“Saakaşvilinin həbsdə ölməsi Putinin qələbəsi olacaq” – MAYKL MAKFOL BAYDENƏ MÜRACİƏT ETDİ

06/01/2023 - 00:06

“Saakaşvilinin həbsdə ölməsi Putinin qələbəsi və gürcü demokratiyasına böyük zərbə olacaq”.

Qafqaz.media “The Washington Post”-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol bildirib.

“Dünya Gürcüstanın keçmiş prezidentinin həbsdə ölməsinə icazə verə bilməz” başlıqlı məqaləsində Makfol yazır ki, dünya haqlı olaraq Vladimir Putinin Ukraynaya qarşı vəhşi müharibəsinə diqqət yetirsə də, Rusiya lideri başqa yerlərdə sabitliyi pozur. Onların arasında kiçik, lakin strateji əhəmiyyətli Gürcüstan da var:

“Hazırda Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili orada əziyyət çəkir. Bəzi məlumatlara görə, o, ölüm ayağındadır. Bayden administrasiyası və müttəfiqləri bunun qarşısını almalıdırlar. Saakaşvilinin məhz onun öz vətənində demokratiyaya keçmiş xidmətlərinə görə azadlığa buraxılması üçün qlobal kampaniyanın vaxtı çatıb”, - Makfol yazır.

Onun sözlərinə görə, Mixail Saakaşvili “qızılgül inqilabı”ndan sonra mühüm islahatlar aparıb və Qərb ölkələrinin liderləri tərəfindən yüksək qiymətləndirilib.

Makfolun fikrincə, ABŞ prezidenti Co Bayden digər Avropa demokratik liderləri ilə sıx əməkdaşlıq edərək Saakaşvilini xilas etmək üçün təcili olaraq Gürcüstan hakimiyyətinə müraciət etməlidir.

“Bayden və başqaları Gürcüstan prezidenti Salome Zurabişvilidən Saakaşvilini əfv etməsini və ona ölkədən kənarda tibb müəssisəsinə getməsinə icazə verməsini xahiş etməlidirlər – bunu Saakaşvilini siyasi məhbus elan edən Avropa Şurası Parlament Assambleyası da artıq tələb edib. Saakaşvilinin həbsdə ölməsi Putinin qələbəsi və gürcü demokratiyasına güclü zərbə olacaq. Bunu keçən ay Gürcüstan hakimiyyətindən “mərhəmət göstərməyi” və eks-prezidenti azad etməyi xahiş edən Zelenskidən yaxşı heç kim başa düşmür”, - Makfol yazıb.

Onun sözlərinə görə, Zelenski düzgün hərəkət edib və ABŞ və Aİ ondan nümunə götürməlidir.

“Azad dünya Ukraynada demokratiyanı müdafiə etmək üçün bir araya gəlib. Saakaşvilinin azad edilməsinə təzyiq göstərməklə Gürcüstanda da bunu etmək lazımdır”, - Makfol yazıb.

Qafqaz.media