlərinin ayaq izlərinin göründüyü qarışıq irqdəndir. Hökumətin hesablamalarına görə, əhalinin təxminən 7 faizi xristiandır, bunun da 40 faizi rus pravoslavdır.

Yəhudilər, Buddistlər, Bəhailər və onlara bağlı olmayan qruplar birlikdə əhalinin təxminən 3 faizini təşkil edir. Hökumət mənfi dini hisslərin istismarına ciddi nəzarət etdiyinə görə, amerikalılar Qırğızıstandakı təsirini tədricən artırmağı bir qədər problemsiz hesab etdilər. Həmçinin, Yaponiya da Mərkəzi Asiyada aparıcı rola yeni namizəddir. Onun Mərkəzi Asiya ilə əlaqələrinin tarixi olmasına baxmayaraq, Tokio Mərkəzi Asiya regionu ilə çoxşaxəli əlaqələrin genişləndirilməsində yenidən maraq göstərir. Baş nazir Fumio Kişida 2024-cü ildə Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Türkmənistan liderlərinin iştirakı ilə ilk sammitdə iştirak etmək üçün Mərkəzi Asiyaya səfər etməyi planlaşdırır.

Noyabrın 21-də “Nikkei Asia”nın köşə yazarı Ryö Nemoto məqaləsində söyləyir ki, Qırğızıstan prezidenti Sadır Japarov Yaponiya liderinin gələn il Mərkəzi Asiyaya planlaşdırdığı səfər ərəfəsində noyabrın 2-də Tokioya səfər etdi. Birgə mətbuat konfransında Yaponiyanın baş naziri, "Biz davamlı inkişaf üçün, o cümlədən insan resurslarının inkişafı, infrastruktur dəstəyi, insanlar arasında mübadilə və dekarbonizasiya sahəsində əməkdaşlığımızı gücləndirəcəyik" deyə bildirdi.

Qırğızıstan prezidenti bildirdi ki, ölkəsi Mərkəzi Asiya dövlətinə Çin və Rusiyadan asılılığını azaltmağa kömək etməyə çalışır. Bu, Prezident Cəfərovun Yaponiyaya ilk səfəri idi.

Japarov Yaponiyanı dost ölkə və demokratiyanın inkişafı, siyasi ticarət və iqtisadi əməkdaşlığın inkişafında Qırğızıstanla oxşar fikirləri bölüşən yaxın tərəfdaş adlandırıb. Qırğızıstan az resurslara malik dağlıq ölkədir və iqtisadiyyatı və təhlükəsizliyi baxımından Rusiya və Çindən çox asılıdır.

Maraqlıdır ki, bu yazının əvvəlində adı çəkilən köşə yazarı məqaləyə qəribə sözlərlə başlıq verib: “Yaponiya Qırğızıstanı Çin və Rusiyadan asılılıqdan çıxarmağa çalışır”.

Moskva Qırğızıstanda hələ ki, hərbi mövcudluğunu saxlayır. Rusiyadakı əmək miqrantlarının pul köçürmələri Qırğızıstanın ümumi daxili məhsulunun təxminən 30 faizini təşkil edir. Dünya birliyinin təklif etdiyi bütün maliyyə dəstəyinə baxmayaraq, Qırğızıstan iqtisadi cəhətdən birbaşa və Qazaxıstan vasitəsilə Rusiyadan asılı olaraq qalır.

Son vaxtlar Rusiyanın Ukraynaya təcavüzü təkcə Qırğızıstanı deyil, demək olar ki, bütün Mərkəzi Asiya dövlətlərini “tikan üstündə” saxlayır. Bu, onların təhlükəsizlik baxımından Moskvadan asılı olması qorxusunu daha da artırıb.

Çin Qırğızıstanın ən böyük ticarət tərəfdaşıdır və Qırğızıstanın dövlət borcunun 40 faizindən çoxuna malikdir. İnkişaf etməkdə olan ölkələr, o cümlədən Qırğızıstan, borcalan ölkə kimi krediti qaytara bilmədikdə Pekin həmin ölkənin infrastrukturlarına hüquqları öz əlinə keçirir.

Qırğızıstan Respublikasında Xarici Birbaşa İnvestisiyanın demək olar ki, yarısı (49%) Çindən gəlir və sonrakı ən vacib investorlar Rusiya Federasiyası (16%), Qazaxıstan (8%), Almaniya (5%) və və Böyük Britaniyadır (5%).

Yaponiyaya səfər çərçivəsində keçirilən birgə mətbuat konfransında iki ölkənin liderləri işbirliyi qura biləcəkləri sahələri geniş şəkildə vurğuladılar. Yaponiya Qırğızıstanı 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra sistemini demokratikləşdirmək və bazar iqtisadiyyatını tətbiq etmək siyasətini həyata keçirən ilk Mərkəzi Asiya ölkəsi kimi yüksək qiymətləndirib.

Yaponiyanın Mərkəzi Asiyada “ayaq izlərinin olması” üçün digər amil isə Orta Asiyanın 5 ölkəsi və Rusiya, Çin, ABŞ, Almaniya, Aİ və Körfəz Əməkdaşlıq Şurası arasında sammit səviyyəsində dialoq təklifidir. Yaponiya haqlı olaraq qlobal siyasi kimyada Mərkəzi Asiyanın siyasi kimyasında öz yerini axtarır.

Məlumatlı dairələr hesab edir ki, Kişida 2024-cü ildə sammit üçün Mərkəzi Asiyaya səfər edərkən, gündəmə çox güman ki, Rusiyadan yan keçən Xəzər dənizi nəqliyyat marşrutunun yaradılması və dekarbonizasiyanı təşviq etmək üçün bərpa olunan enerjinin tətbiqinə dəstək tədbirləri yer alacaq.

Tokio həmçinin Qırğızıstan vətəndaşlarının Yaponiyada “müəyyən edilmiş ixtisaslı işçi” vizası ilə işləmək imkanlarını artırmağı planlaşdırır. “Nikkei Asia” əməkdaşı bildirir ki, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ölkədə qadınların sosial inkişafını təşviq edən və yerli delikateslər istehsal edib satmaqla insanların yoxsulluqdan xilas olmasına kömək edən “Bir Kənd, Bir Məhsul” layihəsini genişləndirir.

Bu Yaponiyanın Mərkəzi Asiya ölkələrinə, xüsusən də Qırğızıstana dair nəzərdə tutduğu hərəkət planıdır.

Mərkəzi Asiya bölgəsində maraqlarını təmin etmək istəyən ölkələrdən biri isə Fransadır. Belə ki, Afrikadan “əli üzülməkdə olan” Paris Qafqaz və Mərkəzi Asiyaya doğru irəliləməklə Yaxın Şərq və qara qitədəki uğursuzluqlarını kompensasiya edir. İsrail və ərəblər arasında naviqasiya etməyə çalışan Paris Yaxın Şərqdə (hətta oktyabrda Beyrutdakı Fransa səfirliyinə hücuma məruz qalana qədər) artan antaqonizmlə üzləşir. Şimali və Qərbi Afrikada Paris əvvəlki siyasi təsirini demək olar ki, tamamilə itirib və ənənəvi olaraq sıx iqtisadi əlaqələrin pozulmasını yaşayır.

Xarici siyasətdəki bu uğursuzluqlar daxili siyasi rəqiblərin prezident Makrona əsas təzyiq mövzularından birinə çevrilir. Ərəb və Afrika ölkələrində fransız diplomatiyasının böhranı dərinləşdikcə o, Qafqaz və Mərkəzi Asiyada fəallığı artırmaqla bunu kompensasiya etməyə çalışır.

Bu regionların geosiyasi manevr məkanı kimi seçilməsini orada Rusiyanın təsirinin zəifləməsi diktə edir. Əlbəttə, bu proses getsə də Moskva “əyləcə basmağa” və Mərkəzi Asiyadan “yağışmağa” çalışır. Fransızlar Mərkəzi Asiya ölkələrinin yerli liderlərin qlobal güc mərkəzləri arasında balansı saxlama meyllərinə “stavka edirlər”. Beləliklə, Paris nəinki Moskva və Pekinin strateji maraq dairəsini zəbt edərək, Ankara ilə rəqabətdə birdən iki cəbhədə mübarizəyə girişir, həm də Berlin və Vaşinqtonla rəqabətə girir.

2023-cü ilin Paris üçün bu bölgələrdə sıçrayış ili olmasında Paşinyanın da rolu böyük oldu. Paşinyanın Rusiyadan Qərbə yönləndirməsindən istifadə edən Fransa Ermənistanın hərbi-siyasi himayədarı rolunu öz üzərinə götürdü. Mərkəzi Asiyada Astana prioritet tərəfdaş kimi seçilib. Qafqazda olduğu kimi bu bölgədə də Fransa diplomatiyası il boyu fəallığını artırsa da, noyabr ayı xüsusilə Mərkəzi Asiya bölgəsinə fokuslandı.

Yanvarda Fransa və Türkmənistan xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Aprel ayında president Makronun xüsusi nümayəndəsi İzabel Dyumon Astana, Daşkənd və Bişkekdə olub. May ayında Qazaxıstan və Özbəkistan Fransa xarici ticarət naziri Olivye Beşti qəbul etdilər. Eyni zamanda, Fransa-Özbəkistan Hökumətlərarası Komissiyasının iclası və Fransa Xarici İşlər Nazirliyinin Qırğızıstan və Tacikistanın diplomatik departamentləri ilə siyasi məsləhətləşmələri baş tutub. Sentyabrda Türkmənistan Xarici İşlər Nazirliyinin rəhbəri Meredov Parisdə qarşılanıb. Noyabrda Makron özü Astana və Daşkənddə olub - bu, Fransa prezidentinin Özbəkistana ilk səfəri idi. Və elə həmin ay Qırğızıstan Prezidenti Japarov Parisdə qəbul edildi və birinci Franko-Qırğızıstan biznes forumu baş tutdu.

Fransa Qazaxıstana son 15 ildə 18,7 milyard dollar sərmayə qoymaqla, bu ölkəyə ən böyük beş investordan biridir. 2022-ci ildə ticarət dövriyyəsi 30%, 2023-cü ilin 8 ayı ərzində isə 21% artıb. Ölkədə 170 fransız şirkəti fəaliyyət göstərir və Fransa İnkişaf Agentliyinin (İnvestisiya) açılışı hazırlanır. Makronun səfəri zamanı 1,4 milyard dollarlıq müqavilələr imzalanıb.

Özbəkistanda Fransanın investisiya layihələri 10 milyard avronu ötüb. Son 6 ildə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 133%, 2022-ci ildə isə 122% artıb. Noyabr ayında Özbəkistan-Fransa Ticarət Palatası açıldı.

Region ölkələri ilə əməkdaşlığın intensivləşdirilməsinin iki əsas sahəsindən biri enerjidir. Bura Fransaya mövcud və planlaşdırılan tədarüklər, elektrik enerjisi, neft, uranın birgə istehsalı və Fransanın atom elektrik stansiyalarının tikintisində iştirak perspektivləri daxildir.

İkinci istiqamət “təhsil sferası” kimi təqdim olunur, daha doğrusu, Paris öz “yumşaq gücünü” qurur və sistematik olaraq gələcəyə proqnozlaşdırılmış təsir agentliyi yaradır. Sentyabr-noyabr aylarında eyni vaxtda üç ölkə ilə bu məsələ ilə bağlı bir sıra sənədlər imzalanıb. Qazaxıstanla “Alliance Française” beynəlxalq tədris mərkəzinin açılmasına dair müqavilə bağlanıb və 2024-cü ilin sentyabrında Franko-Qazax Universitetinin fəaliyyətə başlaması nəzərdə tutulub. Özbəkistanla aşağıdakılar imzalanıb: Alyansın Française açılması haqqında saziş, diplomatların hazırlanması haqqında bəyannamə, peşə və texniki təhsil sahəsində saziş, məktəbəqədər təhsil, məktəb, peşə təhsili və ali təhsil sahəsində niyyət protokolu. Türkmənistanla təhsil sahəsində əməkdaşlıq memorandumu imzalanıb. Eyni zamanda, Qazaxıstan və Özbəkistanla hərbi tərəfdaşlıq variantları araşdırılır.

Görünür, Qərbin Mərkəzi Asiyaya bu qədər “dərindən sızması” Rusiyanı narahat edir ki, “Veçerniy Bişkek” nəşrinin “Qərb Qırğızıstanı çevrilişə hazırlayır” sərləvhəli yazısı da elə “şimal ayısı”nın bu narahatçılığını biruzə verir. 

“Rusiya Federasiyası ilə Qırğızıstan arasında indiki yaxınlaşma Qərb üçün boğazda sümük kimidir. Və belə görünür ki, amerikalılar onu prezident Japarovu devirməklə çıxarmağa ümid edirlər. Bu yolla onlar xaricdəki ağalarının bütün göstərişlərinə itaətlə əməl edərək ölkə rəhbərliyini marionetkaya dəyişə biləcəklər”, deyə “Veçerni Bişkek” qəzeti yazır.

Yazıda həmçinin qeyd olunur ki, bu ilin iyununda dövlət çevrilişinə cəhddə şübhəli bilinən 30-dan çox şəxsin saxlanılması müvafiq hazırlıqdan xəbər verir. Buna sübut olaraq isə bir digər amil də missal gətirilir ki, ölkədə “rəngli inqilab” odunu alovlandırmalı olan fəalların fəaliyyətini ödəmək üçün nəzərdə tutulan “ABŞ dollarları təyyarə ilə ölkəyə gətirilir”.

Sonda isə bir maraqlı detalı da qeyd etmək yerinə düşər. Noyabrın 28-də Londonda Qırğızıstanın prezidenti Japarov və Böyük Britaniyanın sənaye və iqtisadi təhlükəsizlik üzrə dövlət naziri Qaninin iştirakı ilə Britaniya-Qırğızıstan İşgüzar Şurasının 1-ci iclası keçirildi. Belə görünür ki, əvvəllər Afrika və Yaxın Şərq uğrunda aparılan geosiyasi mübarizə qarşıdan gələn dövrdə Mərkəzi Asiya üçün veriləcək. Bu o demək deyil ki, adı çəkilən bölgələr diqqətdən kənarda qalacaq. Xeyr, sadəcə indiyə qədər SSRİ-nin nəzarət arealında olan Mərkəzi Asiya sovet quruluşunun çöküşündən sonra təbii sərvətləri uğrunda rəqabət aparılacaq mühüm bölgələrdən birinə çevrildi. Bu rəqabəti xüsusi və maraqlı edən bir cəhət də bölgənin Çinlə həmsərhəd olmasıdır.

Ülviyyə ŞÜKÜROVA

 

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ