Ruslar Baxmut və Soledar yaxınlığında 20 minə yaxın əsgər itirib – PODOLYAK

13/01/2023 - 15:13

Donetsk vilayətində, Baxmut və Soledar yaxınlığında rus qoşunlarının itkiləri 20 min əsgərə yaxındır.

Qafqaz.media Korrespondent.net-ə istinadən xəbər verir ki, bunu “Kanal 24”-ə müsahibəsində Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

"Rusiya ordusunun bu istiqamətdə hansı itkilər verdiyini dəqiq söyləmək mümkün deyil. Amma bu, min və ya iki min deyil - Baxmut və Soledara hücum zamanı verilən itkinin sayı 10, 15, hətta 20 min nəfərdir. Ruslar orada itkiləri saymırlar", - Podolyak bildirib.

Onun sözlərinə görə, ruslar müqavilə ilə xidmət edən hərbçilər, xüsusi təyinatlılar və desant qoşunları da daxil olmaqla, demək olar ki, bütün döyüşə hazır qüvvələri Soledara göndəriblər.

Eyni zamanda, Podolyak Ukraynanın bu şəhərinin işğalının Rusiyaya ümumilikdə heç bir üstünlük verməyəcəyini vurğulayıb.

"Orada baş verən hər şeyə görə təəssüfləndiyim yeganə şey, 17 dərəcə şaxtada günlərlə əllərində pulemyot saxlamaq məcburiyyətində qalan hərbçilərimizin sayıdır. Bu, çətindir", - Podolyak deyib.

Qafqaz.media