Putin Ermənistanda - Paşinyan Azərbaycana qarşı cəbhə yaradır? – ŞƏRH

23/11/2022 - 13:27

Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edib. O, noyabrın 23-də İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün İrəvana gedib.

İrəvanın Putindən başqa da qonaqları var: Kollektiv Təhlükəsizlik Şurasının tədbirində Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Rusiya Tacikistan Prezidenti Emomali Rahmon və KTMT-nin baş katibi Stanislav Zas da iştirak edəcəklər. Erməni əsilli Rusiya xarici işlər naziri Sergey Lavrov isə hələ noyabrın 22-dən etibarən Ermənistanın paytaxtındadır. Bu qədər adamın məhz İrəvanda toplanmasının isə öz səbəbi var - hazırda KTMT-yə rotasiya qaydasında Ermənistan sədrlik edir. Məsələnin formal cəhətlərinə baxmayaraq, istənilən halda düşmən ölkənin paytaxtına bu qədər dövlət başçısının toplanması və onların da içərisində Putinin olması narahatlıq yaradır.

Çünki Ermənistan və onun hiyləgər lideri Paşinyan hər zaman çalışıb ki, KTMT platformasından Azərbaycana qarşı istifadə etsin. Elə çox uzağa getməyək, bir müddət öncə - sentyabrın ortalarında Ermənistan Azərbaycanın onun ərazilərinə guya təcavüz etməsi iddiası ilə KTMT-dən yardım istədi, ancaq hiyləsi baş tutmadı. Belə bir cəhdin yenidən edilməyəcəyinə, ən azından, bu tribunadan Azərbaycana qarşı açıqlama və bəyanatlarda istifadə olunmayacağına şübhə yoxdur. Üstəlik, bəllidir ki, KTMT çərçivəsində görüşlər zamanı Azərbaycan-Ermənistan münasibətləri, sərhədlərin delimitasiyası, sülh müqaviləsi məsələsi də müzakirə predmeti olacaq.

Doğrudur, Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, KTMT-də Azərbaycanın dostları çoxdur və ötən nümunələrdə də olduğu kimi, Paşinyanın cavabını ciddi şəkildə verirlər. Bu dəfə də mütləqdir ki, KTMT-dəki Azərbaycan dostları balansı qorumağa çalışacaq, Ermənistan Baş nazirinin ağ eləməsinə, açırı həyasızlığına imkan verməyəcəklər...

Siyasi ekspert Asif Nərimanlının sözlərinə görə, Ermənistan bu gün İrəvanda keçirilən, Putinin də iştirak etdiyi KTMT-nin sammitində Azərbaycana qarşı cəbhə yaratmağı planlaşdırır: “ KTMT-nin böhranlı vəziyyətlərə reaksiya mexanizminin təkmilləşdirilməsi, sərhəddəki sentyabr hadisələri üzərindən təşkilatın Azərbaycana qarşı mövqe sərgiləməsi, iclasdan öncə İrəvanda Putinin səfərinə etiraz olaraq keçirilən aksiya da Paşinyanın Rusiya prezidentinə “erməni xalqı sizdən cavab gözləyir” mesajını vermək, bununla sammitdə istəyinə nail olmaq gedişidir. Hərçənd, KTMT-nin Bakıya qarşı İrəvanın istədiyi mövqeyi sərgiləcəyi gözləntisi azdır, bu, təkcə təşkilat üzvlərinin Azərbaycanla münasibətlərindən yox, həm də Rusiyanın prosesdə tərəf olmaq istəməməsindən irəli gəlir. Mümkün gözlənti KTMT-nin sərhədə “müşahidə missiyası” göndərməsi haqda məsələnin müzakirəsidir: Moskva ötən ay bunu dəstəklədiklərini, təşkilatın qərar verməsindən sonra gerçəkləşə biləcəyini açıqlamışdı.
Birincisi, Aİ-nin monitorinq missiyasının bölgəyə gəlişinə qarşı gediş etmək və sərhəd məsələsində dəyişən balansı bərpa etmək; İkincisi, Bakıya qarşı cəbhə almadan Ermənistanı razı salmaq; Putinin dünən Əliyevə zəngində də bu məsələnin müzakirə edildiyi ehtimalı var. Missiyanın göndərilməsi qərarı verilərsə, qüvvələr Azərbaycan yox, Ermənistan ərazisində yerləşə, müşahidəni oradan apara bilər, Aİ-nin monitorinq qrupu kimi”.

Ekspertin fikrincə, lakin KTMT-nin müşahidə missiyasının Ermənistana gəlməsi Qərb missiyalarını bölgəyə gətirən Paşinyanın planına tam cavab vermir: “İrəvan bu prosesdən Bakıya qarşı cəbhəni yaratmaqla yanaşı, mənfi cavabdan istifadə edərək, Qərblə yaxınlaşmaq qapısını daha da aralamaq üçün istifadə edir. Ermənistan KTMT-nin müşahidə missiyası qarşılığında təşkilatın Azərbaycana qarşı mövqe sərgiləməsi şərtini irəli sürə bilər. Ki, bu da Moskvanın mövqeyi ilə üs-üstə düşmür. Bu baxımdan, sammitdən nəticə əldə olunacağı sual altındadır”.

Siyasi təhlilçi Əziz Əlibəylinin fikrincə, mövqelərimizin intensive atəşə tutulması səbəbsiz deyil, bu dəfə genişmiqyaslı antiterror əməliyyatı həyata keçiriləcək: “Elə keçirilən terrorçular mühakimə ediləcək. Qaldı İrəvana...Bu baş verənlərin hamısı Putinin İrəvana səfərinə görə hazırlanmış ssenaridir. KTMT isə artıq Ermənistanın üzv olduğu kollektiv təhlükəsizlik təşkilatı deyil, Azərbaycanın dostlarının düşərgəsidir. Üçüncü savaş beləcə qaçılmazdır, zəruridir və sülh müqaviləsini də özüylə gətirəcək, Qarabağdakı terrorçu varlığını bitirəcək. Ona görə Putin Əliyevə zəng edib”.

Siyasi şərhçi İlkin Həsənov hesab edir ki, Putin İrəvan səfəri öncəsi Əliyevə zəng edirsə, onu deməyə əsas verir ki, ortada ortaq məxrəcə gəlinməyən bir məsələ var: “İndiki halda Qarabağın status ilə bağlı bir qərara gəlinəcəyi inandırıcı deyil. Çünki Rusiya tərəfi Qarabağın status məsələsində güzəştə getmək istəmir. Ancaq Zəngəzur dəhlizi ilə bağlı, hesab edirəm ki, hər hansısa irəliləyişin olma ehtimalı böyükdür. Demirəm ki, dəhlizlə bağlı müqavilə bağlanacaq. Sadəcə olaraq, tərəflər müəyyən məsələlərdə razılığa gələcəklər. Çünki Zəngəzur dəhlizinin açılması İrəvandan çox Rusiyanın razılığından asılıdır”./musavat.com

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02