Türkiyədə güclü zəlzələ: ÖLƏN VƏ XƏSARƏT ALANLARIN SAYI ARTDI - VİDEO, FOTO / YENİLƏNİB

23/11/2022 - 16:36

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2-yə çatıb.

Qafqaz.media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, 68 nəfər yaralıdır: “Düzce, Sakarya və Boluda tədris dayandırılıb”.

***12:54

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb.

Qafqaz.media Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin şəxs aparıldığı xəstəxanada dünyasını dəyişib.  

***11:14

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 50-yə çatıb.

“CNN Türk” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib. 

Mütəxəssislər yeraltı təkanların təkrarlana biləcəyini istisna etmirlər.

***10:12

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.

Qafqaz.media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Hazırki məlumata görə, yaralıların sayı Düzcədə 37 İstanbulda 1 Zonguldakda 6 Sakaryada 1 Boluda 1 nəfər olmaq üzrə 46 nəfərə çatıb.

***08:55

Türkiyənin Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, xəsarət alan şəxslərin müalicəsi davam edir.

 

***08:00

Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, təkan yerli vaxtla saat 04:08-də (Bakı vaxtı ilə 05:08) qeydə alınıb.

Bundan əvvəl maqnitudanın 6 olduğu bildirilirdi. Zəlzələnin episentri Düzce rayonunda, ocağı 6,8 km dərinlikdə yerləşib.

Zəlzələ Türkiyənin İstanbul və Ankara şəhərləri daxil olmaqla şimal-qərb bölgələrində hiss olunub.

Düzce bələdiyyə sədri Faruk Özlü bildirib ki, ilkin məlumatlara görə, zəlzələ nəticəsində ölən olmayıb. Hazırda Düzcedə elektrik enerjisinin verilişi dayandırılıb, ölkədə internetlə əlaqədar problemlər var.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələ baş verən andan indiyədək insan itkisi ilə bağlı heç bir məlumatın daxil olmadığını deyib:

“İstanbul, Tekirdağ, Kocaeli, Eskişehir, Zonquldak, Sakarya, Bilecik, Bolu, Karabük və Bartın vilayətlərində qruplarımıza can itkisi ilə bağlı məlumat daxil olmayıb. Hadisələrin gedişatı barədə ictimaiyyətə məlumat veriləcək”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02