Rusiya sualtı qayıqlarını ABŞ və Kanada sahillərinə göndərdi – HƏR BİRİ NÜVƏ YÜKLÜDÜR…

22/11/2022 - 17:32

Qısa fasilədən sonra Rusiya yenidən Kanada və ABŞ sahillərinə bombardmançı və nüvə yüklü sualtı qayıqlar göndərməyə başlayıb.

Qafqaz.media xəbər verir ki, bu barədə “Global News” məlumat yayıb.

Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) rəis müavini Alen Pelletierin sözlərinə görə, bu yolla Rusiya Kanada və ABŞ-a zərbə endirmək qabiliyyətini nümayiş etdirməyə çalışır.

“Bu il biz Şimali Amerika hava məkanında Rusiya bombardmançılarının sayında azalma müşahidə edirik. Xüsusən də Rusiyanın fevralın 24-də Ukraynaya qanunsuz müdaxiləsindən sonra. Lakin bu fəaliyyətlərin bəziləri indi bərpa olunub”, - o, ABŞ Senatının Müdafiə Komitəsinə bildirib.

Alain Pelletier iddia edir ki, Moskva həm Atlantik, həm də Sakit okean sahillərindən nüvə yüklü sualtı qayıqları "özünün strateji imkanlarını faktiki nümayiş etdirmək və Şimali Amerikanı təhdid etmək üçün" göndərir.

O, Rusiya gəmi və təyyarələrinin hansı manevrlər etdiyini dəqiq açıqlamayıb. Bununla belə, oktyabr ayında NORAD Alyaskaya yaxınlaşan iki rus uzaqmənzilli bombardmançı təyyarəsinin tutulmasından danışıb. Təyyarələr Şimali Amerikanın hava məkanına daxil olmağa vaxt tapmayıb.

Kanada və ABŞ NORAD-ın xarici hava hücumuna qarşı Şimali Amerikanın ilk müdafiə xəttini modernləşdirmək üçün işə başlayıb. Onlar Kanadanın şimalında 1980-ci illərin radarlarını geniş əhatə dairəsinə malik daha müasir sistemlərlə təkmilləşdirməyi planlaşdırırlar.

Qafqaz.media