Ukrayna HIMARS-dan istifadə taktikasını dəyişir – YENİ HƏDƏFLƏR BƏLLİ OLDU…

03/01/2023 - 20:17

Ukrayna Silahlı Qüvvələri anbarlar və təchizat xətləri əvəzinə Rusiya hərbçilərinin böyük konsentrasiyasına zərbələr endirmək üçün Amerikanın HIMARS raket sistemlərindən istifadə etməyə başlayıb.

Qafqaz.media xəbər verir ki, bu barədə "The New York Times" ABŞ-da Rusiya tədqiqatları üzrə mütəxəssis, hərbi analitik Maykl Kofmana istinadən yazır.

"Cəbhə xəttinə səfərbər olunanların axını onları zərbələrə qarşı həssas etdi", - Kofman deyib.

Onun sözlərinə görə, 2022-ci ilin yayında Ukrayna Silahlı Qüvvələrində HIMARS qurğularının görünməsi Rusiyanın artilleriya sahəsində üstünlüyünü azaldıb. Lakin son vaxtlar raket hücumları ötən aylarla müqayisədə döyüş əməliyyatlarının gedişatına az təsir göstərmişdir.

Bununla əlaqədar Ukrayna Silahlı Qüvvələri taktikanı dəyişmək qərarına gəlib: əgər əvvəllər HİMARS əsasən silah-sursat anbarlarını və təchizat xətlərini məhv etmək üçün istifadə olunurdusa, indi kazarmalara və rus qoşunlarının digər cəmləşdiyi ərazilərə zərbələr endirilir.

Taktikanın dəyişdirilməsi nəticəsində Ukrayna qüvvələri yalnız dekabr ayında Luqansk vilayətinin Kadievka şəhərindəki oteldəki “Vaqner”in bazasına, Melitopoldakı Rusiya hərbi bazalarına, Donetsk vilayətinin Makeevka şəhərindəki peşə məktəblərinə zərbələr endirib.

Qafqaz.media