SAAKAŞVİLİNİN ZƏHƏRLƏNDİYİ TƏSDİQLƏNDİ - ABŞ toksikoloji ekspertizanın nəticəsini açıqladı

25/11/2022 - 14:23

“Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili müalicə üçün Almaniyaya göndərilməlidir, çünki biz hazırda intoksikasiya ilə məşğul oluruq”.

Qafqaz.media xəbər verir ki, bu barədə “Empati” Mərkəzinin rəhbəri Maryam Cişkariani deyib.

Onun verdiyi məlumata görə, Mixail Saakaşvili alman klinikasına köçürüləcəyi təqdirdə həm toksikoloji müayinədən, həm də diaqnozdan keçə və adekvat müalicə ala bilər. Əks halda, Saakaşvili həyatını itirə bilər.

“Ekspert komissiyası belə bir nəticəyə gəldi və bizim qənaətimiz odur ki, ortada zəhərli maddələrlə sağlamlığa zərər vurma faktı mövcuddur”, - Cişkariani qeyd edib.

Onun sözlərinə görə, Amerikadan toksikoloji ekspertiza nəticəsində Saakaşvilinin saçında ağır metalların aşkar edildiyi haqda rəy alınıb.

“Ola bilsin ki, Mixail Saakaşvilinin səhhətinin günü-gündən pisləşməsinə səbəb məhz bu ağır metallar və digər birləşmələrdir”, - deyən Cişkariani hesab edir ki, hazırda Saakaşvilinin təhlükəsizliyi, sağlamlığı və həyatını xilas etmək üçün Almaniyaya köçürülməlidir.

Qafqaz.media