Ötən il Naxçıvanda 40 investisiya layihəsi maliyyələşdirilib
Naxçıvan, 30 aprel, AZƏRTAC
Həyata keçirilən iqtisadi islahatlar fonunda daşınmaz əmlak idarəçiliyi və özəlləşdirilmə sahəsində mühüm layihələr reallaşdırılmaqdadır. Naxçıvan iqtisadiyyatının hazırkı inkişaf səviyyəsinə çatmasında özəlləşdirmənin də rolu az olmayıb, dövlət müəssisələri özəlləşdirmə nəticəsində sahibkarların mülkiyyətinə keçib. 2023-cü ildə özəlləşdirmədən daxilolmalar 2,3 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə, 2024-cü ilin I rübü ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 dəfə, özəlləşdirilən əmlakların sayı isə 6 dəfə artıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən "Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri" mövzusunda tədbirdə muxtar respublikanın iqtisadiyyat naziri vəzifəsinin icraçısı, nazir müavini Abbas İsmayılov deyib.
O qeyd edib ki, sahibkarlığın sürətli inkişafında ən önəmli amillərdən biri maliyyə əlçatanlığıdır. 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 40 investisiya layihəsinin maliyyələşdirilməsinə 6,2 milyon manat güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilib ki, bunun 84,8 faizi sənaye məhsullarının istehsalına, 11,7 faizi kənd təsərrüfatına, 3,5 faizi isə xidmət sahələrinə yönəldilib. 2024-cü ilin yanvar-mart ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilən layihələrin sayı 33,3 faiz, verilmiş güzəştli kreditlərin məbləği isə 2,5 dəfə artıb.
“Ötən il muxtar respublikanın bank strukturları və kredit təşkilatları tərəfindən real sektora 130,4 milyon manatdan çox kredit verilib ki, bu, 2022-ci ilin müvafiq göstəricisindən 2,7 dəfə çoxdur”, - deyə o əlavə edib.