“Prezident məni bağrına basdı, çox həyəcanlı idim” - Fotolar+Video
“2018-ci ildə Həcc ziyarətində rəbbimdən ixtiyarsız 35 yaşımda Şuşada olmamı istədim. Bu duamı həyat yoldaşıma deyəndə güldü, amma mən əmin idim ki, Allah duamı qəbul edəcək”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Şuşanın ilk sakinlərindən biri, Prezident İlham Əliyevlə görüşən Vətən müharibəsi iştirakçısı, “Cəsur” döyüşçü medalı ilə təltif olunan Elvin Məmmədov deyib.
O, arzuları arasında Şuşada Yuxarı Gövhər ağa məscidində namaz qılmağın olduğunu bildirib:
“2020-ci ildə Ali Baş Komandanın “Şuşa, sən azadsan!” şüarı ilə Şuşanı düşməndən azad etdik. Özümü dərk edəndən arzu edirdim ki, Yuxarı Gövhər ağa məscidində namaz qılım və şəhid dayım oğlu Biliyev Azərin qəbrini ziyarət edim. Elə mənim adımı da Azər dayım qoyub”.
Elvin Məmmdov Prezident İlham Əliyev tərəfindən Şuşada mənzillərin təqdim edilmə mərasimindən də danışıb:
“Cənab Prezident və xanımı Mehriban Əliyeva çox sadə və səmimi insanlardır. Prezident məni bağrına basdı və sonra medallarımı bir-bir təqdim etməyimi istədi. Çox həyəcanlı idim, sonda bir medalımı səhv dedim. “Vətən müharibəsi” iştirakçısı medalımı “Vətən müharibəsi qəhrəmanı” kimi təqdim etdim. Şuşada ev sahibi olduğum üçün rəbbimə və prezidentimizə təşəkkür edirəm”.