Qazağa dönmüşəm - Dəmir Gədəbəylinin şeirləri

13/12/2024 - 08:10

Qafqaz.Media tanınmış şair, filologiya elmləri doktoru Dəmir Gədəbəylinin bir neçə şeirini təqdim edir:
 

Qazağa dönmüşəm

Ana yolu gözləyən, körpə uşağa dönmüşəm,
Son baharda tək qalan, tənha yarpağa dönmüşəm...

Bənövşə səni görüb, qaçıb kollarda gizlənib,
Eşqinlə nəğmə deyən, mən bir bulağa dönmüşəm!

Gözünə gözlər qurban, ey ala gözlüm hardasan?
Mən Pirlini pir bilib, sizin ocağa dönmüşəm!

Bilmirəm neyləmişəm, dövran sinəmə dağ basıb,
O qədər dağlanmışam, özüm də dağa dönmüşəm!

Ömrümün Ay gözəli, buludda gizləndin, yetər,
Gözləmə, tez ol yetiş, sənə sadağa dönmüşəm.

Əymə şair Dəmiri, vurğunun dağlar oğlunu,
Dağlara gözlə deyib, ulu Qazağa dönmüşəm!

           Bu gecə...

Eşqimin Ay gözəli, çox naz satırsan, bu gecə!
Gah çıxıb, nur çiləyir, gah da batırsan, bu gecə!

Of, sənin hər gəlişin, Yer tək nurlandırır məni,
Yığıb itmiş ümidi, ocaq çatırsan, bu gecə!

Dağıdıb tellərini, qaranlıqda gizlə məni,
Bilim acı qəmlərə, divan tutursan, bu gecə.

Əmin ol, mən bir ömür, göz üstə saxlaram səni,
Dərdləri ilim - ilim, qovub, itirsən, bu gecə!

Ömrümün Ay gözəli, həsrətin əyib Dəmiri,
Od düşsün yorğanına, necə yatırsan, bu gecə?!

          
Dostlara əyilən, yada sınmayan,
Dəmir də, Dəmirdi, ay ömrüm, günüm!

Aman dağlar

Aman dağlar, salamat qal, gedirəm,
Bir də gələm, ya gəlməyəm, ya qismət!
Oğul deyib, bir yola sal, gedirəm,
Dərdim böləm, ya bölməyəm, ya qismət!

Duyğun kimi qoy sürünsün dumanlar,
Sinən üstən uzaq düşsün yamanlar,
Mənim kimi, neçə həsrət balan var,
Tapa biləm, ya bilməyəm, ya qismət!

Bir igiddi, zirvələrdə hər daşın,
Sən Dəmirin, Dəmir sənin sirdaşın,
Kəndimizdə bir ana var, göz yaşın,
Gələm siləm, ya silməyəm, ya qismət!

De, necə yanım sənə?

İnam imandan doğar,
Necə inanım sənə?!
Yalan yalana sığar?
Varmı yalanım sənə?

Dünən dost dediklərin,
Şirin tost dediklərin,
Bu gün bas dediklərin!
Düşmənmiş, canım sənə!

Eşit sözün düzün sən,
Dəmir dözməz üzülsən!
Eh, qudurdan özünsən,
De, necə yanım sənə?!

Şeytan sayaq ...

Barışmağa yer qoymadın bir qarış,
Barışmağın nə mənası, ay zalım?!
Bundan belə get dalımca ha danış,
Danışmağın, nə mənası, ay zalım?!

Dost bilmişdim, düşmən çıxdın qarşıma,
Xəbis - xəbis düz işimə qarışma!
Barışmırsan, cəhənnəmə barışma,
Dalaşmağın nə mənası, ay zalım?!

Dəmir səni tapşırıbdı Allaha,
Cəza verər, işi qoymaz sabaha!
Şeytan sayaq, günah üstən günaha,
Bulaşmağın, nə mənası, ay zalım?!

          
Ölənədək...

Sevgidən söz açma, deyirsən mənə!
Sevgisiz də həyat, ömür olarmı?!
Bir dəli sevdayla vuruldum sənə,
Eşq olmasa bu səs, səmir olarmı?!

Puç sevgidən çox sinələr dağlıdı,
Vüsalsız eşq Әsli ,Kərəm nağlıdı!
Yer də, göy də məhəbbətə bağlıdı!
Eşq olmasa ürək kömür olarmı?!

Aman Dağlar! Atam, Anam bir də sən!
Aləm bilir varlığımdı bu Vətən!
Ölənədək yazmalıyam mən sizdən!
Qarabağsız, şair Dəmir olarmı?!

       Ağladır anamı

                          Qoca dostumun ,, Neynirəm,,
                    şerindən sonra mesajı.

Şair, evimi yıxmısan,
Arvad çırpır gündə məni!
Vallah axrıma çıxmısan,
Yuğrub, edib kündə məni!

Barışıqdan söz açıram,
Bir qapaz vurur, uçuram!
Hərdən əlindən qaçıram,
Yaxalayır tində məni!

Ay Dəmir, vermir amanı!
Zalım ağladır anamı!
Yığışdırıb barxanamı,
Qovalayır kəndə məni!

Aldanan deyiləm...

Elə bozartma üzünü,
Elə bərəltmə gözünü,
Ay zalım cırma özünü,
Sənə aldanan deyiləm!

Hardan gəldin bayquş kimi,
Ömrüm oldu bir qış kimi,
Tələyə düşən quş kimi,
Dənə aldanan deyiləm!

Asdırdın Dəmiri dardan,
Sənə inam olsun hardan?
Süd axıtsan borulardan,
Yenə aldanan deyiləm!

       Qaça bilməzsən...

  Türk dünyasına ağıl verən bir nadana...

Sən ha danış, yekə- yekə,
Keçmişləri sökə - sökə,
Millətə bir pazsan cökə,
Gözümdən qaça bilməzsən!

Şimaldakı qanmaz ayı,
Çətin sənə olsun dayı,
Qismətin bir tula payı,
Özündən qaça bilməzsən!

Dəmir hara? De sən hara?!
Qara qulsan kafırlara,
Dilindən düşmüsən tora,
Sözündən qaça bilməzsən!

         
Təqdim etdi: Fuad Biləsuvarlı

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ailə sənin məbədindir
05/12/2024 - 23:42
Xəyyam Əhmədli vəfat etdi
03/12/2024 - 07:31
Culbars
02/12/2024 - 09:23
DÜZGÜN OLMAYAN HƏQİQƏT
02/12/2024 - 05:24