PUTİNİ ROMANOVLARIN VARİSİ ƏVƏZLƏYIR... – Rusiyada hakimiyyətin “öz sahibinə” ötürülməsinə start verildi / FOTOLAR

06/10/2021 - 11:21

Müasir rus elitasının patoloji mahiyyəti çox açıqdır. Bu elita 90-cı illərdə formalaşdı və Sovet cəmiyyətinin dağılmasının məhsuludur. Onun tipik fiqurları, "kommunistlərdən" və "komsomolçulardan" liberallara çevrilmiş korrupsioner məmurlardan, kriminal şəxslərdən və Qərbin birbaşa agentlərindən gəlmədir.

Putinin gəlişi ilə Rusiyada çox şey dəyişdi, amma elita əvvəlki kimi qaldı. Putin bunu qaçılmaz reallıq hesab edərək, dəyişdirməyə belə cəhd etmədi.

Bu elita 90-cı illərin atmosferinin təsiri altında, aşağıdan üzüyuxarı "ellita nərdivanı"na dırmaşmaqla yüksəldi. Onun təməllərində yoxsulluq, naməlum əsil-nəcabət, qəzəb və ümidsizlik dayanır. 90-cı illərin bu elitası kinli, qəddar və amansız idi.

Yol boyu çoxları çökdü və zirvəyə çatanlar bütün mümkün əxlaq normalarını və qaydaları aşdılar. Başqa cür mümkün deyildi, yalnız ən vəhşi, ən alçaq, ən acgöz və hiyləgərlər sağ qaldı.

Bu elita dəyişə bilməzdi və istəmirdi də. Hakimiyyətə yerləşdikdən sonra, aşağıdan yuxarı dırmanmağa davam edənlərin hamısının girişini sıx şəkildə blok edərək, inhisar qurdu. Yerlərini itirməmək üçün bu "köksüz" elitanın böyük əksəriyyəti hər şeyi dəyişməyə hazırdı - ideologiyanı, inancı, dini, hələ üsətlik lazım gəlsə cinsiyyəti də: “necə istəyirlərsə elə ol, təki zirvədə ol”. Bu elita vətənpərvərlik gündəmini də ona "isti-soyuğu" olmadan qəbul etdi: "Krım kimindir? Kimin desəniz, onundur".

Yuxarıda qeyd etdiyimiz bu ifadələr Rusiya siyasi-milli ideologiyasının “müasir atası” sayılan Aleksandr Duqinə məxsusdur. Duqin Rusiyanın siyasi eşelonlarında oturuşmuş elitanın vəziyyətini təsvir edir. O, bunu hətta "nisgil"lə ifadə edir.

Əslində, tarixi ömrünə post-sovet səhifələrini yaşamaq nəsib olmuş ölkələrin də taleyi fərqli deyil. Duqin Rusiyanın taleyinin bu elita ilə məhvə gedəcəyini iddia edir. Ardınca o, elitanın resursunun tükəndiyini və "sosial lift"i sıfır səviyyəsinə bərkitdiyini deyir. Onun sözlərindən belə çıxır ki, pandemiyada kəskin şəkildə yaşanan sosial depressiya effektində də hazırkı elita suçludur. Duqin bildirir ki, xalq belə bir elitadan məmnun deyil, ancaq bu elita hakimiyyətdən öz istəyi ilə kənarlaşmayacaq və kənarda - istər liberal, istər sağ (vətənpərvər), istər sol (sosialist) olsun - əks elitanın yaranmasının qarşısını almaq üçün hələ də yetərli gücə malikdir. Bu istiqamətdə hər hansı meyl hakim sinif tərəfindən amansızcasına əzilir.

Duqin sözünün davamında bidirir ki, "90-cı illərin yırtıcıları" istəməsələr də tədricən güclərini itirirlər. Onların bioloji potensialı sona çatmaq üzrədir. Belə vəziyyətdə güc və cəmlənmiş qaynaqları öz fiziki nəsillərinə ötürmək təbii olardı. Ancaq mövcud elitanın iqtidara keçdiyi bacarıqlar ötürülə bilməz. Mövcud elitanın uşaqları tamamilə fərqli şəraitdə böyüdülər. Onlar valideynlərin canavar təbəssümünə, cəhalətlərinə, alçaqlıqlarına kənardan şahid olduqlarına görə onları təqlid etmək istəyi yoxdur. Valideynlərindən fərqli olaraq,  övladlar hər şeyə əziyyətisz sahib olublar.

Duqinin bu fikirlərini və təsnifatını Rusiya elitasının yenilənməsinin anonsu kimi də qəbul etmək olar. Belə ki, son günlərdə Rusiya imperiya evinin varisi Gerogi Romanovun Sankt-Peterburqda nigah mərasiminin baş tutması haqda dünya mediasında xəbərlər və görüntülər tirajlandı. Duqinin hazırkı rus elitasına qarşı iddialı fikirlərini imperiya varisi ilə müqayisə etsək, deyilənlərin təsadüf olmadığı ortaya çıxar.

Məlum olduğu kimi, 2021-ci il 1 oktyabr tarixində Rusiyanın Sankt-Peterburq şəhərində Müqəddəs İsak katedralında ana xətti ilə Romanovlar evinin - Rusiya imperiyasının varisi, Mariya Romanova ilə Prussiya şahzadəsi Frans Vilhelmin yeganə övladı Georgi Romanov və Rebekka (Viktoriya) Bettarininin kilsə toy mərasimi baş tutdu. Gerogi Romanovun atası Frans-Vilhelm Hohentsollerndir. Bu şəxs isə 1918-ci ilə qədər hakimiyyətdə olmuş sonuncu alman imperatoru və Prussiya kralı Vilhelm II dir ki, o da öz növbəsində alman imperatoru Prussiyalı Fridrixin və Böyük Britaniyalı Viktoriyanın oğludur. Georginin anası 1924-cü ildə özünü bütün Rusiyanın imperatoru elan etmiş Vladimir Kirilloviç Romanovun qızıdır ki, imperator II Aleksandrın 3-cü oğlu böyük knyaz Vladimir Aleksandroviçin 2-ci oğludur. Əlqərərəz, əlahəzrət Georgi Romanovun toy mərasimi Duqinin həsrətində olduğu elitanın, həm də əsilzadə elitanın gündəmə gələcəyinin xəbərçisidir.

Bildirək ki, Georgi Romanovun nigah mərasimində əsilzadələrin şərəfinə fəxri qarovul da təşkil olunub. Yəni toyun sonunda hərbçilər yeni evlənənləri çılpaq qılınclarla kafedralın eyvanında salamladılar. Qeyd edək ki, toy mərasimi zamanı hərbçilər diqqət mərkəzində dayanaraq kilsənin içərisində yer tutdular. Onların fonunda mərasim qonaqları, xüsusən xarici qonaqlar şəkil çəkdirməkdən məmnun idilər.

Hərçənd, hərbi qulluqçuların özəl toy mərasimində iştirakı sosial mediada bir çox mənfi rəy və baş verənlərin qanuniliylə bağlı suallar yaradıb, amma baş verənlərə Duqinin gözü ilə baxmaq daha çox həqiqətlərdən xəbər verə bilər. Duqinin məntiqi ilə düşünsək, hakimiyyət elitasında təsadüfi adamlardansa, əsil-nəcabətli varislərin olması daha məqbuldur.

Ümumiyyətlə, dünya miqyasında hakimiyyətlərin formatlanması prosesinin getdiyi deyilir. Əksər ölkələrdə dövlətin idarəedici sinfinin inqilablar yoluyla əvəzlənməsi sistemindən əvvəlki forma monarxiyaya əsaslanan sistem idi. İndi də bir çox ölkələrdə belədir və sovet dövründə bizə təbliğ edildiyi kimi monarxiyaların "mütləq şər" olmasına elə o vaxtlar da çox rast gəlinmirdi. Bunlar kifayət qədər inkişaf etmiş ölkələr idi və onların bir çoxunda vairs elita hələ də qalmaqdadır. Hakimiyyət də ötürülüməklə nəsildən-nəslə keçirdi.

Rusiyada isə belə deyildi. Rusiyanın hazırkı elitasında da müxtəlif güclü dövlətlərə mənsub olan şəxslərin mövcudluğu sirr deyil. Məsələn, Putini bir dövr üçün əvəzləyən Dmitri Medvedyevin Fransanın maraqlarını təmsil etdiyi barədə rəylər var. Xatırladaq ki, Fransa Rusiya içindəki təsirini ölkə içindəki erməni gücü ilə də təmin edir. Yaxud əskinə, erməni lobbisi eyni zamanda Fransanı təmsil edir. Məsələn, xanımı erməni olan Başqırdıstan rəhbəri Xabirov Fransa maraqlarını təmsil edir. Bu yeganə hal deyil.

Rusiya hakimiyyəti yekcins deyil. Görünür, Rusiyanı "bütöv tikə" kimi Fransaya yedirtmək istəməyən Almaniya Georgi Romanovun simasında elita heyətində öz maraqlarını təmsil edəcək şəxsi irəli sürməkdədir ki, zatən Romanovlar da rus deyil, alman idilər.

2021-ci il sentyabrın 8-də Rusiyanın Norilsk şəhərində "sirli şəkildə" həlak olan, böyük ehtimalla öldürülən Yevgeniy Ziniçev həm Baydenin Putinə xəbərdarlığı idi ki, hadisələrin gedişindən bu mesajın alındığını və Putinin karantinə çəkildiyini gördük. Ziniçevin Putinin etibarlı adamlarından və potensial varislər siyahısında olduğu bildirilirdi. Putinin onun dəfnində Ziniçevin tabutuna göstərdiyi həssasslıq, zənnimizcə, deyilənlərdə həqiqət payının olmasından xəbər verirdi. Ziniçevin öldürülməsi eləcə də elitanın təsadüfi adamlar sırasından seçilməyəcəyindən də xəbər verirdi.

Böyük ehtimalla dünyada hakimiyyətlərin sahiblərinə təhvil verilməsi prosesi Rusiyada da bərqərar olacaq. Sadəcə, Rusiya sovet şinelindən çıxdığı üçün burada proses daha qabarıq görüntü alır. Məsələn, Birləşmiş Krallıqda hansısa vəliəhdin nigah mərasimi heç vaxt nə heyrətə, nə söz-söhbətə səbəb ola bilməz. Əgər Rusiyada da bu prosesə start vermək qərarına gəldilərsə, artıq hakimiyyətin seçimlə əvəzlənməsi prosesi keçmişdə qalacaq. Yalnız hökumətlərin seçimlərə əvəzlənəcəyindən söhbət gedə bilər ki, onlar da heç vaxt elita ola bilməzlər. Onlar yalnız idarəçi menecerlər ola bilərlər.

Beləliklə, Rusiyada hakimiyyətin transformasiyası prosesinə start verildi və Almaniya bu baxımdan Fransadan öndədir. Növbə tam "ipə-sapa" yatmayan Putindən"Qorbaçovvari" sözəbaxan imperatorun hakimiyyətə haqqının çatmasının beynəlxalq müstəvidə təsdiqindədir... Bunun siqnalı Aleksandr Duqin tərəfindən verildi. Duqin isə elə-belə adam deyil, rus hakimiyyət istebleşmentinə yön verən adamdır...

Qafqaz.media