Sənət eşqi... - Fuad Biləsuvarlı yazır
Bəsti Cəfərova - 65
Teatr ecazkar bir aləmdir. Bu aləmə baş vurdunsa, ondan ayrılmaq çox çətindir.
Teatr həm də bir məbəddir. Bu məbədin sakini olmaq isə böyük xoşbəxtlik.
Azərbaycanın xalq artisti, minlərlə tamaşaçı qəlbində əbədi yer tutmuş aktrisa Bəsti Cəfərova da bütün ömrünü bu ecazkar sənətə-Teatra həsr etmiş bir aktrisadır.
Bəsti xanımın teatrda ilk debütü hələ o tələbə ikən olub. Və böyük səhnəyə aparan bu yol çox uğurlu başlayıb.
Bəsti Cəfərova o günləri yaxşı xatırlayır. O vaxt Bəsti xanımı - bu tələbə - aktrisanı səhnədə görənlər əminliklə demişdilər: səhnəyə yeni istedad gəlir.
Bəsti xanım belə uğuru gözləyirdimi?
Demək çətindir. Amma o belə bir uğur üçün mərhum, görkəmli rejissorumuz Tofiq Kazımova minnətdarlığını bildirir. Məhz, Tofiq Kazımov hələ tələbə olan gələcək aktrisadakı istedadı duya bilmişdi. Tofiq Kazımov məhz həmin illərdə Akademik Milli Dram Teatrında " Quşu uçan budaqlar" adlı psixoloji bir əsəri tamaşaya hazırlayırdı. Böyük rejissor əsərdəki Səltənət rolunda məhz, tələbəsini görürdü. Bəlkə də başqa rejissor olsaydı, tərəddüd də edə bilərdi. Amma Tofiq müəllim də teatr bilicisi idi. Zəngin təcrübəsi vardı. O böyük inamla Səltənət rolunu Bəsti xanıma tapşırdı.
Akademik Milli Dram Teatrı, tələbə qız, minlərlə tamaşaçı qarşısında ilk debüt çıxış - bütün bunlar başgicəlləndirici idi. Teatr səhnəsi naşı meydanı deyil.
Bəsti Cəfərova da bunu yaxşı bilirdi.
Bütün gücü və istedadı ilə ona həvalə olunmuş rolu rejissorun istədiyi kimi canlandırmaq üçün çalışdı. Səhnədə olan sənətçinin ən böyük mükafatı tamaşaçı alqışıdır. Və Bəsti Cəfərova ilk kövrək addımlarını atsa da, bu alqışları qazana bildi. Elə ilk roldan tamaşaçılar Səltənəti - Bəstini sevdilər, alqışladılar.
Sonralar Bəsti Cəfərova teatr səhnəsində, televiziya tamaşalarında, filmlərdə bir çox maraqlı obrazlar yaratdı. Amma Səltənət onun üçün daha əziz idi.
Bəsti Cəfərova təhsil aldığı Azərbaycan Dövlət İncəsənət İnstitutunda ( indiki Mədəniyyət İncəsənət Universiteti ) teatrımızın korifey rejissorlarından olan, Azərbaycanın Xalq artisti Adil İsgəndərovun kursunda oxuyurdu.
Adil müəllimin məktəbini keçmək elə- belə adi, asan məsələ deyildi. Bu sənət qazanında bişənə zaval yox idi. Odur ki, 1980-ci ildə təhsilini başa vuranda, Bəsti xanımın təyinatını Akademik Milli Dram Teatrına verdilər. Bu çox, olduqca, böyük etimad Bəsti Cəfərovanın yüksək istedadının, teatra vurğunluğunun, daim axtarışda olmasının nəticəsi idi.
Bundan sonra teatrın rəngarəng afişalarında böyük sənətkarla yanaşı, Bəsti Cəfərovanın da adı diqqət çəkməyə başladı. " Əliqulu evlənir" də Nazlı, "Nişanlı qız"da Bənövşə, " Hökmdar və qızı"nda Ağabəyim ağa, " Tənha iydə ağacı"nda Surəyya, Xurşudbanu Natəvan"da Natəvan, " Od gəlinin"də Solmaz, "Kral Lir" də Qonerilya...
Bir-birindən fərqli olan bu rollarda Bəsti xanımın öz dəsti-xətti vardı, hər birini yetərincə canlandırmaq üçün ürəyinin odunu vermişdi.
Oynadığı hər tamaşa onu tamaşaçılara sevdirir, daim axtarışlara sövq edirdi. Roldan - rola, tamaşadan - tamaşaya püxtələşən,təcrübə toplayan Bəsti xanım arzularının zirvəsində idi.
Uğurlar bir-birini əvəz edirdi.
Bütün günü teatrda keçsə də, artıq aktrisa kimi öz sözünü demiş Bəsti xanım televiziya tamaşalarına dəvətlər alırdı. Beləcə televiziya tamaşalarından " Solğun çiçəklər"də Pəri, " Ər və arvad" da Gülay, "Analar" da Rəna, " Güllələnmiş heykəllər"də Ağabəyim Ağa obrazlarını Bəsti xanım sevimli tamaşaçılarına təqdim etdi.
Sevimli aktrisanın onlarca filmlərdə çəkildiyi obrazlar da çox uğurludur. " Ömrün yolları" , " Astana", " Qürbətdən gələn səda", " Yaramaz", " Doğan günəş", " Güllələnmiş heykəllər" , " Bizim qəribə taleyimiz", "Günaydın, mələyim" kimi Azərbaycan filmlərində rol alan Bəsti Cəfərova daha böyük uğurlara imza atmışdır.
Deyirlər teatr asılqandan başlanır. Xalq artisti Bəsti Cəfərova üçün isə bütün həyat məhz teatrdan, səhnədən başlanır. Təxminən yarım əsrə yaxındır ki, o, bu səhnə ilə yaşayır, onunla nəfəs alır, sənətini yaşadır. Bir aktrisa - sənət adamı kimi daim diqqət mərkəzində olan sevimli aktrisamızın əməyi yüksək qiymətləndirilib.
1989- cü ildə " Əməkdar artist" , 1998-ci ildə " Xalq artusti" yüksək fəxri adlarına kayiq görülmüş Bəsti Cəfərova adını xalqımızın teatr tarixinə yazmış sənətkarlardandır. Teatr sənətinin inkişafındakı xidmətlərinə görə Respublika Prezidentinin Fəxri diplomuna, Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
On ilə yaxındır ki, Prezidentin fərdi təqaüdçüsüdür. 2023-cü ildə Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.
Bəsti xanım bir vaxt sənətin sirlərini öyrəndiyi Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi yüksək elmi dərəcə daşıyır.
Bütün varlıqları ilə ömürlərini sənətə həsr edənlər həmişə sevilirlər. Xalq artisti Bəsti Cəfərova kimi. Həyat isə davam edir. Teatra, sənət aləminə yeni qədəm qoyan gənclər üçün isə belə sənətkarların həyatı işıqlı, əvəzsiz bir örnəkdir.
Çöhrənizdən sevinc, üzünüzdən gülüş heç zaman əskik olmasın, Bəsti xanım!!!
65 yaşınız tamam olur. Yubileyiniz mübarək olsun!!! O gün olsun ki, 100 illik yubileyinizə təbrik yazısı həsr edəm. Bir qızınız Fidan xanımla bağlı ən ali arzularınız müstəcəb olsun!!!
Onu da da qeyd edək ki, Bəsti xanımın qızı Fidan xanım İctima tvdə aparıcı kimi çalışır.
Hazırladı: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı
Qafqaz.Media
https://www.youtube.com/shorts/6spDYo8M9Yo?feature=share