Şeirimizin xan çinarı...- Fuad Biləsuvarlı yazır

01/12/2024 - 09:38

      Yeddi göy qurşağının birləşdiyi Azərbaycan torpağının yetişdirdiyi böyük söz ustadlarından biri də Məmməd Arazdır.
   Həyat yolu " nəqşi - cahandan - Naxçıvandan başlanan şairin keşməkeşli ömür yolu mübarizələrlə dolu olub. Adi kənd müəllimliyindən başlanan yol onu mərkəzə - Bakı ədəbi mühitinə gətirib. Özündə cəsarət tapıb Məmməd Araz poeziyasındakı artıq neçə milyonluq oxucular arasında dillər əzbərinə, aforizmlərə çevirilmiş poetik nümunələri yazmaq istədim:
" Dünya sənin, dünya mənim, dünya heç kimin", " Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim", " Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı"...
Sonra anladım ki, çoxsaylı belə nümunələri kiçik bir yazıya sıralamaq mümkün deyildir.
Ən azından ona görə ki, onda gərək Məmməd Arazın əslində bütün misralarını bu yazıya köçürməliydim...
      Mərhum şairimiz Tofiq Bayramın misraları yenə də yada düşür.

- Zorla allah olarsan,
   Zorla şair olmazsan...

    Bəli, canında, qanında bu istedad yoxsa, anadan şair doğulmamısansa poeziya sənətində yolun çətin olacaq...
   Məmməd Araz torpağa, yurda , elə- obaya qəlbən, ruhən çox bağlı, kövrək təbiətli bir şair idi. Vətən torpağı , boya-başa çatdığı Naxçıvan yurdu, doğulduğu Nurs kəndi onun üçün müqəddəsdi.

   - Axan bir ulduzu yedəkləyib mən,
      Yüyürmək istədim kəndimizədək.

    Məmməd Araz ömrün payızını, qışını  görmüş bir şairdi. Təbiət gözəlliyinin, insan müdrikliyinin, əzəmətli dağların vurğunuydu.
Yaz fəslini çox sevirdi. Bir şeirində " insan payız ölə, yazda dirilə" deyirdi.
     Ömrünün son illərində səhhəti ilə əlaqədar üzləşdiyi çətinliklər, sarsıntılar da onu yüksək poeziya nümunələri yaratmasına mane ola bilmirdi. Çünki, o, hər an xalq məhəbbətini, saysız- hesabsız oxucularının dərdini, sevgisini, istəkli ömür-gün yoldaşı Gülxanım ananın məhrəmanə qayğısını daim hiss edirdi. Və özünü dünyanın ən xoşbəxt, ən varlı adamı hesab edirdi.

- Biz ki, gələcəyə ümid sarıdan,
Dünyanın ən varlı adamlarıyıq.

Akademik Bəkir Nəbiyev Məmməd Arazı şeirimizin xan çinarı" adlandırırdı.
Mərhum şair Tofiq Mütəllibov isə " Hər xalqın yaxşı şairləri olsa da, Məmməd Arazı yoxdur", -deyirdi.
Böyük şairimizin sağlığında layiq görüldüyü yüksək dövlət təltiflərini sadalamağa ehtiyac duymadım. Xalqın şairi olmaq elə ən böyük mükafatdır.
Bu sətirləri qeydə almaq ərəfəsində tanınmış publisist İradə Tuncayın " Sarı odalar" kitabını oxudum. Düz misaldır: " Ot kökü üstündə bitər. Nə yaxşı ki, ulu Məmməd Araz işığı yenə də gur yanır...
                                                   _______________________________

Ulu Məmməd Araz haqqında yazımı hazırlayandan sonra istədim ki, onun haqqında yazıma bir ziyalımızın xatirəsini də əlavə edim. Dəyərlimiz, biz gənc yazarların dostu, yazıçı - publisist, “525-ci qəzet”in baş redaktoru, Mətbuat Şurasının sədri,AYB-nin sədr müavini, Rəşad Məcid Məmməd Arazın ailəsi ilə bağlı xatirələrini bölüşərkən bunları deyib.
 

O bildirib ki, Xalq şairi Məmməd Arazın ailəsini 1980-ci illərdən tanıyır. “Xanımı hər zaman Məmməd Araza diqqət və qayğı göstərib. Şair xəstə olarkən onun şeirlərinin əl yazmaya köçürülməsini məhz xanımı edirdi. Ağdamda, bizim evimizdə Məmməd Arazla birgə qonaq olmuşdurlar, Şuşaya, İsa bulağına getmişdik. Gülxanım xanım Azərbaycanın fədakar qadınlarından idi, Məmməd Araz üçün ömrünü fəda etmişdi.  Şairin vəfatından sonra onun əsərlərinin təbliğində, çap olunmamış şeirlərinin tərtib edilməsində Gülxanım Fətəliqızının böyük rolu olub. Məmməd Araz xanımına da şeirlər yazmışdı, o şeirlərdən biri yadıma düşdü:
 
Çox tozanaq atlını təmkin atınla keçdin,
Sel boğan dərələri  bir mərd qadınla keçdin.
Bütün keçilməzliyi, Vətən, adınla keçdin
Haqqın var, Məmməd Araz
Haqqın var yaşamağa!
Allah hər ikisinə rəhmət eləsin”.
 

Hazırladı: Fuad BİLƏSUVARLI, AYB üzvü. AJB üzvü, Prezident mükafatçısı

Qafqaz.Media

 

 

 

 

 

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18