Radiomuzun qızıl səsli diktoru... - Fuad Biləsuvarlı yazır
Elə incəsənət xadimləri var ki, onlar həqiqətən də səslərilə, yaratdıqları obrazlarıyla xalqına, elinə, sevdiklərinə, doğmalarına böyük səadət bəxş etmiş olurlar. O cür fövqəlbəşər insanlara "Tanrının seçilmiş bəndələri" ifadəsini də şamil etmək olar. O şəxslər ki, xoşbəxtdi, bəxtiyardı ki, özündən sonra yaratdığı əsərlərlə, obrazlarla etibarlı, vəfalı xalqının ürəyində yaşayır. Tez-tez yada salınaraq, xatırlanırlar. Bir sözlə, əbədi unudulmazlıq statusu qazanırlar.
Elə şəxsiyyətlərdən biri də Azərbaycan Radiosunun qızıl səsli diktoru, "Xalq artisti" Yusif Muxtarovdur.
Xalq artisti Yusif Muxtarov 22 iyul 1941-ci ildə Sabirabad rayonunun Kür kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakültəsində -rejissor Adil İsgəndərovun kursunda təhsil alıb.
1964-1994-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya şirkətində - diktor, ictimai-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb.
30 il ərzində onun səsində lentə alınan 350-dən artıq ədəbi-bədii veriliş radionun Qızıl fonduna daхil olub.
O, həm də klassik şeirimizin təbliğatçılarından biri idi. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin şeirlərini natiqlik məharətilə söyləməyi sevirdi.Yusif Muxtarov deyirdi ki, radionun öz dili, öz ahəngi var: “Hər şeydən əvvəl, radioda orfoqrafiya qanunlarına ciddi riayət olunmalıdır. Səsin çalarları, ahəngi, tembiri müəyyən qaydada olmalıdır. Məzmun aydınlığı, forma gözəlliyi, tələffüz qaydaları təqdimatda əsas götürülməlidir”. Yusif Muxtarovun iştirakı ilə Azərbaycan dilində mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılaraq qorunur. Bəşəriyyət dillərinin gələcək nəslə çatdırılması və mühafizəsi məqsədilə hazırlanan bu disklərdə Azərbaycan dili onun səsində təqdim olunur. Azərbaycan kino tarixinə düşmüş bir neçə filmdə – rejissor Fikrət Əliyevin 1974-cü ildə quruluş verdiyi “Baladadaşın ilk məhəbbəti” filmində Murad, 1980-ci ildə yazıçı Bayram Bayramovun ssenarisi əsasında Ziyafət Abbasovun çəkdiyi “Onun bəlalı sevgisi”ndə iclas iştirakçısı, 1990-cı ildə yazıçı Natiq Rəsulzadənin “İntihar edənin qeydləri” povestinin motivləri əsasında rejissor Əbdül Mahmudbəyovun quruluş verdiyi “Gecə qatarında qətl” filmində Paxan obrazlarını oynayan sənətkar, hər üç filmdə bir-birindən fərqli xarakter yaradıb.
Kinodakı əsas fəaliyyəti onlarla filmlərin Azərbaycan dilində səslənməsində misilsiz хidmətləri ilə bağlı olan Y.Muxtarov, həmin filmlərə öz səs ahəngiylə yanaşmış, peşə sevgisinə daima sədaqətli olmuşdur.
Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Yusif Muxtarov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub, tələbələrə səhnə danışığı fənnindən də dərs deyib, incəsənət sahəsində gələcək kadrların hazırlanmasında da böyük zəhmət çəkib.
Böyük məsuliyyət hissilə öyrəndiklərini eyni həvəslə gənclərə öyrətməyin peşəkarı olan Y.Muxtarov geniş səs diapozonuna malik bir sənətkar olması ilə yanaşı, eyni zamanda sevib-seçdiyi sənətlə bağlı maraqlı, orijinal düşüncələrə də malik idi.
Onun tanıyanlar deyirlər ki, Yusif Muxtarov harada çalışmasından asılı olmayaraq efir onun üçün öz müqəddəsliyini qoruyub saxlayırdı. Mikrofon önündə öz səsi ilə sanki portret yaradırdı. Dinləyiciləri onun oxuduğu mətnlərin təkcə məzmun və mahiyyətini deyil, həm də təqdimat estetikasını yüksək qiymətlədirirdi. Sadəcə diktorluq və aktyorluq qabiliyyəti ilə deyil, həm də zəngin mənəvi xarakteri ilə seçilirdi.
1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ömür-gün dostu, görkəmli aktrisa, "Xalq artisti"Amaliya Pənahova ilə birgə Bakı Bələdiyyə Teatrını yaradıb. Ömrünün sonuna kimi Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olub. Bu sənət ocağının yaranmasında, fəaliyyətində və inkişafında böyük rol oynayıb.
Görkəmli diktor həm də bir çox filmlərdə, televiziya tamaşalarında yadda qalan rollar yaradıb. Onlardan Nazim Hikmətin “Qəribə adam”, M.Y. Lermontovun “İki qardaş”, Səməd Vurğunun “Vaqif”, Sabit Rəhmanın “Xoşbəxtlər”, Nazim Hikmətin “Bayramın ilk günü”, Mar Bayciyevin “Duel”, Çingiz Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim”, İlyas Əfəndiyevin “On iki manatlıq lüstr”, “Söyüdlü arx”, televiziya tamaşalarında və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Kinostudiyasında çəkilən “Baladadaşın ilk məhəbbəti”, “Gecə qatarında qətl” və bir sıra digər filmlərində böyük ustalıqla və bir sıra digər filmlərində böyük ustalıqla yaratdığı obrazları tamaşaçıların yaddaşına əbədi həkk olunub.
Bakı Bələdiyyə Teatrının Azərbaycan Ordusu qarşısında müntəzəm və davamlı çıxışlarının təşkilinə görə 2005-ci ildə Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb.Yusif Muxtarov aktyorluq sənətini davam etdirsəydi, davamlı tamaşalar oynasaydı dövrünün tanınmış, böyük aktyorlarından olardı. Amma aktyorluq peşəsini davam etdirmədi. Radio diktorluğuna üstünlük verdi. Özü də müsahibələrində etiraf edib ki, "mən aktyorluğu özüm üçün hobbi bilmişəm, radio diktorluğunu üstün tutmuşam". Saysız-hesabsız filmlərin Azərbaycan dilində səslənməsində misilsiz xidmət göstərib. Yusif müəllim incəsənət sahəsindəki xidmətlərinə görə dəfələrlə fəxri fərmanla, diplomlarla təltif olunub, 1990-cı ildə ona respublikanın "Əməkdar artisti", 2002-ci ildə isə "Xalq artisti" fəxri adları verilib.1999-cu ildə Türkiyənin İstanbul Hərbi-Hava Akademiyasının qızıl medalı, 2003-cü ildə isə Tehranda keçirilən Beynəlxalq teatr festivalının qızıl medalı ilə təltif edilib.
Aktrisa, " Xalq artisti" Amaliya Pənahovanın həyat yoldaşı olmuşdur.Oğlu İlqar Muxtarov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir. 14 aprel 2009-cu ildən 27 yanvar 2016-cı ilədək Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.Qızı Aynur Muxtarova atasının, anasının qurub-yaratdığı Bakı Bələdiyyə Teatrına rəhbərlik edir.
Hazırladı: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı
Qafqaz.Media