Universitetlərin əsas hədəfi reytinq yox, keyfiyyət olmalıdır - İlham Əhmədov
İlham Əhmədov,
Pedoqoji elmləri üzrə Fəlsəfə Doktoru, dosent
Bu ərəfədə "QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025” adlı siyahıda Azərbaycanın 7 universiteti yer alır. Bunu çox da böyük uğur hesab etmək düz deyil. Düzdür QS (Quacquarelli Symonds) və THE (Times Higher Education) reytinqləri universitetlərin qlobal miqyasda dəyərləndirilməsi üçün ən nüfuzlu iki sistemdir.
Bu reytinqin "dayanaqlıq" üzrə meyarları əsasən ekoloji faktorları nəzərə alır, nəinki universitetdə elm, təhsil və innovasiyaların inkişafını. Yəni dayanaqlıq reytinqində yüksək pillə tutmaq hələ ölkədə inkişaf etmiş ali təhsil sisteminin olduğunu, onun rəqabət qabiliyyətliyini, beynəlxalq standartlar səviyyəsində olmasının göstəricisi deyil. Bu reytinqdə az uiversitetlər iştirak edir, fərqlənmək asandır, həm də tutduğumuz yerlər elə də yüksək deyil, sadəcə əvvəllər reytinq cədvəllərində sonlarda olardıq, indi isə bir az yuxarıdayıq. Həm də bu reytinqləmə sistemi populyar deyil, əsasən kompaniya xarakterlidir.
QS reytinqi THE reytinqinin fərqləri barədə aparılan müqayisə və təhlillər göstəriri ki, onlar fərqli metodologiyalar və kriteriyalar əsasında universitetlərin güclü və zəif tərəflərini qiymətləndirirlər. Bu iki reytinqin əsas fərqlərini aşağıda izah edək:
1. Qiymətləndirmə Kriteriyaları
QS Reytinqinin meyarları:
• Akademik reputasiya (40%). Dünyanın müxtəlif yerlərindən 130.000-dən çox akademikin rəylərinə əsaslanır.
• İşəgötürən reputasiyası (10%). Məzunların işəgötürənlər arasında nüfuzu.
• Tələbə-müəllim nisbəti (20%). Universitetdə tələbə və müəllimlər arasındakı nisbət.
• Elmi istinadlar (20%). Universitetin müəllimlərinin nəşrlərinə edilən istinadların sayı.
• Beynəlxalq müəllim (5%). Xarici müəllimlərin universitetdəki payı.
• Beynəlxalq tələbə nisbəti (5%). Xarici tələbələrin ümumi tələbə sayına nisbəti.
THE Reytinqinin meyarlarları:
• Tədris (30%). Tədris mühiti və təhsil keyfiyyəti.
• Tədqiqat (30%). Tədqiqat fəaliyyətləri, keyfiyyəti və reputasiyası.
• Elmi istinadlar (30%). Universitetin nəşrlərinə edilən istinadların təsiri.
• Beynəlxalq baxış (7.5%). Beynəlxalq tələbələr, müəllimlər və beynəlxalq əməkdaşlıq.
• Sənaye gəlirləri (2.5%). Universitetin sənaye ilə əməkdaşlıqdan əldə etdiyi gəlirlər.
Fokus Sahəsi: QS Reytinqi daha çox reputasiya göstəricilərinə (akademik və işəgötürən rəyləri) yönəlib və elmi fəaliyyətlə yanaşı, tələbə-müəllim nisbətini önəmli hesab edir, THE Reytinqi isə tədqiqat fəaliyyətinə, tədris keyfiyyətinə və sənaye əlaqələrinə daha çox diqqət ayırır.
Metodologiyanın Şəffaflığı baxımından QS Reytinqi metodologiyası daha sadə və başa düşüləndir. Əsasən reputasiya və istinadlara əsaslanır. THE Reytinqi isə daha mürəkkəb metodologiyaya malikdir, daha çox göstəricini və məlumat mənbələrini əhatə edir.
İctimaiyyətə Yönümlülük baxımından QS Reytinqi tələbələr üçün daha faydalıdır, çünki işəgötürən reputasiyasını və beynəlxalq tələbə nisbətini xüsusi olaraq vurğulayır, THE Reytinqi isə daha çox akademik icmaya və tədqiqat sahəsinə xidmət edir.
Nəticələrin Təqdimatı baxımından QS Reytinqi universitetləri daha çox tələbə baxış bucağından qiymətləndirir və onların beynəlxalq əməkdaşlıq imkanlarını vurğulayır, THE Reytinqi isə tədqiqat keyfiyyəti və tədris imkanlarını daha geniş şəkildə nümayiş etdirir.
Ümumən isə hər iki reytinq fərqli məqsədlər üçün nəzərdə tutulub. Belə ki, QS Reytinqi tələbələr və işəgötürənlər üçün daha faydalı məlumat təqdim edir, THE Reytinqi isə tədqiqat fəaliyyətləri və tədris keyfiyyəti ilə maraqlanan akademik icma üçün daha uyğun bir göstəricidir.
Son vaxtlar Türkiyə universitetləri də dünya universitetlərinin reytinq sistemini yaratmaqla məşğuldurlar. Yəqinki, 1 ilə kimi nəticələr məlum olar. Metodologiya hələ bəlli deyil, amma düşünürəm ki, digər ciddi reytinqləmə sistemlərindən çox da fərqlənməz. Çünki, qiymətləndirmə Boloniya prinsiplərinə və beynəlxalq standartlar əsasında olacaqdır.
Maraqlı olan TDT üzv ölkələrin universitetləri üçün reytinqləmə sisteminin yaradılmasıdır. Yəqin ki, yaxın gələcəkdə Türkiyə ya da Qazaxstanda bu layihə gerçəkləər. Biz öz təşəbbüsümüzlə bəzi apaşdırmalar etmişik.
TDT üzv ölkələrdə təxminən 1000-ə yaxın universitet var. Türkıyə, Qazaxstan, Özbəkstan və Azərbaycanda toplam 600-dən çox universitet var. Bu 600 unıversıtetın ümumı reytınq sıralaması aparılsa, yəqin ki, ılk 100-lükdə bızım bır unıversıtetımız olmayacaq. İlk 100-də Türkiyə və Qazaxstan universitetləri olacaqdır.
Bunun səbəbi orkestr ifaçılarının zəifliyində deyil, dirijorun zəifliyindədir. Yəni, səbəb menecerlərin bildirdiyi kimi, alim və müəllimlərin savadsızlığında deyil, təhsilin səhv və səriştəsiz idarə edilməsindədir.
Bununla belə son 25 ildə tənəzzül edən təhsilə görə heç vaxt təhsil menecerlərinin öz səhvlərinin etirafını da görmədik.
Biz əvvəlcə yaxşı olardı ki, heç olmasa 1 universitetimizin Boloniya Prosesi tələbləri səviyyəsinə yüksəltmək haqqında düşünək. Onda reytinq də təbii ki, artacaq. Məqsəd reytinq balı toplamaq yox, ümumi keyfiyyəti yüksəltmək olmalıdır. Bunun üçün isə ilk növbədə ali təhsilin normal maliyyələşməsi problemi həll edilməlidir.
Elm və Təhsil Nazirliyi (ETN) rəsmisi bildirir ki, biz ali təhsil məktəblərinə (ATM) beynəlxalq reytinq göstəricilərinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq metodoloji dəstək göstəririk.
Universitetlərin inkişafı metodoloji seminarlarla mümkün deyil. Universitetlərdə savadlı alimlər az deyil, onlar özləri də bu materialları İnternetdən tapıb öyrənə bilərlər, universitetlərdə seminarlar təşkil edə bilər. Şəxsən mən universitetlərin reytinqlərinə dair 2008-ci ildən etibarən 50-dan çox məqalə yazmış, müsahibələr vermişəm.
Universitetlərə inkişaf üçün ilk növbədə investisiya, maliyyə dəstəyi lazımdır. Hansı ki, bu 30 ildə heç vaxt heç bir investisiya olmayıb. Geriliyimizin əsas səbəbi də budur. Biz bu amii 20 ildir xüsusi qeyd edirik. Amma ATM də 20 ildir cüzi maliyyə ilə "inkişaf" edirlər.
ETN son 10 ildə təhsilin inkişafına faydası olmayan layihələrə yetirdiyi diqqəti və ayırdığı maliyyəni universitetlərə yönəltsəydi, bəlkə reytinqlərdə az da olsa inkişaf olardı. ETN özü ATM heç bir maliyyə dəstəyi vermədiyi bir yana, hələ üstəlik universitetlərdən hər il "vergi" yığır. Universitetlər investor sorağında olduğu halda, özləri investor olmağa məcbur olurlar.
Bu təqdim etdiyimiz məqalədə elm və təhsilin investisiya istiqamətləri icmal olaraq verilib. Bu istiqamətlər üzrə bizdə heç bir investisiya olmayıb, iş görülməyib, çünki, pul ayrılmayıb bu işlərə, ATM-nin büdcəsi isə maaşlara güclə çatıb.
Bəzən nazir sual edərək deyir ki, "necə edək ki, təhsildə reytinqimiz yüksəlsin?", "biz nə etmək lazım olduğunu bilirik, necə etmək lazım olduğunu bilmirik" v.s. Bu suallara cavabı əvvəlki çoxsaylı məqalələrdə yazmışıq.
-Heç olmasa Qazaxstan universitetləri səviyyəsində bizim ATM-ni 10 il ardıcıl və şəffaf maliyyələşdirin, onların hər birinə ildə 10-15 normal qrant verin, onda görəcəksiniz ki, problemlər həll tədricən edilir (Qazaxstanda elə universitet var ki, bir ildə 265 qrant alıb). Bunun alternativi yoxdur. Nümunə üçün deyim ki, orta səviyyəli qazax universiteti olan Nazarbayev Universitetinin illik büdcəsi 120 milyon dollardır (200 milyon manat). Bizim universitetlər indiki zəif maliyyələşmə və solğun strategiya ilə heç 50 ilə də Qazaxstan universitetlərinə çata bilməzlər.
Nazirlik 30 il ərzində universitetləri diqqətdən və qayğıdan kənar saxlayaraq, az büdcə ilə onların inkişaf edəcəyini güman edib. Bu səhv təhsil siyasəti hələ də davam edir, düzəlməsi də asan məsələ deyil. Çünki, nəyin düz, nəyin səhv olmasını da hələ bilmirlər.