"Türkiyə-Suriya münasibətlərində yeni dövr başlaya bilər" - AKP

28/11/2022 - 09:46

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Orxan Mirioğlu bildirib ki, Ankara ilə Dəməşq arasında münasibətlərdə yeni eranın başlanğıcı çox böyük ehtimaldır, lakin hərtərəfli əməkdaşlıqdan danışmaq hələ tezdir.

Deputat bu barədə "Ria Novosti"yə açıqlamasında deyib.

“Suriya ilə bağlı “Necə?”, “Nə vaxt?”, “Kimlə?” və “Niyə?” suallarına aydın cavab kimi qiymətləndirilə biləcək bir prosesin başladığını söyləmək çox çətindir. Suriya tərəfi Türkiyə ilə üçüncü ölkədə danışıqların aparılmasını istəyir və böyük ehtimalla bu Rusiya olacaq. Ona görə də hərtərəfli əməkdaşlıqdan danışmaq tezdir. Seçkilər öncəsi Dəməşqlə Ankara arasında münasibətlərdə yeni dövrün başlanması da mümkündür və bu, çox yüksək ehtimaldır. Ancaq açıq şəkildə görünür ki, biz hələ də “işdə ortaqlıq” fikrindən uzağıq”-deyə deputat bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Suriya ilə münasibətlərin yaxın gələcəkdə normallaşacağını istisna etmədiyini bildirib.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın oktyabrda bildirib ki, Rusiya Ərdoğanla Suriya prezidenti Bəşər Əsəd arasında görüşə vasitəçilik təklif edir. Ərdoğan noyabrın ortalarında demişdi ki, vaxtı gələndə Ankara təklifi dəyərləndirə bilər. Daha sonra Türkiyənin “Hürriyyət” qəzetinin köşə yazarı, hökumət dairələrinə yaxın olan Əbdülqadir Selvi bildirib ki, Ərdoğanla Əsəd arasında görüş Rusiya lideri Vladimir Putinin vasitəçiliyi ilə Rusiyada baş tuta bilər./modern.az

       

      BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

      Daha bir əfsanə öldü - FOTO
      30/09/2024 - 12:02